Azərbaycansayağı statistika
Ankara
Deyirlər ki, bir yalan var, bir böyük yalan, bir də statistika. Bu sıraya mən daha bir anlayış əlavə edərdim — azərbaycansayağı statistika. İqtisadçı deyiləm. Hətta bir jurnalist kimi də iqtisadiyyat sahəsində ixtisaslaşmamışam. Amma yenə də sovet dönəmində Azərbaycan Dövlət Universitetini bitirmişəm. Ən azından siyasi-iqtisad adlanan bir elmdən dövlət imtahanı verdiyimdən ən bəsit iqtisadi biliklərə malikəm.
İndi isə keçək azərbaycansayağı statistikaya, daha doğrusu, Azərbaycan hökumətinin Azərbaycan iqtisadiyyatının vəziyyəti haqqındakı statistik məlumatlarına.
2013-cü ilin 10 ayı ərzində istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi keçən ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 47,6 milyard manata çatıb.
ÜDM-in 64,1%-i istehsal sahələrinin, 29,6%-i isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3%-ni təşkil edib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz, qeyri-neft sektorunda isə 9,8 % artıb.
ÜDM-in həcmində yaradılmış əlavə dəyərin 46,3 faizi sənayenin, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 12,1 faizi tikintinin, 7,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 5,2 faizi nəqliyyat və anbar təsərrüfatının, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,7 faizi informasiya və rabitə xidmətlərinin, 13,3 faizi isə sosial və digər xidmətlər sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb.
Cari ilin 10 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 25,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 17,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7 faiz, informasiya və rabitə xidmətlərində 8,5 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,7 faiz, sosial və digər xidmət sahələrində 3,8 faiz artıb.
Birincisi, azərbaycansayağı statistika bizi inandırmağa çalışır ki, bu ilin 10 ayı ərzində neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə ən azı 1,0 faiz artıb. İnanmaq istərdim. Nə edim ki, əmması var. Heç kimə sirr deyil ki, Azərbaycan hələ ki, ÜDM-in indiki bir qədər «analoqu olmayan» həcmlərini neft istehsalı və ixracı hesabına təmin edir. Bu sahədə isə yükün böyük hissəsi «Azəri-Çıraq-Günəşli» (AÇG) yatağının üzərinə düşür. Bu da heç kimə sirr deyil ki, «Azəri-Çıraq-Günəşli» yatağında hasilat düşməyə başlayıb.
İş o dərəcəyə çatmışdı ki, bu problem ən yüksək səviyyədə Azərbaycan-bp arasında müzakirə predmeti olmuşdu. Söhbət uzaq dönəmlərdən deyil, keçən ildən gedir. Bəziləri bp-ni hətta sabotajda ittiham edirdilər. Opponentlərim deyə bilərlər ki, neft-qaz sahəsində ÜDM-in bir faiz artmasını nəzərdə tuturamsa, təəccüblü heç nə yoxdur. Yəqin ki, bp, necə deyərlər, tənqiddən nəticə çıxarıb və bu «Azəri-Çıraq-Günəşli» yatağında hasilatın artırılmasına nail olub. İnanmaq istərdim. Lakin əmması var…
2013-cü ilin yanvar-sentyabr aylarının yekunlarına görə, «Azəri-Çıraq-Günəşli» (AÇG) müqavilə sahəsindən 24,5 mln. ton və ya 181 mln. barel neft hasil edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə neft hasilatı 0,8 mln. ton və ya 6,4 mln. barel, faiz nisbətində isə 3,4% azalıb. Bu barədə BP-Azerbaijan şirkətinin 2013-cü ilin III rübü üçün hesabatından məlum olur.
Şirkətin hesabatına görə, bu dövrdə AÇG-də orta sutkalıq hasilat ilin əvvəlində 663,2 min barel təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 20,8 min barel azdır.
2013-cü il oktyabrın 1-i üçün AÇG müqavilə sahəsində 105 quyu fəaliyyət göstərib. Bunun 72-si istismar, 33-ü texniki quyudur. Bir il əvvəl AÇG-də 94 quyu fəaliyyət göstərib: 62 istismar və 32 texniki quyu. «Turan»ın əldə etdiyi məlumata görə, hazırda AÇG-də orta sutkalıq hasilat sutkada 650 min barelə yaxın təşkil edir.
