Azərbaycanlı pul yığa bilmir: Gəlirin yarıdan çoxu ərzağa gedir
Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzağa xərclənən vəsait əmək haqqının 65-70 faizini təşkil edir. Dünyada qəbul olunmuş qaydalara əsasən, ailə büdcəsinin 35 faizi ərzağa xərclənirsə, bu, yoxsulluq həddi sayılır.Azərbaycan vətəndaşları orta aylıq gəlirinin əhəmiyyətli hissəsini ərzaq məhsullarının alınmasına sərf edir.
MM İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, Azərbaycan əhalisinin digər vacib məsələlərə az miqdar vəsait xərcləməsi həmin vəsaitin böyük hissəsinin məhz istehlak mallarının alınmasına yönəldilməsilə bağlıdır: «Statistikaya görə Azərbaycan əhalisi gəlirlərinin 70 faizə yaxını istehlak mallarının alınmasına yönəldir. Gəlirlərin 9 faiz vergilər və digər məcburi ödənişlərə sərf olunur. Belədə praktik olaraq Azərbaycan ailəsinin gəlirlərinin təxminən 80 faizə yaxını məhz istehlak malları və məcburi ödənişlərin ödənilməsinə xərclənir. Bu da təbii ki, Azərbaycan ailələrinin sərəncamında kifayət qədər az vəsaitin qalmasına gətirib çıxarır. Təxminən 20 faizdən bir qədər artıq vəsait sərbəst şəkildə ailələrin sərəncamında qalır. Artıq gəlirin bir hissəsinin yığım, digər hissəsinin isə başqa məqsədlər üçün istifadə olunduğunu nəzərə alsaq, praktik olaraq Azərbaycanda təhsil, səhiyə məqsədilə istifadə etmək üçün vətəndaşların sərəncamında qalan vəsaitin məbləğinin olduqca az olduğu üzə çıxır».
Araşdırmalar göstərir ki, Azərbaycan nəinki Avropa, hətta MDB dövlətlərindən də geri qalır.
Məsələn, Belarusda bir ailənin ərzaq xərci aylıq gəlirin 37 faizindən artıq olmur. Moldovada ərzağa çəkilən xərclər bir qədər artıq, aylıq gəlirin 40 faizini təşkil edir. MDB ölkələri arasında biz Rusiya və Qazaxıstandan da geridə qalırıq.
İqtısadçı Vüqar Bayramovun sözlərinə görə, orta statistik Azərbaycan vətəndaşının pul saxlamaq imkanı Avropa Birliyi vətəndaşlarından çox azdır. «Bir tərəfdən, bu, Azərbaycanda orta əmək haqqının çox az olması ilə bağlıdır. Azərbaycan orta əmək haqqı 405 manat təşkil edir. AB öləkərində isə orta maaş 3 min avrodur. Başqa sözlə desək, Azərbaycanda orta əmək haqqı Avropa ortalamasından 8 dəfə azdır. »
Lakin, eyni zamanda, iqtisadçı qeyd edir ki, Azərbaycan vətəndaşları pul yığa bilmirlər. Orta statistik Azərbaycan vətəndaşı Avropa həmkarı ilə müqayisədə 40 dəfə az pul yığa bilər.
Digər səbəb odur ki, Azərbaycanda vətəndaşların ümumi xərclərində istehlak xərclərinin payı AB-dan çox yüksəkdir. Rəsmi statistikaya görə, Azərbaycan əhalisi gəlirinin 69,4%-ni istehlak xərclərinə yönəldir.