Muəllif:

Azərbaycanın ilk «yerli» media azadlığı indeksi

Azərbaycan, Belorus, Ermənistan, Gürcüstan, Ukrayna və Moldovanın jurnalist təşkilatları Avropa İttifaqı tərəfindən dəstəklənən «Avropa Qonşuluq Siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi» layihəsi çərçivəsində Media Azadlığı indeksləri hazırlayırlar. İndekslər hər üç aydan bir təzələnəcək, yerli ictimaiyyətə, beynəlxalq təşkilatlara, o cümlədən ümumavropa təsisatlarına təqdim olunacaq.
«Yeni Nəsil» Jurnalistlər Birliyi Azərbaycan üzrə ekspert sorğusu əsasında ilk «yerli» Media Azadlığı İndeksi tərtib edib.
Siyasət
«Siyasət» bloku 8 meyar üzrə qiymətləndirilib.
Ekspertlər bu sahədə vəziyyəti 120 balla qiymətləndiriblər (maksimal göstərici — 240 bal).
Arayış: İndeks 1 (0-dan 40 bala qədər) media azadlığının bu blok üzrə ən aşağı, indeks 7 (200-dən 240 bala qədər) ən yüksək səviyyəsinə uyğun gəlir.
Azərbaycanın reytinqi (ballar)
İndeks 120 4

Ekspertlər ölkə Konstitusiyasında və qanunlarında söz və mətbuat azadlığına imkan yaradan başlıca zəmanətlərin olduğunu bildirirlər, lakin informasiya əldə etmək haqqında qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac görürlər. Digər qanunvericilik aktlarında da bəzi əsassız məhdudiyyətlər qeyd olunur. Ən böyük problem diffamasiya ilə bağlı normalarla əlaqədardır: diffamasiya cinayət məsuliyyəti yaradır və bu növ qanun pozuntusuna görə həbs cəzası nəzərdə tutulur. Çap KİV-lər və internet televiziyası lisenziyalaşdırılmır, ölkədə rəsmi senzura orqanı yoxdur, son bir ildə hökumət media azadlığını məhdudlaşdıran fərmanlar verməyib. Eyni zamanda qanunlarda medianın fəaliyyətini çətinləşdirən müddəalar var, kabel televiziyası lisenziyalaşdırılır, dövlət KİV-ləri hökumətin ciddi nəzarətində saxlanılır, rəsmi şəxslər tez-tez media üçün əlavə məhdudiyyətlərin qoyulmasına çağırışlar edirlər.
Praktika
«Praktika» bloku 37 meyar üzrə qiymətləndirilib.
Ekspertlər bu sahədə vəziyyəti 320 balla qiymətləndiriblər (maksimal göstərici — 1110 bal).
Arayış: İndeks 1 (0-dan 170 bala qədər) media azadlığının bu blok üzrə ən aşağı, indeks 7 (930-dan 1110 bala qədər) ən yüksək səviyyəsinə uyğun gəlir.
Azərbaycanın reytinqi (ballar)
İndeks 320 2

