Muəllif:

Bakı Ali Neft Məktəbi yeni metod tətbiq edir

Bakı Ali Neft Məktəbində «Neft-qaz» və «Kimya» mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr tərəfindən nəzəri biliklərin möhkəmləndirilməsi üçün məqsədyönlü və məzmunlu istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanılmışdır. İlk mərhələdə 1-ci kurs tələbələri üçün peşə təlimi təcrübəsi təşkil olunacaqdır. Bu məqsədlə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ARDNŞ Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov «Əməkdaşlıq» haqqında müqavilə imzalamışlar.
Müqavilənin şərtlərinə əsasən, hər il 1-ci kurs tələbələri sözügedən idarənin Bakıdakı Kadrlar Hazırlığının Təşkili Mərkəzinin və Sumqayıtdakı Təlim, Tədris Mərkəzinin emalatxanalarında, laboratoriyalarında və sexlərində neft-qaz çıxarma, neft-qaz emalı sahələrinə aid müxtəlif peşələri öyrənməyə başlayacaqlar. Əsas diqqət qazma avadanlıqlarına xidmət, elektrik avadanlıqlarının təmiri və xidməti, müxtəlif tipli dəzgahlarda iş, qaynaq əməliyyatları, materialların texniki və fiziki sınaqları, maddələrin kimyəvi analizləri, nəzarət ölçmə cihazlarının və avtomatika vasitələrinin işi, texnoloji qurğuların kompressorlarına xidmət, texnoloji qurğuların təmiri çilingərinin işi və s. peşə təlimi məsələlərinə yönəldiləcəkdir.
Peşə təlimi təcrübəsi tələbələr üçün istehsalatda əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatların verilməsindən başlayacaqdır. Təcrübə zamanı müxtəlif peşənin özəlliklərini lazımi səviyyədə mənimsəyən tələbələrə idarənin sertifikatı veriləcək və onlar yay təcrübəsi zamanı 1 ay müddətində müxtəlif peşələr üzrə əmək haqqı ödənilən işlə təmin olunacaqlar. Bu, onların peşə təhsilini, və biliklərini, daha da artırılmasına və təcrübənin mükəmməlləşdirilməsinə xidmət edəcəkdir.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirmişdir ki, ARDNŞ Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi müxtəlif sahələrdə fəaliyyət göstərən işçilərə peşələrin özəlliklərini öyrətmək məqsədi ilə təlimlər keçir. İdarə fəaliyyətinə görə Beynəlxalq Standartlaşdırma Təşkilatının İSO-9001, İSO-14001, İSO-17024, İSO-170025 və Ts-18001 sertifikatına layiq görülmüşdür. Tələbələrin İdarənin struktur qurumlarında peşə təlimi keçməsi gələcək mühəndisləri müxtəlif peşələrin özəlliklərini mənimsəməyə və onların istehsalat təşkilatçıları kimi fəaliyyətinə zəmin yaradacaqdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 456