Muəllif:

Bakıda evlərin qiyməti bahalaşıb

Son 1 ayda Bakıda daşınmaz əmlak bazarında mənzilin bir kv.m-nin orta qiyməti 1508 dollar olub. Son 1 ay ərzində qiymətlərin artmasını maklerlər və ev almaq istəyən alıcılar da bildirirlər. Maklerlərlər deyirlər ki, xeyli adam ev almaq üçün onlara müraciət etsə də, alqı-satqı baş tutmur. Çünki əvvəlki aylara nisbətdə qiymət artımı gözəçarpan dərəcədədir.
Onu da qeyd edək ki, xarici ölkələrin, o cümlədən Avropanın bir çox paytaxt şəhərlərinə nəzər yetirsək, qiymətlər 2012-ci ildə artıb. Yəni bu, təkcə Azərbaycanda müşahidə edilən bir hal deyil.
“MBA Group” konsaltinq şirkətinin müşahidələri də bunu təsdiqləyir. Şirkətin araşdırmalarına əsasən, 2011-ci illə 2012-ci ili müqayisə etdikdə evlərin qiymətində artım daha çox nəzərə çarpır. Belə ki, 2012-ci ildə 2011-ci ilə nisbətən artım 8,1 faiz olub.
«MBA Group» konsaltinq şirkətinin direktoru, əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimovun
sözlərinə görə, qiymət artımı təbii haldır:

«Bazarın ənənəsi belədir ki, bir müddət qiymətlər enir və sabit qalır, amma sonra qiymətlər artıma meyilli olur. Müşahidələr göstərir ki, təxminən 8-12 il ərzində qiymətlər artır, sonra qiymətlər 1-2 il ərzində sabitləşir. Sonra təzədən 3-5 il düşür, təzədən qiymətlər 1-2 il sabitləşir, sonra yenə də 8-12 il ərzində qiymətlər qalxır. Biz 2007-2010-cu illəri enmə zamanı kimi qeyd edə bilərik. 2011-ci ildən isə mənzil bazarında sabitləşmə və qismən artma qeydə alınıb. Bu, hazırda mənzil bazarında artımın müşahidə olunmasının birinci amilidir».

İkinci amilə gəlincə, N.İbrahimov bildirdi ki, pul kütləsinin artması, xüsusən də daşınmaz əmlak bazarında pul kütləsinin təzyiqi qiymətlərin artımına səbəb olur. Sözsüz ki, insanların gəlirlərinin artması nəticəsində onlarda öz mənzil şəraitlərini daha da yaxşılaşdırma meyilləri artır. Beləliklə də mənzilə artan tələb son nəticədə qiymətlərin artımına gətirib çıxarır. Bununla yanaşı paytaxtın bəzi yerlərində uçurulma və köçürülmə hallarının çoxalması da qiymət artımına, qismən də olsa, təsir göstərir.

«Bütün bunlar və üstəgəl inflyasiya həddi də mənzil bazarında təsirsiz ötüşmür. Təbii ki, ölkələrdə inflyasiya getdikcə qiymətlər də artır». N.İbrahimov paytaxtın bir sıra hissələrində aparılan söküntü işlərinin mənzil bazarındakı qiymətlərə az təsir etdiyi fikrindədir:

«Amma təbii ki, söküntü olanda köhnə mülkiyyətin əvəzində pul verirlər və bu pul da bazara gəlir və bazarda pul kütləsini artırır və qiymət artımına təsir göstərir. Bu gün Avropa ölkələrində böhranlı vəziyyətdir, amma qiymət artır, niyə artır, çünki bu, bir ənənədir, yuxarıda qeyd etdiyim kimi, zamanı gələndə qiymət qalxır».
Müsahibimiz bu il ərzində artımın nə qədər olacağından da danışdı. Onun proqnozuna görə, artım təxminən 5-6 faiz civarında gözlənilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 2025