Fiziki hücumlar, təhdidlər, saxlanmalar. Azərbaycanda jurnalistlərin öldürülməsi və oğurlanması nadir hadisədir. Lakin, ekspertlərin fikrincə, hökumət belə cinayətlərin üstünün açılması və günahkarların cəzalandırılması üçün bütün lazımi tədbirləri görmür. Jurnalistlərin həbsi, saxlanılması, fiziki təzyiqlərə məruz qalması halları isə tez-tez baş verir. KİV əməkdaşlarının hədələnməsi, psixoloji təsirlərə məruz qalması, hüquq-mühafizə orqanlarına çağırılması, rəsmi xəbərdarlıqlar alması hallarına da çox rast gəlinir. Bəzən jurnalistlərin izlənməsi, telefon danışıqlarının dinlənilməsi faktları üzə çıxır. Belə faktların da böyük əksəriyyəti lazımınca araşdırılmır, günahkarlar cəzasına çatdırılmır.
Məhkəmə təqibi
Məhkəmələrdən KİV və jurnalistlərə təzyiq vasitəsi kimi istifadə olunur. Jurnalistlərin həbsi Azərbaycanda nadir hadisə deyil, həmçinin onlar tez-tez inzibati cəzalar, ağır cərimələrlə üzləşirlər. Media mənsublarına qarşı məhkəmə işlərinin əksəriyyəti hakimiyyət və iri biznes nümayəndələri tərəfindən qaldırılır. Məhkəmə qərarları çıxarılarkən KİV-lər arasında ayrı-seçkiliyə yol verilir. Eyni zamanda, informasiya mənbələrinin konfidensiallığı prinsipi ölkə məhkəmələri tərəfindən pozulmur.
İnformasiya əldə etmək imkanları
KİV-lər gündəlik fəaliyyətlərində rəsmi informasiyaları əldə etmək baxımından ciddi çətinliklərlə üzləşirlər. Lakin bu, total xarakter daşımır: bəzi dövlət orqanları informasiya sorğularını vaxtında və dolğun cavablandırmağa çalışırlar, bununla belə, əksər rəsmi təşkilatlar jurnalistlərin müraciətlərini cavabsız qoyurlar. Bəzən akkreditasiya üsulundan jurnalistlərin informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq üçün istifadə edilir. Xarici jurnalistlərin ölkəyə daxil olmasına qadağa qoyulması, onların ölkədən çıxarılması kimi insidentlər nadir hallarda baş verir.
Senzura və özünüsenzura
Qəzetin çapına qadağa, nəşrindən və yayımından imtina, tirajın və ya onun bir hissəsinin müsadirəsi, materialın saytdan, efirdən çıxarılması kimi faktlara nadir hallarda rast gəlinir. Lakin dövlət və hökumətyönlü KİV-lərdə, o cümlədən telekanallarda qadağan olunmuş mövzular var (prezidentin, ordunun tənqidi və s.). Ekspertlər faktiki olaraq bütün KİV-lərdə özünüsenzuranın həddən artıq yüksək səviyyəsini qeyd edirlər.
Monopoliya
Hökumət elektron KİV-lərə, iri çap müəssisələrinə və yayım təşkilatlarına güclü nəzarət mexanizmlərinə malikdir. Müxalifətin dövlət KİV-lərinə çıxış imkanları yoxdur. Mass-media üzərində sahibkarlıq (təsisçilər, onların nizamnamə kapitalında payı, gəlir mənbələri) məsələlərində şəffaflıq yoxdur. Bu, antimonopoliyaya dair qanunların tətbiqini çətinləşdirir.
İqtisadi şərait
Bütün ekspertlər qeyd edirlər ki, reklam bazarı ideoloji nəzarət altındadır, dövlət orqanları öz reklam materiallarını (elanlarını) yalnız hökumət və iqtidaryönlü mediada yerləşdirirlər, iri biznesi də buna təhrik edirlər. İqtisadi problemlərin həllində KİV-lər arasında ayrı-seçkiliyə yol verilir. KİV-lərə dövlət dəstəyi proqramlarından proteksionizm məqsədi ilə istifadə olunur. Məhkəmələr tərəfindən kəsilən böyük cərimələr medianın müstəqilliyinə ciddi təhlükə yaradır. Əmlakın müsadirə olunması haqda qərarlar nadir hallarda çıxarılır, lakin bəzi KİV sahiblərinə öz hüquqlarından imtina etməsi, yaxud paylarını başqalarına verməsi üçün təzyiq göstərildiyi barədə faktlar üzə çıxır.
Teleradioyayım
Teleradioyayımın və yeni medianın KİV sistemində xüsusi rolunu nəzərə alaraq, onların fəaliyyət sahəsində söz azadlığının səviyyəsi ayrıca dəyərləndirilib.
«Teleradioyayım» bloku 5 meyar əsasında qiymətləndirilib.
Ekspertlər teleradio sahəsində media azadlığının səviyyəsini 40 bala layiq görüblər (maksimal göstərici — 150 bal).
Arayış: İndeks 1 (0-dan 20 bala qədər) media azadlığının bu blok üzrə ən aşağı, indeks 7 (130-dan 150 bala qədər) ən yüksək səviyyəsinə uyğun gəlir.
Azərbaycanın reytinqi (ballar)
İndeks 40 2

