Azərbaycanın adı neft qaçaqmalçılığında çəkildi
RF kəşfiyyatı Xəzərdə Azərbaycanın qaçaq neft daşıyan gəmisini tutmuşdur. Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi bu şok əməliyyatın gedişində LUKoil şirkətinə aid neftlə yüklənmiş “Naftalan” tankeri hərbi katerlərin köməyi ilə saxlanılıb… Bu hadisə Azərbaycanın ticari tərəfdaş imicinə heç şübhəsiz, mənfi təsir göstərəcəkdir.
Rusiya mediasına istinadən, FTX Dağıstan idarəsi əməkdaşlarının sahil mühafizə güclərinin dəstəyi ilə keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaq neft daşıyan tanker saxlanmışdır.
FTX Dağıstan idarəsi mətbuat xidmətinin avqustun 7-də yaydığı açıqlamada bildirilir ki, saxlanılan gəmi Azərbaycan bayrağı altında üzüb. Gəmi Mahaçqala dəniz limanından Azərbaycanın Səngəçal dəniz limanına doğru üzürmüş. Gəminin Azərbaycan Dövlət Gəmiçilik İdarəsinə məxsus olduğu bildirilir.
O da deyilir ki, RF Federal Gömrük Xidməti Qafqaz energetika gömrük postundan alınan sənədlərə əsasən, tankerə 4,5 min ton həcmində mazut yüklənib. Lakin tankerin yükündən götürülən analiz və kapitanın təqdim etdiyi sənədlər tankerin yükünün əslində azsıxlıqlı xam neftdən ibarət olduğunu göstərib. Sözügedən neft Rusiyanın LUKoil şirkəti tərəfindən Həştərxan dəniz şelfindən hasil olunub və Bakı-Novorossiysk kəməri ilə nəql olunmaq üçün nəzərdə tutulub.
Saxlanılan neftin ümumi dəyərinin 45 milyon rubl olduğu bildirilir. Faktla bağlı FTX Dağıstan idarəsi tərəfindən avqustun 4-də “strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı” maddəsi ilə cinayət işi başladılıb və istintaq aparılır.
Hazırda “Naftalan” tankeri Mahaçqala dəniz limanına çəkilib. Gəmi kapitanı və onun köməkçisinin barəsində qətimkan tədbirinin seçilməsi, habelə gəmiyə həbs qoyulması məsələsi nəzərdən keçirilir.