Muəllif:

Bakı Vaşinqtonla yaxın olmaq istəyirmi?

Bu həftə Bakıya səfər edən ABŞ dövlət katibinin müşaviri Tomas Melia «Turan» agentliyinə verdiyi müsahibədə «biz neft naminə demokratiyanı qurban vermirik» açıqlamasını səsləndirdi. Bu tip açıqlamaları illərdir eşidirik, dəyişən bir şey varmı? Əlbəttə, ABŞ-ın Azərbaycana marağı artır. Elə Melianın son 8 ayda Azərbaycana etdiyi 3 səfər də bundan xəbər verir. Ancaq bu səfərlərin Azərbaycan hakimiyyətinin daxili siyasətdə hansısa korrektələrə gətirib çıxardığını söyləmək də çətindir. Əksinə, Melianın hər səfərindən sonra qadağalar və həbslər artır. Bunu Melia da inkar etmir.
Son aylarda Azərbaycanda ABŞ-ın da maraqlarına təsir edən addımlara diqqət yetirək.
Hakimiyyət ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyətini məhdudlaşdırmağa hazırlaşır. İnstitutun təmsilçisi isə Azərbaycandakı fəaliyyətini davam etdirmək üçün Bakıdan viza ala bilmir. Milli Demokratiya İnstitutu ABŞ-da hakimiyyətdə olan Demokratlar Partiyasına yaxın qurumdur. Demək, bu institutun fəaliyyətini məhdudlaşdırmaq, faktiki, Vaşinqtona meydan sulamaqdır. Halbuki institutun yenidən qeydiyyata alınmasını vaxtilə keçmiş dövlət katibi Madlen Olbrayt Bakıya səfəri zamanı şəxsən prezident İlham Əliyevdən xahiş etmişdi. Qeydiyyata aldılar, ancaq Bakı indi peşmandır və qeydiyyatı yenidən ləğv etməyə hazırlaşır.
Azad Fikir Universitetinin (AFU) qapadılması da ABŞ-da narazılıqla qarşılanıb. Çünki bu universitetin fəaliyyəti də ABŞ-dakı qurumlar tərəfindən maliyyələşdirilirdi və Melianın özü də vaxtilə Universitetə təşrif buyuraraq gənclərlə görüşmüşdü. AFU gənclərin fikir mübadiləsi aparması, insan haqları, demokratiya və digər bu kimi mövzularda daha təcrübəli mütəxəssislərin məruzlərini dinləmək üçün münbit məkan idi.
Həm MDİ-nin fəaliyyətinin məhdudlaşdırılması, həm də AFU-nun qapanması rəsmi Bakının Vaşinqtona açıq mesajıdır: Daxili işlərimə qarışma!
Top ABŞ-ın meydanındadır. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Bakıya son səfəri zamanı belə bir ifadə işlətmişdi: «Demokratiya və insan haqlarına hörmət ABŞ-la dostluq üçün başlıca şərtdir». Başqa sözlə, Klinton Azərbaycan hakimiyyətinə demək istəyib ki, bizə yaxın olmaq üçün demokratiya və insan haqlarına riayət etməlisiniz. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti ABŞ-a indikindən də çox yaxın olmaq istəyirmi?
Tomas Melia müsahibəsində ABŞ-ın Azərbaycanla əməkdaşlığında təhlükəsizlik və enerji sahələrini demokratiya və insan haqları ilə eyni tutduğuna inandırmağa çalışıb. Halbuki buna qədər istənilən amerikalı rəsmi şəxs və diplomat münasibətlərdəki ardıcıllığı belə sıralayırdı:
a) Təhlükəsizlik;
b) Enerji;
c) Demokratiya və insan haqları.
Birinci iki istiqamətdə iki dövlət arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra Azərbaycan birmənalı olaraq ABŞ-ın terrora qarşı mübarizəsini dəstəklədi. Azərbaycan Vaşinqtonun istəyi əsasında İraq və Əfqanıstana sülhməramlı qoşunlarını göndərdi. Digər tərəfdən Əfqanıstana daşınan yüklərin əksəriyyəti Azərbaycanın hava sahəsi üzərindən həyata keçirilir. ABŞ İran və Əfqanıstan üzərindən Azərbaycana və daha sonra Avropaya narkotik qaçaqmalçılığını azaltmaq üçün Azərbaycanın sərhəd qoşunlarına lazın olan avadanlıqlar da verir. Bu avadanlıqlardan həm quru, həm də dəniz sərhədinin qorunmasında istifadə edilir.
Enerji əməkdaşlığında da bir problem yoxdur. Vaşinqton Rusiyanın Avropa bazarındakı neft və qaz inhisarının azalmasını istəyir. Buna yardım edə biləcək başlıca dövlətlərdən biri isə Azərbaycandır. Azərbaycan həm özünün, həm də Mərkəzi Asiyanın neft və qazının bir hissəsini Rusiyadan yan keçməklə dünya bazarına çatdırır. Bu da Avropa ölkələrinin qismən də olsa Rusiyadan enerji asılılığını azaldır. Növbədə Azərbaycan və Türkiyənin iştirakı ilə daha iki böyük layihə var — NABUCCO və Transanadolu.
ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıqda ən problemli sahə insan haqları və demokratiyadır. Azərbaycan hakimiyyəti ABŞ-la təhlükəsizlik və enerji sahəsində sıx əməkdaşlıq edərkən, Vaşinqtonun Azərbaycanın daxili işlərinə qarışmasını istəmir. Ancaq ərəb ölkələrində baş qaldıran inqilabi hadisələr avtoritar rejimlərin uzunömürlü olmadıqlarını da ortaya qoydu. Buna görə də Vaşinqton Azərbaycan hakimiyyəti ilə təhlükəsizlik və enerji sahəsində nə qədər sıx əməkdaşlıq etsə də, zaman-zaman siyasi və iqtisadi islahatların da dərinləşdirilməsi istəyini dilə gətirir. Ancaq hələ ki Azərbaycan hakimiyyəti bu mesajları qulaqardına vurur. Azərbaycanda siyasi baxışlarına görə həbslər də davam edir, demokratik seçki, insan haqlarının qorunması sahəsində də yenilik yoxdur. Əksinə, AFU qapanır, MDİ-nin fəaliyyəti məhdudlaşdırılır, bundan öncə isə Konqresin maliyyələşdirdiyi «Azadlıq» radiosu FM dalğasından məhrum edilmişdi…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 222