«Bağça şlanqı»
Ölkə istirahətdə olanda onun yaxın və uzaq ətrafında bir çox maraqlı hadisələr baş verib. Onları Novruz sürprizləri də adlandırmaq olardı, amma bu bayramın əslində baş verənlərlə bir elə əlaqəsi yoxdur. Hərçənd, PKK lideri Ocalanın müraciətini oxuyanlar Novruzdan bir fürsət kimi yararlandılar. O boyda adamı başqa vaxt bir yerə toplamaq çətin ki, mümkün olaydı.
Bu müraciətin nə demək olduğunu, nə kimi nəticələr verəcəyini, zənnimcə, indidən tam əminliklə söyləmək naşılıq olardı. Yalnız daxili gözləntilərin nədən ibarət olduğu haqda mülahizələr yürütmək olar.
Azərbaycan vətəndaşı üçün gözlənilməz olan belə bir müraciətin həmən ardından Türkiyədən daha bir sürpriz xəbər gəldi — İsrailin baş naziri Netanyahu Rəcəb Tayyib Ərdoğanın 2010-cu ildən bəri gözlədiyi üzrxahlığı etdi. Bu hadisə Ocalanın müraciətindən heç də çəki və əhəmiyyəti etibarilə geri qalmır, bəlkə də daha vacibdir, çünki İsrail dövləti yarandığı 1949-cu ildən bəri hələ heç kimdən və heç bir dövlətdən üzr istəməmişdi.
Təbii ki, Türkiyənin bir dövlət və prezidentlik iddiasında olan Ərdoğanın baş nazir kimi yürütdüyü daxili siyasətin nə kimi hədəflər güddüyü sirr deyil. Sülh, demokratiya, insan haqları və sair bu kimi dəyərlər, təəssüf ki, sadəcə, hədəflərə çatmaq üçün bir şüar kimi istifadəsi labüd olan siyasi vasitələrdən başqa bir şey deyil. Hörmətli oxucu mənimlə razılaşmaya da bilər, amma hər halda, mənim gəldiyim qənaət budur.
Əslində isə, məni bu iki hadisənin üst qatından daha çox, dünyaya açılan üzü düşündürür. Birdən-birə nə oldu ki, illərdir ipə-sapa yatmayan PKK qarşı tərəfin Ocalan vasitəsilə dediklərinə qulaq kəsildi? Nə oldu ki, Netanyahu durduğu yerdə üç ildir ondan gözlənən üzrxahlığı etdi? Maraqlıdır, deyilmi? Ən maraqlısı isə odur ki, hər iki hadisə Sem dayını olduqca sevindirdi və Potomak sahillərindən ucalan alqış sədaları dünyanın qulağına çatdırıldı…
Bu günlərdə ukraynalı həmkarım Yuri Rayxelin «Zerkalo» üçün yazdığı məqalədə II Dünya müharibəsi zamanı ABŞ prezidenti olmuş Franklin Ruzveltin lend-liz haqqında qanun layihəsinin vacibliyini sübuta yetirməkçün gətirdiyi bənzətmədən söz açır. Həmin qanun 1941-ci ilin martında Konqresin hər iki palatasında gərgin mübahisələrdən sonra qəbul edilmişdi. Lend-Leas Act kimi tanınan qanunun əsl adı «An act to Promote United States»dir. Lend — ingiliscə — borc vermək, lefse isə — kirayəyə vermək deməkdir. Söhbət Dünya müharibəsi zamanı Amerikanın maliyyəsi çatmayan müttəfiqlərinə silah-sursat, hərbi texnika və ordu təminatına gərək olan hər bir şeyin borc və kirayə əsasında verilməsindən gedirdi. Amerika ictimaiyyəti və qanunvericilərini belə bir qanunun vacibliyinə inandırmaq üçün prezident Ruzvelt ilk baxışdan çox bəsit bir misal gətirmişdi. O, Amerikanı evi yanan qonşusuna bağça şlanqını borc vermək istəməyən birisinə bənzətməklə ictimai rəydə inqilab etmişdi. Amerikalılar alovun qonşunun evindən özlərininkinə keçməməsi üçün bağça şlanqını borc verməyi özünümüdafiənin ən yaxşı yolu kimi qavramış və hələ də bu prinsipdən imtina etməmişlər.
Bir çoxları Amerikanın xarici siyasətini digər tərəfləri ilə yanaşı, həm də burnunu özgəsinin işinə, özü də daxili işinə soxmaq kimi dəyərləndirirlər. İlk baxışda, elə belə də var, amma bunun əsasında Ruzveltin «bağça şlanqı» prinsipinin çox əhəmiyyətli yer tutduğunun fərqinə çox az adam varır. Elə buna görədir ki, Ocalan PKK-ya müraciət etdi, Netanyahu isə Obamanın İsrailə səfəri zamanı elə onun gözünün qabağındaca Türkiyədən üzr istədi, çünki ABŞ Yaxın Şərqdəki yanğına müdaxilə etmək niyyətindədir. Qarşıda fatehəsi verilmiş Suriyadan sonra İranda nəyin bahasına olursa-olsun «nüvə yanğını»nın alovlanmasına imkan verməmək kimi taleyüklü bir məsələ var. İran ətrafında keyfiyyətli yanğınsöndürmə əməliyyatı keçirmək üçünsə tam sabitlik və istinad nöqtələrində əmin-amanlıq olmalıdır. Düzdür, bu əmin-amanlıq çox çəkməyə də bilər. Əslində, elə-belə də olacaq, amma bu artıq sonranın işidir. Hələliksə, bizi maraqlı olduğu qədər də, çox təlatümlü və hətta təhlükəli günlər gözləyir. Gözümüzü dörd açmalıyıq. Azərbaycan olaraq baş verəcəklərə hazır olmalıyıq. Hazırıqmı? Bu suala cavabı isə həmkarım Arif Əliyev artıq öz yazısında tapmağa çalışacaq.
[email protected]
Aynanın yeni köşə rubrikasından.