Bahar Muradova Slovakiya parlamenti sədrini cavabsız qoymadı
“Qarabağ Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Kimlərinsə bu torpağı xristianlığın məkanı kimi təqdim etməsi tamamilə yanlış hərəkətdir. Bir ölkə rəsmisinin belə mövqe ortaya qoyması təəssüf doğurur”. Bu sözləri mətbuata açıqlamasında MM sədr müavini Bahar Muradova deyib. Slovakiya parlamentinin sədri Frantişek Mikloşkonun fikirlərinə münasibət bildirən B. Muradovanın fikrincə, görünür, bu, Slovakiya rəsmisinin Azərbaycan tarixini bilməzliyindən irəli gəlir və onun sadəcə dini təmayüllərə üstünlük verərək dediyi sözlərdir:
“Qarabağın xristianlığın məkanı olması və digər bu kimi fikirləri səsləndirməklə Frantişek Mikloşko özünün ermənilərin siyasi alətinə çevrilməsinə rəvac verir. Əlbəttə ki, Azərbaycanın müvafiq qurumları bu tipli məsələlərlə bağlı qəti mövqe bildirirlər. Amma bütün hallarda Slovakiya parlamentinin spikerinin belə fikirləri Qarabağın tarixi, bu günü və gələcəyi ilə bağlı hansısa dəyişiklik vəd etmir. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşüblər. İndi orada təkcə ermənilərin yaşaması o demək deyil ki, azərbaycanlılar öz torpaqlarına qayıtmayacaqlar. Ümumilikdə isə, Frantişek Mikloşko çox yanlış və yerində deyilməmiş fikir söyləyib”.
Muradovanın sözlərinə görə, bu, nəinki problemin həllinə kömək etmir, əksinə, ərazi iddiaları, hərbi təcavüzlə müşayiət olunan münaqişəni dini istiqamətə yönəltmək cəhdidir və çox zərərlidir: “Azərbaycan bütün dinlərin bir məkanda azad, səmimi münasibətdə mövcud olduğu tolerant ölkədir. Azərbaycanın tolerantlığı dünyaya nümunədir. Görünür, müəyyən dairələr bunu görmək istəmir, amma bütün hallarda bu kimi zərərli fikirlər özünə yer tapa bilməz”.
Kitabın redaktorlar filologiya üzrə fəlsəfə doktorları Əkrəm Bağırov və Nailə Mustafayevadır.