Muəllif:

Bakıda hərbçilər arasında I Dünya Futbol kubokuna start verildi

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında 1-ci Dünya Futbol kubokunun təntənəli açılış törəni olub. Dalğa-Arena stadionundakı törəndə 16 dövlətin futbol komandaları yer alırdı. Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum bildirib ki, Afrika, Amerika, Asiya və Avropa ölkələrini bir araya gətirən hərbçilər arasında 1-ci Dünya Futbol kuboku Prezident İlham Əliyevin şəxsi müdaxiləsi və dəstəyi sayəsində Beynəlxalq Hərbi İdman Şurası üçün xüsusi bir tədbirə çevrilib:
«Bu baxımdan cənab İlham Əliyevə BHİŞ ailəsi adından dərin minnətdarlığımı birdirmək istərdim. Əzmlə inanıram ki, bu yarışı əvvəlki tədbirlərdən əldə etdiyimiz təcrübə sayəsində böyük müvəffəqiyyətlə həyata keçirəcək və Azərbaycan xalqının dinamizmini nümayiş etdirəcəyik».
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, futbol dünyada populyar idman növlərindən biridir. Azərbaycanda da bu idman növünün öz tarixi var və qarşıda duran vəzifələrdən biri də bu idman növünü inkişaf etdirməkdir. Bununla bağlı dövlət proqramının qəbul edildiyini deyən nazir qeyd edib ki, çox sevindirici haldır ki, hərbçilər arasında da bu idman növünə böyük maraq var:
«BHİŞ digər idman növləri üzrə Azərbaycanda yarışların keçirilməsinə qərar verib və hər dəfə razılığını bildirib. Bu yarışlar respublikada idmanın inkişafında əvəzsiz rol oynayıb. Bu gün start götürəcək bu yarış da Azərbaycanda futbolun təbliğinə imkan verəcək. Əminəm ki, bu tədbir ölkəmizin idman tarixində özünəməxsus yer tutacaq».
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev isə hərbçilərin 1-ci Dünya Futbol kubokunun bütün iştirakçılarını Prezident və Ali Baş Komandan İlham Əliyevin adından salamlayaraq onlara uğurlar arzulayıb.
Nazir qeyd edib ki, o, Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə belə bir mötəbər yarışın Bakıda keçirilməsini idmançılarımızın, o cümlədən hərbçilərimizin dünya idman aləmində tutduğu yerə verilən qiymət kimi dəyərləndirir və bu mötəbər yarışı Azərbaycanın idman həyatında mühüm hadisə hesab edir.
Daha sonra nazir hərbçilər arasında 1-ci Dünya Futbol kubokunu açıq elan edib:
«İndi qarşımızda duran əsas vəzifə Dünya kubokunun yüksək səviyyədə keçirilməsini təmin etməkdir. İnanıram ki, Bakıda hərbçilərin futbol üzrə dünya çempionatı yüksək idman mübarizəsi şəraitində keçiriləcək, idmançılar öz maraqlı oyunları ilə uzun müddət futbolsevərlərin yaddaşında həkk olunacaq və ən layiqli komandalar qaliblər sırasında olacaq».
Rəsmi açılış mərasimi 16 dövlətin milli komandalarının keçidi və bədii proqramla sona yetib.
Qeyd edək ki, çempionatın ilk oyunu «A» qrupunda yer almış çempionatın ev sahibi Azərbaycanla Mali komandaları arasında keçiriləcək.
Ümumilikdə çempionatda 16 komanda 4 qrupda mübarizə aparacaq.

«A» qrupu:

1. Azərbaycan
2. İraq
3. Mali
4. Kanada

«B» qrupu:

1. Əlcəzair
2. Fransa
3. Bəhreyn
4. Keniya

«C» qrupu:
1. Oman
2. Kot d`İvuar
3. Almaniya
4. ABŞ

«D» qrupu:

1. Braziliya
2. Niderland
3. Qətər
4. Kamerun
Çempionatın bağlanış mərasimi iyulun 14-də «Dalğa-Arena» stadionunda baş tutacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 208