Bakıda «Real Madrid»in futbol məktəbi yaradılır
Bakıda «Real Madrid»in futbol məktəbi yaradılır. Bu, Gənclər və İdman Nazirliyinin İspaniyanın «Real Madrid» Fondu ilə birgə həyata keçirdiyi sosial layihədir.
Nazirliyin mətbuat xidməti bildirir ki, iyunun 20-də Gənclər və İdman Nazirliyinin «Real Madrid» Fondu («Fundación Real Madrid») ilə birgə həyata keçirdiyi «Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası» adlı sosial layihənin təqdimat mərasimidir. Layihədə məqsəd «Real Madrid» Fondunun sosial idman modeli əsasında Bakı şəhərində ilk sosial futbol məktəbinin yaradılmasıdır.
Layihə 4 illik dövrü əhatə edir və ilk fəaliyyət ilində sosial futbol məktəbinin Bakı şəhəri «Vətən» Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulur.
Təqdimat mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, «Real Madrid» Fondunun məşqçi mütəxəssisi Victor De Arce, layihənin əsas tərəfdaşları olan Təhsil Nazirliyi, Azərbaycan Prezidentinin yanında Gənclər Fondu, «Azəridmanservis» MMC, «Standard Insurance» və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının səlahiyyətliləri ilə birgə hökumət və qeyri-hökumət təşkilatlarının rəsmi nümayəndələri, həmçinin media mənsublarının iştirakı gözlənilir.