Muəllif:

Bakı İH binasını yandırmaq istəyənlər danışmamaga üstünlük verirlər

Bakı şəhər İH binasını yandırmağa hazırlıq planı quran Bəxtiyar Qurbanov və Röyal Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işi Səbail rayon Məhkəməsində araşdırılır.
Prosesdə Bəxtiyar Qurbanov və Röyal Əsgərov ifadə verməkdən imtina ediblər. Röyal Əsgərov məhkəmə zamanı ifadə verməkdən imtina etməsini belə əsaslandırıb: “Bilirik ki, bəzi şahidlər gəlib burda üzə dururlar, yalandan ifadə verirlər. İşə dəxli olmayan lazımsız insanları istintaqa cəld edib, ifadə alırlar. Onların sözləri də böhtan xarakterlidir. Biz hər ikimiz qərar almışıq ki, bütün şahidlər ifadə verdikdən sonra biz də məhkəmə istintaqına ifadə verəcəyik”.
Daha sonra zərər çəkmiş qismində Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi Arif İsmayılov ifadə verib: “Mən bu 2 nəfərin etmək istədiklərini hamı kimi telekanallardan eşitdim. Hadisə ilə əlaqədar bizə ziyan dəyməyib. Mənim hər iki şəxsə qarşı heç bir iddiam yoxdur”.
Sonra şahid qismində ifadə verən Samir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərin hər birini tanıyır: “Hər ikisi əxlaqlı, tərbiyəli imanlı insanlardı. Məni bu işlə əlaqədar olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırıb izahat aldılar. Açığı başa düşmədim niyə məni izahat üçün çağırdılar. Yəqin ola bilər mən SOCAR-da mühəndis işləyirəm, Bəxtiyar da orada mühafizədə işləyirdi, ona görə çağırıblar. Amma diqqətinizə çatdırmaq istəyirəm ki, mən Bəxtiyar və Röyalı metroda gördüm. Dəqiq bilmirəm, Nizami və ya İçərişəhər metrostansiyasında onlarla qarşılaşdım. Dedilər şəhərə gəzməyə çıxmışıq. Bu işlə bağlı isə mənə məlum olan bir şey və məlumat yoxdur”.
Daha sonra şahid Elçin Babayev ifadə verib: “Mən Bəxtiyar və Röyalı çoxdan tanıyıram. Hər ikisi ilə gözəl münasibətim olub. Bəxtiyar mənə axırıncı dəfə xeyir işi ilə bağlı borc pul almaq üçün müraciət etdi. Təxminən 1000 manat pul istədi, mən isə 900 manat miqdarında pulu borc olaraq ona verdim”.
Hakim şahid Elçin Babayevdən verdiyi borc pulun geri istəyib istəmidiyini soruşdu. Şahid hakimin sualını belə cavablandırıb: “Xeyr istəmirəm. Qardaşlarım içəridədi, dar günlərində kömək edə bilirəmsə, xoş halıma”.
Nəsimi rayon polis idarəsinin əməkdaşı, polis leytenantı Rauf İsmayılov ifadə verib. O qeyd edib ki, həmin gecə ərazidə reyd keçiririblər: “2 nəfər naməlum şəxsin özünü şübhəli apardığını gördük. Yaxınlaşdıqda soruşduq ki orada nə edirlər. Bir-birinə uyğun olmayan sözlər dedilər. Sonra biz onları polis bölməsinə dəvət etdikdə əllərindəki zənbili qoyub qaçdılar. Biz onların hər ikisin ayrı-ayrı küçələrdə tuta bildik. Bölməyə gətirdik. Orada dedilər ki, Bakı Şəhər İcra Hakimiyyəti məscidləri tikməkdənsə sökür və yeni məscidlərin tikilməsinə icazə vermirlər, bizdə bu işi törətmək istəyirdik”.
Daha sonra prosesdə digər polis işçisi Zaur Həmidov da həmkarının ifadəsinə uyğun danışıb. Məhkəmə iclası sentyabrın 26-da digər şahidlərin ifadəsi ilə davam etdirilib.
Ittihama görə, bu ilin aprelin 2-də, saat 05:35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.
İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160