Ümumi rəyə görə, ölkənin yayım kanalları hakimiyyətin tam nəzarətindədir. İctimai televiziya yaradılıb, amma onun müstəqilliyi formal xarakter daşıyır. Teleradio yayımı sahəsində tənzimləyici orqandan efirə siyasi nəzarət vasitəsi kimi istifadə halları mövcuddur. Plüralizmin səviyyəsi çox aşağıdır: hətta seçkilər və iri siyasi kampaniyalar zamanı da müxalifət efirə yalnız qanunla müəyyənləşdirilmiş həcmdə pulsuz reklam vaxtı çərçivəsində yol tapa bilir. Rəqəmli yayıma keçid konsepsiyası son nəticədə elektron KİV-lərin azadlığı ilə bağlı mövcud vəziyyətin yaxşılaşdırılmasına xidmət etmir.
İnternet və yeni media
«İnternet və yeni media» bloku da 5 meyar üzrə qiymətləndirilib
Ekspertlər İnternet sahəsində media azadlığının səviyyəsini 43 balla qiymətləndiriblər (maksimal göstərici — 150 bal).
Arayış: İndeks 1 (0-dan 20 bala qədər) media azadlığının bu blok üzrə ən aşağı, indeks 7 (130-dan 150 bala qədər) ən yüksək səviyyəsinə uyğun gəlir.
Azərbaycanın reytinqi (ballar)
İndeks 43 3

Bəzi ekspertlər hesab edirlər ki, mövcud ölkə qanunları, bu qanunlara söykənən qaydalar İnternet azadlığını məhdudlaşdırır və ciddi təhlükə kəsb edir. Lakin ekspertlərin əksəriyyətinin rəyincə, hazırkı vəziyyətdə belə bir təhlükə nəzərə çarpmır. Bununla belə, yeni qanunların qəbuluna və İnterneti tənzimləyəcək dövlət orqanlarının yaradılmasına çağırışların artması narahatçılıq doğurur. Bloqqerlərin, tənqidi mövqeli fəal internet istifadəçilərinin həbsi, inzibati və məhkəmə qaydasında cəzalandırılması, təqib edilməsi halları fonunda bu narahatçılıq artır. İnternet xidmətlərinin göstərilməsi sahəsində monopoliya yoxdur, lakin dövlət təşkilatları dominant mövqe tuturlar. İnternet informasiya mənbələrinə, onlayn KİV-lərə girişin məhdudlaşdırılması halları baş verir, hərçənd bu maneələrin hakimiyyət tərəfindən törədildiyinə birbaşa sübutlar yoxdur. İnternet-xidmətlərə görə qiymətlərin yüksək olması əhalinin bəzi təbəqələrinin İnternetdən istifadəsini çətinləşdirir, eyni zamanda ekspertlər son dövrlərdə qiymətlərin azalmağa doğru meyilləndiyini qeyd edirlər.
Azərbaycanda Media Azadlığı üzrə yekun İndeks
Yekun İndeks bloklar üzrə balların cəmlənməsi yolu ilə hesablanıb (ümumilikdə 55 meyar). İndeks 1 (0-dan 250 bala qədər) media azadlığının ən aşağı, indeks 7 (1360-dan 1650 bala qədər) ən yüksək səviyyəsinə uyğun gəlir.
Azərbaycanın reytinqi (bütün bloklar üzrə ballar)
İndeks 523 3

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 280