Bakı Ağ Şəhər: Port rayonunun Baş Planı hazırdır
«Bakı Ağ Şəhər» layihəsi çərçivəsində layihələşdirmə işləri davam edir.
Son olaraq bu layihə üzrə Port rayonunun Baş Plan Konsepsiyasının işlənilməsinin başa çatdığı bildirilir. Trend-in məlumatına görə, konsepsiya Bakı Şəhər İH 07.09.2011-ci il tarixli, 415 saylı sərəncamına əsasən işlənilib. Ümumi sahəsi 74 ha olan Port rayonu Y.Səfərov, X.Rüstəmov küçələri və Nobel prospektinin əhatə etdiyi ərazidə və Bakı buxtasına bitişik sahələrdə yerləşir. Memarlıq həllinə görə,»Bakı Ağ Şəhər» ərazisinin qərb hissəsindəki rayon Bakının mərkəzi ilə birləşərək və Bakı bulvarını davam etdirərək gələcəkdə şəhər sakinləri üçün rahat və sakit şəhər mühiti yaradacaq.
Layihəyə əsasən, Port rayonu yeni bulvar xətti boyunca amfiteatr şəklində yerləşmiş müxtəlif mərtəbəli binalardan ibarətdir. Yeni bulvara ən yaxın olan binaların mərtəbələrinin sayının 3-dən 24-ə qədər olması planlaşdırılır, onlardan sonra yerləşən və 32-dən 45-ə kimi mərtəbəsi olan hündür binalar isə rayonun siluetini vizual olaraq tamamlayacaq. Binaların bu cür quruluşu dəniz sahilinin, o cümlədən Bayraq Meydanının panoramına həyəcanlandırıcı görüntü verəcək.
Müfəssəl düşünülmüş infrastruktur, məktəblər, parklar, meydançalar və piyada keçidləri ilə yanaşı, Neftçilər prospektinin uzadılması və müasir meqapolisin bütün tələblərinə cavab verən yeni yolların və piyada keçidlərinin salınması insanların komfort hərəkətini və yeni ofis binalarına, hotel və yaşayış komplekslərinə rahat girişini təmin edəcək.
Sahil zolağının unikal hissəsində yerləşməsi və binaların müfəssəl düşünülmüş yerləşmə planı Port rayonunun Bakı buxtasının daha bir arxitektura incisinə çevriləcəyindən xəbər verir.
Hazırda «Bakı Ağ Şəhər» layihəsinin Yaşıl Ada rayonunun və Sahil rayonunun qərb hissəsinin mənimsənilməsi başa çatmaq üzrədir. Layihə çərçivəsində investorlar üçün iki başqa rayonda yeni imkanlar açılır. Bunlar «Bakı Ağ Şəhər»in mərkəzi rayonu olan Fəvvarələr Meydanı və podiumlarda, Nizami parkından yuxarıda yerləşən və bu səbəbdən sahilyanı bulvara gözəl mənzərəsı açılan 7-19 mərtəbəli orta hündürlüklü binalardan ibarət Park rayonudur.