Muəllif:

Bacısını boşadığı üçün bıçaqlayıb

Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan bu işdə Balakən sakini İlyas İlyasov (1974) qəsdən adam öldürməyə cəhddə ittiham olunurdu. Bu cinayət işi üzrə məhkəmə başa çatdı. İlyas İlyasov 14 iyun 2008-ci ildə, saat 16:00 radələrində Mahaçqalada «Spartak» idman kompleksinin yanındakı parkda keçmiş yeznəsi Mehman Ömərov ilə bacısı Sonanı boşamış olması üstündə mübahisə edib və Mehman Ömərova 4 bıçaq vurub. Sonra hadisə yerindən qaçıb.
Ətrafda olan şəxslərin köməyi ilə Mehman Ömərov xəstəxanaya çatdırılaraq tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub. İlyas İlyasov onu öldürmək istəyirmiş, lakin iradəsindən asılı olmayan səbəblərdən işi «tamamlaya» bilməyib. Uzun müddət hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Ötən ilin sentyabrında isə Azərbaycanda keçirilən «Sərhəd-sipər» əməliyyatının gedişində Balakənin Qaysa kəndində həbs edilib.
Məhkəmədə İlyas İlyasov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Göstərib ki, 2008-ci ildə mövsümi iş üçün Mahaçqalaya gedib. Onun sözlərinə görə, iyunun 14-də, saat 16:00 radələrində Mahaçqalanın «Lenin Komsomolu» parkında gəzişdiyi zaman təsadüfən bacısı Sonanın keçmiş əri Mehmanı bir qadınla söhbət edən görüb:
«Bacımı boşadıqdan sonra Mehmanla üzbəüz görüşməmişdim. Bu müddət ərzində Mehmanla sadəcə telefon əlaqəsi saxlamışam, nə üçün bacımı boşadığını soruşmuşam. Mehman konkret olaraq nə üçün boşadığını deməyib. Mehmanı parkda başqa bir qadınla görəndə əsəbiləşdim. Mehmana yaxınlaşaraq salamlaşdıqdan sonra onunla söhbət etmək istədiyimi bildirdim. Mehman yanındakı qadından aralandı. Biz birlikdə oradan uzaqlaşaraq ağaclıq tərəfə çəkildik. Mehmandan bacımın nə günahı olduğunu, nə üçün boşadığını soruşdum. Mehman bu sözlərimə əhəmiyyət vermədi və arxasını çevirərək məndən uzaqlaşmağa başladı. Mehmanın bu hərəkətindən daha da əsəbiləşdim. Cib bıçağımı çıxararaq Mehmana arxadan bir neçə dəfə zərbə vurdum».
Hadisə yerindən 100 metr uzaqlaşdıqdan sonra əlindəki bıçağı yol kənarındakı kol-kosa tullayib. Lakin Mehmanın aldığı xəsarətlərdən ölə biləcəyini fikirləşərək dayanıb və yaralıya kömək etmək üçün yenidən hadisə yerinə qayıdıb: «Ancaq hadisə yerinə qayıtdıqda Mehmanı orada görmədim. Mehmanı öldürmək kimi niyyəti olmayib. Hazırda Mehmanla barışmışam və tutduğu əməldən səmimi peşmanlıq hissi keçirirəm».
Zərərçəkmiş şəxs qismində dindirilən Mehman Ömərov ifadəsində göstərib ki, 2008-ci il iyun ayının 14-də Mahaçqalada olduğu zaman onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlib:
«Nömrəyə cavab verdim, zəng edən şəxs qadın idi. Qadını tanımadım, ev təmiri ilə məşğul olub-olmadığımı soruşdu. Ona ev təmiri ilə məşğul olduğumu bildirdim. O, öz evini təmir etməyimi təklif etdi və görüşmək istədiyini bildirdi. Qadının bu təklifini qəbul etdim. Biz «Lenin Komsomolu» parkında görüşdük. Parkdakı oturacaqlardan birində əyləşərək ev təmiri ilə bağlı söhbət etdiyimiz zaman keçmiş qaynım İlyasın bizə tərəf gəldiyini gördüm. İlyas mənə yaxınlaşdı və təklikdə söhbət etmək istədiyini bildirdi. Qadını oturduğumuz yerdə qoyaraq İlyasın yanına getdim».
İlyas ondan nə üçün bacısını boşadığını soruşub. Cavab verib ki, xasiyyətləri uyğun gəlmədiyi üçün boşanıblar…
İlyas İlyasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 230