Bakıda avtobus dayanacaqlarının zəbt edilməsinə qarşı mübarizə
Bakıda avtobus dayanacaqlarının zəbt edilməsinə qarşımübarizənin daha da gücləndiriləcəyi vəd edilir. Şəhərin Dövlət Yol Polisi İdarəsi İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov mətbuata bildirir ki, İdarənin bölmə və şöbələrinin əməkdaşlarından ibarət yaradılmış xüsusi İşçi qrup tərəfindən son bir həftə ərzində keçirilən reydlər zamanı avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən qeyri-qanuni zəbt edilməsi üzə çıxarılıb. Sərnişindaşıma ilə məşğul olan sürücülər arasında nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə keçirilən reydlər zamanı avtobus dayanaqlarını qeyri-qanuni zəbt etdiklərinə görə 86 sürücü barəsində protokol tərtib edilərək onlar inzibati məsuliyyətə cəlb olunublar:
«Maraqlıdır ki, onlardan 6 sürücü həftə ərzində təkrarən, yəni ikinci dəfə inzibati məsuliyyətə cəlb edilib. Bu isə həmin sürücülərin qadağa və cərimələrə məhəl qoymaması və bunlardan nəticə çıxarmaq istəməməsinin göstəricisidir. Avtobus dayanaqcaqlarının zəbt edilməsi hərəkətin iflic olmasına gətirib çıxarır. Belə ki, dayanacaq zəbt olunduğundan avtobuslar yolun ikinci cərgəsində dayanmalı olurlar ki, bu da digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır və süni tıxacların yaranmasına səbəb olur.»
Bundan əlavə, avtobus dayanacaqlarında digər mülki vətəndaşlar tərəfindən də avtomobillərin saxlanması aşkar edilib. Bununla bağlı 42 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 16 halda nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan dayanacaqlara evakuasiya olunub.

