Bakı Caz Mərkəzində beş dildə kompozisiyalar səslənəcək
Dekabrın 1-də Bakı Caz Mərkəzində “Bakı payızı-2002” festivalının qalibi, “Sing your Song-2003” musiqi müsabiqəsinin laureatı və “Evrovision-2012” milli seçimlərinin iştirakçısı Ülkər Quliyevanın ilk solo-konserti keçiriləcək.
APA-nın məlumatına görə, xalq şairi Bəxtiyar Vahabzadənin misrası ilə «Gözüm gözünə baxır» adlandırılan konsertdə müğənni caz, blüz, pop musiqi janrlarında Azərbaycan, rus, türk, fransız və ingilis dillərində müxtəlif kompozisiyalar ifa edəcək.
Qeyd edək ki, Ülkər Quliyeva musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi məktəbində fortepiano sinfi üzrə alıb. Daha sonra o, Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirib. Amma o vaxtdan fasiləsiz musiqi ilə məşğul olub, müxtəlif musiqi janrlarını və onların ifa texnikasını mənimsəyib. Bir neçə il ərzində Ülkər Quliyeva musiqi sahəsində uğurlar əldə edib, öz auditoriyasını qazanıb. Bazar günü isə o, Bakı Caz Mərkəzində musiqisevərlərlə rəngarəng repertuarını bölüşməyə hazırlaşır. Konsert saat 20:00-da başlayacaq.