Bakıda İdman Dırmanması üzrə Dünya kuboku yarışı keçiriləcək
Bakıda 22-23 iyunda Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya kuboku yarışı keçiriləcək. Yarış açıq havada Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında olacaq? deyə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən AYNAya bildirilmişdir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçiriləcək yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edəcək.
Dünya kubokunu izləmək üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Prezidenti Marco Scolaris və onu müşayiət edən nümayəndə heyəti 20 iyun 2013-cü il tarixində Azərbaycana gəlir.
Qeyd edək ki, Dünya Kuboku yarışının yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında insanların sərbəst tamaşa edə bilməsi şəraitində keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsinə və gələcəkdə bu idman növünün Azərbaycan gəncləri arasında daha da populyarlaşmasına şərait yaradacaq. 2 gün davam edəcək bu beynəlxalq yarışı hər kəs izləyə biləcək.
Xatırladaq ki, Beynəlxalq İdman Dırmanması Federasiyasının İdarə Heyətinin yığıncaqlarında sözügedən təşkilatın ayrı-ayrı vaxtlarda ölkəmizdə səfərdə olmuş nümayəndələri Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəaliyyətini təqdirəlayiq hesab etmiş və Azərbaycanda bu idman növlərinin son illərdə nəzərəçarpacaq dərəcədə inkişafda olduğunu, xüsusilə də ölkəmizin yüksək idman şöhrətini nəzərə alaraq 2013-cü ildə idman dırmanması üzrə Dünya Kubokunun mərhələ yarışlarının birinin Bakıda keçirilməsinə qərar vermişdir.