Bakıda Lommel-Bergeyk Ticarət Evi açıldı
Bu gün Bakıda Avropanın səfalı, turizm, mədəni və iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən iki şəhərinin Lommel (Belçika) və Bergeyk (Niderland) şəhərlərinin Ticarət Evinın rəsmi açılış mərasimi keçirilib.
Mərasim hər iki şəhər merinin — Piter Vanvelthoven və Driek van de Vodevoortun (Niderland Kraliçası Beatriksin sözcüsü) Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilib. Açılışda tanınmış mədəniyyət və ictimai xadimlər, o cümlədən bir sıra dövlət müəssisələrinin əməkdaşladı iştirak ediblər. Ticarət Evinin rəhbəri isə «Bresser Eurasia» şirkətinin sədri Leon Sveyxers təyin olunub.
«Ticarət Evini açmaqla bizim məqsədimiz ölkələr arasında daha sıx mədəni və iqtisadi əlaqələri inkişaf etdirmək, faydalı tərəfdaşlıq əlaqələri qurmaq, Belçika və Niderlanddan Azərbaycana turist cəlb etməkdir», – deyə L.Sveyxers bildirib.
Niderlandın Azərbaycan səfiri Aryen Uiyterlinde və Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə də çıxış edərək Ticarət Evinin işinə müvəffəqiyyətlər arzulayıblar.
Lommel Belçikanın inkişaf etmiş şəhərlərindən biridir və daha çox energetika şəhəri kimi tanınır. Burada küləkdən, günəşdən və sudan enerji əldə olunur. Şəhər qədim tarixə malikdir. Qumdan şüşə hazırlanması texnologiyası da tarixən Lommelin adı ilə bağlıdır.
Niderlandın Bergeyk şəhəri isə texnologiya sahəsi üzrə dünyada öncül şəhərlərdən biridir. Dünyaca məşhur olan «Phillips» şirkətinin baş ofisi də bu şəhərdə yerləşir. Bu şəhərdəki istehsal müəssisələri dünyanın 90%-ni çiplərlə təmin edir.
Şəhərin mədəniyyət və incəsənət sahəsində müəyyən uğurları var. Belə ki, Bergeykdəki muzeylərin özəlliyi onların informasiya mərkəzinin də olması ilə bağlıdır. Şəhərdə fəaliyyət göstərən bir çox şirkət muzeylərin inkişafına öz dəstəyini göstərir.