Bakı- Kars yolunda ilk pilot qatar 2014-ün sonunda səfərə çıxacaq
Bakı-Tbilisi-Kars marşrutu üzrə dəmiryol əlaqəsinin açılması çərçivəsində ilk pilot qatar 2014-cü ilin sonunda səfərə çıxacaq. Nəqliyyat naziri Ziya Məmmədov bu xəbəri bu gün İstanbulda III Xəzər Forumu çərçivəsində panel müzakirələrində açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın məntiqi yekunu olan layihənin həyata keçirilməsi dinamik olaraq davam edir: «Marmaray» layihəsinə start verildikdən sonra BTQ-nin işə salınması Avropa və Asiya arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasını təmin edəcək».
Məmmədov eyni zamanda, qeyd edib ki, Azərbaycanda Ələtdə yeni beynəlxalq dəniz ticarət limanının tikintisi aparılır: «Limanın ərazisində iri logistik mərkəzin yaradılması planlaşdırılır».
Nazir bildirib ki, I mərhələnin yekunlaşdırılmasından sonra daşıma imkanları ildə 10 milyon ton yük və 50 min ton iri həcmli konteyner təşkil edəcək: «Sonrakı mərhələlərdə imkanlar 25 milyon ton quru yükə və 1 milyon ton konteynerə çatacaq».