Bakı-Tbilisi-Kars dəmir yolunda yeni yarımstansiya işə salınır
Bu gün Gürcüstanda Bakı-Tbilisi-Kars dəmir yolunun Doqquzqardaş stansiyasında yeni dartı yarımstansiyası sınaqdan keçiriləcək. Bu işləri Bakı-Tbilisi-Kars dəmir yolunun inşa layihəsi çərçivəsində subpodratçı qismində çıxış edən ATEF Şirkətlər Qrupu (Azərbaycan) həyata keçirir. Bunu «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Bu dartı yarımstansiyası Gürcüstan tərəfində Marabda-Karstaxi məntəqəsində dəmir yolunun tikintisində layihənin ilkin mərhələsini elektrik enerjisi ilə təchiz edəcək.
Layihə çərçivəsində yarımstansiyada yenidənqurma işləri aparılıb, yeni transformatorlar və müasir tipli avadanlıqlar quraşdırılıb. Dəmir yolunun bu məntəqəsinin yenidən qurulmasından sonra onun sınaqları keçiriləcək.