Eyni zamanda 2013-cü ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (BP şirkətinin operatoru) «Çıraq-Günəşli» müqavilə sahəsində əməliyyatlara ümumilikdə $2 mlrd. 613 mln. sərf edib. Bunun $2 mlrd. 39 mln.-nu əsaslı xərclər, $574 mln.-nu əməliyyat xərcləri təşkil edib. Bu barədə BP-Azerbaijan şirkətinin dərc etdiyi sözügedən hesabatda deyilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə AÇG çərçivəsində istismar xərcləri $39,3 mln., əsaslı xərclər $232 mln.(ümumilikdə $271,3 mln.) artıb. Hesabata görə, cari ildə AÇG çərçivəsində ümumi xərclər $3 mlrd. 272 mln. səviyyəsində planlaşdırılıb. Bunun $2 mlrd. 514 mln.-nu əsaslı xərclər, $758 mln.-nu istismar xərcləri təşkil edir.
Uzun sözün qısası, bu ilin əvvəlindən «Azəri-Çıraq-Günəşli» yatağında hasilat 3,4 faiz azalıb. Neft-qaz sektorunda bu azalmanı qapada biləcək başqa bir mənbə yoxdur. Hələ ki, biz qazın geniş miqyaslı hasilatına və ixracatına başlamamışıq.
İkincisi, azərbaycansayağı statistika bizi inandırmağa çalışır ki, ÜDM artımı daha çox qeyri-neft sahələrinin hesabına baş verib. Yenə də inanmaq istərdim. Lakin yenə də çox böyük əmması var. Bu yaxınlarda Milli Məclisin «Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsinə başlayıb. Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon, xərcləri 20 milyard 63 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 14 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində nəzərdə tutulub.
Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri barədə məlumat verib. «Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür», — deyə o qeyd edib.
Büdcə xərclərinin əsasını yerli sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşları (6,260 mlrd. manat) tutacaq:»Sosial müdafiə və sosial təminat xərcləri 2,072 mlrd. manat, ümumi dövlət xidmətlərinə 1,997 mlrd. manat, təhsilə 1,653 mlrd. manat, müdafiəyə 1,637 mlrd. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər isə 1,240 mlrd. manat təşkil edəcək.
Büdcədə 1,679 mlrd. manat həcmində kəsir nəzərdə tutulub. İndi isə bu proqnozları 2013-cü il dövlət büdcəsindəki raqəmlərlə müqayisə edək. 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 159 mln. manat, xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19 mlrd. 850 mln. manat müəyyənləşdirilmişdi. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçünsə 690 mln. manat nəzərdə tutulub.
Rəqəmləri müqayisə edərkən görürük ki, 2014-cü il büdcə layihəsində gəlirlərin azaldılması, xərclərin isə artırılması nəzərdə tutulur. Məni belə bir sual narahat edir: büdcə gəlirlərinin azalmasının səbəbi nədir? Nəzəri baxımdan büdcə gəlirləri builkindən ciddi şəkildə fərqlənə bilməz. Hətta deyərdim ki, nəzəri baxımdan büdcə gəlirləri artmalıdır. Nazirlər Kabineti, yəni hökumətimiz neft sektorunda falakətli bir düşüşün olacağını proqnozlaşdırmır. Qeyri-neft sektorunun göstəriciləri isə ən azından builki səvəyyədə qalmalıdır. Yəni ÜDM düşəcəyini ehtimal etmək üçün heç bir səbəb yoxdur. İqtisadi qanunauyğunluqlardan biri də ondan ibarət ki, ÜDM artırsa, büdcə gəlirləri də artmalıdır, əgər hökumət vergilərin və gömrük tariflərinin ciddi şəkildə azaldılmasını nəzərdə tutmursa. Vergilərdə və tariflərdə heç bir azalma nəzərdə tutulmur. Əksinə, yeni ildən kommunal xidmət xərcləri artacaq. Enerji daşıyıcılarının da qiymətinin artacağı ehtimal olunur. Belə olan halda büdcə gəlirlərinin artması qaçılmazdır. Amma bizdə azalacaq. Bu, doğrudan da, yalnız və yalnız azərbaycansayağı statistikanın tətbiqi nəticəsində mümkün analoqu olmayan bir durumdur. Axı əks təqdirdə iqtisadi böhran mərhələsinə daxil olduğumuzu etiraf etmək məcburiyyətində qalardıq…
[email protected]