Muəllif:

Bakıda Rasim Ocaqovun barelyefinin açılışı olub

Bu gün Bakıda Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Qeyd edək ki, bu gün — noyabrın 22-si Ocaqovun ad günüdür.
Trend-in məlumatına görə, barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ocaqovun Azərbaycan kinematoqrafiyasına əvəzsiz töhfə verdiyini vurğulayıb.
Qeyd edilib ki, Ocaqovun filmləri milli kinematoqrafiya xəzinəsinə daxil olub.
Azərbaycanın Xalq artisti Eldar Quliyev bildirib ki, Ocaqovun filmləri həmişə yaşayacaq: «Biz artıq olmayacağıq, lakin onun işləri həmişə yaşayacaq və onun filmlərinə baxarkən hamı biləcək ki, Azərbaycanda, bu torpaqda belə görkəmli şəxsiyyət — Rasim Ocaqov yaşayıb».
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, «bu gün Azərbaycan kinematoqrafiyası tarixində çox önəmli gündür: «Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun yubileyidir. Mən onun yaxınlarına və dostlarına müraciət etmək istəyirəm: bu gün əhvalınızı pozmayın, çünki bu gün kino bayramıdır və biz görkəmli kinorejissorun xatirə lövhəsinin açılışında iştirak edirik. Rasim Ocaqovun yaşadığı evin yanından keçən hər bir insan onun barelyefini görəcək və dərhal rejissorun yaradıcılığını, gözəl filmlərini xatırlayacaq».
Kinorejissorun ailəsi adından çıxış edən Altay Həsənov dövlətin R.Ocaqovun yaradıcılığı və irsinə göstərdiyə diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
A.Həsənov, həmçinin mərasimin bütün iştirakçılarına minnətdarlığını bildirib.
Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub.
1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 1965-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirib.
«Ad günü» filminə görə Azərbaycan Dövlət mükafatına, «İstintaq» filminə görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.
R.Ocaqov «Onun böyük ürəyi», «Əsl dost», «Bizim küçəmiz», «Mən rəqs edəcəyəm», «Sən niyə susursan?», «Bir cənub şəhərində» və digər filmlərdə operator kimi çalışıb.
R.Ocaqovun rejissor kimi çəkdiyi ilk film «Gəncəbasardan olan qisasçı» olub.
R.Ocaqov milli kino salnaməsində unudulmaz izlər buraxan filmlərin rejissorudur. Həmin filmlər arasında «Tütək səsi», «Ad günü», «İstintaq», «Bağlı qapı arxasında», «Park», «Başqa həyat», «Hava məbədi», «Təhminə», «Otel otağı» və digərləri var.
R.Ocaqov 2006-cı il iyulun 11-də dünyasını dəyişib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179