Muəllif:

Azerspace-1: biz 250 milyon xərçləyib, 650 milyon qazana biləcəyikmi?

Azerspace-1-in bütün sınaq prosesləri başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən tamamilə Azərkosmos ASC-yə təhvil verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
bildirir ki, Azərbaycan mütəxəssislərinə təhvilvermə əməliyyatı martın 15-dən başlayıb və aprelin 2-də bitib. Peyk kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdədir. Peykin əsas idarəetmə mərkəzi Bakının Qala qəsəbəsindədir. Azərkosmos mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peyki idarə edir və lazımi əməliyyatlar aparırlar. Peyk Naxçıvan MR-da yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənə bilir.

Fevralın 8-də orbitə buraxılan Azerspace-1-in günəş panelləri və reflektorları planlaşdırıldığı kimi fevralın 15-də açılıb, fevralın 19-da isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatıb. Hökumətdə ümid edirlər ki, ilk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. İlk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişafı və beynəlxalq kosmik məkana inteqrasiyada mühüm addım olmaqla yanaşı, eyni zamanda kommersiya xarakterli və gəlirli bir layihədir.

Azərkosmosun ictimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli bildirdi ki, ölkəmizin Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də, informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xaricdən asılılığın aradan qaldırılması, telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından önəmlidir.

Bu peykin konkret iqtisadi faydasına gəldikdə, RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirir ki, Azərspace-1 telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Bizim peykin əhatə zonasına Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsi daxildir. Tam açılmış halda peykin ölçüləri 23.6m x 8.9m x 5.6m-dir. Azerspace-1 ekvatorun üzərində Yerdən 36 min km məsafədə Geostasionar orbitdə, 46 dərəcə şərq uzunluğunda yerləşəcək. Yer səthinə nəzərən peyk Somali yaxınlığında Hind okeanı üzərindədir.

Əmirovun sözlərinə görə, Azerspace-1 vasitəsi ilə radio və televiziya yayımı, kəsintisiz və şifrələnmiş rabitə əlaqəsinin qurulması, yüksəksürətli internet şəbəkəsi və məlumatların ötürülmə sisteminin təmin edilməsi nəzərdə tutulur. Peyk diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mühafizəsinin gücləndirilməsi, kosmik sahə üzrə kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni imkanlar yaradılması və s. təmin ediləcək. Kosmik texnika yeni elmi-texniki tədqiqatlara rəvac verəcək və bu da öz növbəsində innovasiyalara yol açacaq. Telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcək.

Nazirlik sözçüsünün dediyinə görə, ilkin hesablamalar göstərir ki, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılacaq. Peykin istehsalı və orbitə buraxılması ilə bağlı layihənin dəyəri 250 milyon ABŞ dolları həcmindədir. Layihənin 15 faizi Azərbaycanın dövlət büdcəsi hesabına, 85 faizi isə xaricdən alınan kredit hesabına həyata keçirilir. Peykin gəlirlərinin isə istismar müddəti ərzində təqribən 650 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

“Telekommunikasiya yönümlü peyklərlə gəlirli biznes qurmaq çətindir”

Peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə ediləcək. Bir sözlə, milli peykin ehtiyatlarından daxili tələbat və beynəlxalq bazarda xidmətlər üçün istifadə planlaşdırılır. Artıq peykin imkanlarının 40 faizi Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur. Nazirlik başqa müraciətlərin də olduğunu bildirir.
«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz milli peykin orbitə buraxılmasında müsbət məqamlarla yanaşı, risk və problemlər də görür.
Mərkəz rəhbəri məhdud sayda kosmik ölkələr ailəsinə daxil olma baxımından, bu hadisəni ölkənin imici üçün önəmli sayır. Bu hadisənin ölkədə texniki tərəqqiyə təkan verəcəyini, yeni iş yerlərinin açılacağını düşünür:«Bu prosesə qoşulmaq, iştirak etmək, söz sahibi olmaq – bir imicdir və bu, Azərbaycan dövləti üçün yetərincə önəmli məsələdir. Düşünürəm ki, burda ölkəmizə xeyli yararlı məqamlar var».
Risk və problemlərə toxunan Osman Gündüz indiki dövrdə telekommunikasiya yönümlü peyklərlə gəlirli biznes qurmağın çətinliyini də bildirir. O, bu biznes sahəsini digər kosmik dövlət və şirkətlərin çoxdan tutduğunu deyir
Osman Gündüz orbitdə hətta 40 telekommunikasiya peyki olan ölkələri xatırladaraq, Azərbaycan peykinin göstərəcəyi xidmətləri onların da təklif etdiyini bildirir: «Bazar artıq tutulub, bax, birinci risk budur. Milyonlar sərf edilən bir layihədir, indi bu xidməti satmaq lazımdır. Ancaq hələlik, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bunu reallaşdıracaq, xidmətləri satışa çıxaracaq konkret müqaviləsini görməmişəm».
Osman Gündüz fövqəladə hallarda peykin internetlə bağlı müəyyən əhəmiyyətini danmır, amma, nazirlik rəsmilərinin dediyi kimi, Azərbaycan peykinin sürətli internetin inkişafına təkan verəcəyinə də inanmır.
O, hazırda müxtəlif peyk kanallarında yayımlanan yerli televiziyaların da milli peyk xidmətindən yararlanacağına şübhəylə yanaşır:«Bu peykin xidmətindən istifadə edəcəklərmi? Bu, düşündürücüdür. Misal üçün, indi Azərbaycan televiziyaları orbitdə 20-30 peyki olan «Türksat»ın xidmətindən yararlanır. Burda həm dayanıqlıq, həm də qiymət məsələsi var. Biri var orbitdə 20-30 peyki olan şirkət, bir də 1 peyki olan şirkət. Tutalım, rayonlara mal aparmaq lazımdır, siz hansı şirkətə üstünlük verərsiniz – bir maşını olana, yoxsa 40 maşını olana? Bir maşını olan şirkətin maşını xarab olsa, sizin də biznes problemlə üzləşəcək və mal ünvanına çatmayacaq. Bu da elə həmin məsələyə bənzəyir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 392