Azərbaycanın Rusiya səfirliyi vətəndaşlarımıza xəbərdarlıq edir
Son zamanlar Rusiya Federasiyasının miqrasiya qanunvericiliyindəki yeniliklərlə əlaqədar Azərbaycan vətəndaşlarının Rusiya ərazisinə daxil olması zamanı ölkəyə buraxılmaması və vətənə deportasiya olunması halları xeyli dərəcədə çoxalıb. Bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, nəticə etibarilə, Rusiya ərazisinə girişi qadağan olunan şəxslərin vaxtında məlumatlandırılmaması səbəbindən vətəndaşlarımızın səfirliyə ünvanladığı şikayət və müraciətlərin sayı artıb.
Hazırda Rusiya Federal Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün FMX-nin xətti ilə Rusiyaya girişə icazənin olmaması ilə bağlı əsasları yoxlamaq üçün «məlumat xidmətləri» bölməsində online-xidmət fəaliyyətə başlayıb.
Anlaşılmazlıqların aradan qaldırılması məqsədilə səfirlik Rusiyaya gəlməzdən əvvəl Rusiya Federasiyası ərazisinə girişə qadağanın olub-olmaması barəsində əmin olmaq üçün bu xidmətdən yararlanmağı məsləhət görür.
Öz növbəsində, Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski Rusiya Federasiyasında olmanın müddətini pozan viza rejimi tətbiq olunmayan ölkələrin vətəndaşlarına Rusiyaya gəlmək üçün qoyulan qadağanın müddətini on ilədək artırmağı təklif edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti məlumat yayıb.
Romodanovski xatırladıb ki, yaxın vaxtlarda Dövlət Duması tərəfindən vizasız ölkələrdən əcnəbilər üçün ölkədə olma müddətinin məhdudiyyəti üzrə norma yarım il ərzində 90 gün qəbul edilib. Olma şərtlərinin pozulması üçün Rusiyaya gəlişə üç il qadağa təyin edilib. Həm də qadağa avtomatik olaraq müəyyən ediləcək.
FMX rəhbəri Dövlət Dumasında Tacisikistan vətəndaşlarının RF-də olması qaydaları haqqında sazişin ratifikasiyasının müzakirələri zamanı deyib: «Daha da irəli getməyi təklif edirəm. Məsələn, ölkədə olma müddətinin yarım ili keçməsinə görə gəlişə qadağa beş il, olmanın müddətinin bir ildən çox pozulması üçün ölkəyə gəlişə qoyulan qadağa on ilədək artırılsın».