Muəllif:

Bağça və məktəb bufetləri nə təklif edir?

Mart, ən geci isə aprel ayından təlim-tərbiyə və təhsil müəssisələrində azyaşlı, şagird və tələbələrin sağlam, keyfiyyətli, təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə yeni standartların tətbiqi gözlənilir. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Onun sözlərinə görə, artıq standart layihəsi hazırdır. Təkmil bir sənəd formasına gətirilən standart layihəsi təxminən 100 səhifədən ibarətdir. Layihə hazırlanarkən beynəlxalq standartların tələbləri və yerli qanunvericilik əsas götürülüb. Hazırda layihə komitədə ekspertizadan keçir.
Talıblı bildirib ki, layihənin yanvarın sonuna kimi komitə rəhbərliyi tərəfindən təsdiqi nəzərdə tutulur. Yeni standartlar qüvvəyə mindikdən sonra SMPDK yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yerlərdə onlara nə şəkildə riayət edildiyini araşdıracaq.
Komitə rəsmisinin sözlərinə görə, yeni standartlar qüvvəyə mindikdən sonra təlim-tərbiyə və təhsil müəssisələrinə 1, uzağı 2 ay vaxt veriləcək. Müəssisələr həmin müddətdə yeni standartlarla tanış olmalı və öz şəraitlərini həmin tələblərə uyğunlaşdırmalıdır.
Talıblı deyib ki, yeni standartlara keçməklə azyaşlıların, məktəlilərin və tələbələrin orqanizminin sağlamlığının qorunmasına yönələn, onların inkişafı üçün zəruri olan komponentlərlə zəngin qidalara üstünlük veriləcək. Bufetlərdə ekoloji baxımdan təmiz olan qidaların satılmasına və hazırlanmasına, keyfiyyətli xammaldan yeməklərin hazırlanmasına icazə veriləcək. Müəyyən zərərli qida qrupuna daxil olan və qatqılarla zəngin olan məhsulların tərbiyə, təhsil müəssisələrində satışına icazə verilməyəcək. Bunu təşkil edən firmalara da bu, tələb kimi qoyulacaq.
«Uşaqların belə məhsullara marağı ola bilər. Artıq firmalar «uşaqlar çipsiləri çox sevir» deyə, onun satışını təşkil edə bilməzlər. Ancaq uşaqların sağlamlığını fikirləşərək standartlarda tələblər qoyulacaq. Təbii ki, nəzarət tədbirləri də görüləcək», — Talıblı əlavə edib.
Neqativ hal aşkarlanan firmalar cəzalandırılacaq. Çəzalandırma həmin firmaların məhsul satışına, istehsalına baryer qoyulması ilə nəticələnəcək. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, onlara qarşı ğərimələr tətbiq ediləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 575