Muəllif:

Azərbaycanı sevənlərə mədhiyyə

Beynəlxalq təşkilatlar Azərbaycanı ona görə tənqid edirlər ki, onu sevmirlər. Əkrəm Əylislini müdafiə edənlər bunu Azərbaycana ləkə yaxmaq cəhdi olaraq edirlər. Bu fikirləri ANS kanalının efirində məşhur detektiv müəllifi Çingiz Abdullayev bildirib.
Dəlil kimi o, 2012-ci il aprelin sonlarında İranda iki azərbaycanlı şair — Fərid Hüseyn və Şəhriyar Hüseynzadənin həbsini göstərib. «Bu baş verdikdə biz haralara baş vurmadıq, nə Azərbaycanda, nə də onun hüdudlarından kənarda Pen-Klubdan başqa heç bir təşkilat onları müdafiə etmədi», deyə milli Konan Doyl kədərləndi və bunu xarici təşkilatların qeyri-obyektivliyi ilə izah etdi. «Bizi danlamaq lazım gəldikdə isə onlar dərhal hazır olurlar», deyə o əlavə edib.
Tanınmış jurnalist, «Turan» informasiya agentliyinin yaradıcılarından biri Şahin Hacıyev bu günlərdə yayımlanmış məqalələrindən birində yazıçının, doğrudan da, əsassız olan iddialarını rədd edir və yazır ki, bu gənclərin müdafiəsinə ilk olaraq rəsmi Bakı deyil, Azərbaycan Yazıçılar İttifaqı deyil, Çingiz Abdullayev deyil, məşhur «Sərhədsiz Reportyorlar» beynəlxalq təşkilatı qalxıb. Onlar şairlərin həbsini pisləyən və İran hakimiyyətini onları dərhal azad etməyə çağıran bir deyil, iki bəyanat yayıblar (22 may və 5 sentyabr 2012-ci il tarixli).
Tanınmış jurnalist tam haqlı olaraq nəzərə çatdırır ki, şairlər itkin düşdükdə Azərbaycan mətbuatı üç həftə ərzində bu barədə çoxsaylı materiallar dərc etdi və yalnız mayın 21-də XİN nümayəndəsi Elman Abdullayev brifinqdə bildirdi ki, Bakıda şairlərin taleyindən narahatdırlar. Buna qədər rəsmi Bakı və Yİ şairlərin itkin düşməsi faktını belə elan etmirdi.
Uşaqlıqda şahidi olduğum bir hadisə yadıma düşdü. Yasamalda, hamının «cız-bız» kimi tanıdığı restoranın yerləşdiyi həyətdəki binaların birində yaşayırdıq. Çox kriminal bir həyət idi. Dörd binadan yalnız bizim ailənin yaşadığı binanın sakinləri universitet müəllimləri, dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşları idi. Yəni o dövrün meyarları ilə yanaşsaq, cəmiyyətdə hörməti olan, varlı-karlı adamlar idilər. Qalanlarında isə əsasən o zamankı milisin, indiki polisin daimi nəzəratini tələb edən insanlar yaşayırdı.
Amma bizim binanın ən hörmətli adamı yuxarıda sadaladığım insanlardan heç biri deyildi. Bizim binada, bizim ailənin yaşadığı blokun ikinci mərtəbəsində, əgər illər keçəndən sonra yaddaşım məni aldatmırsa, Rüstəm adlı bir «vor zakon» yaşayırdı. Ali savadlı, gündəlik həyatda çox mədəni bir insan idi. Binamızın «sıradan» olan bütün sakinləri, yəni universitet müəllimləri, dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hamısı ona hörmətlə «Rüstəm müəllim» deyə müraciət edirdilər. Düzdür, o da bütün «vor zakonlar» kimi vaxtaşırı həbsə girirdi. Lakin ailəmizin Yasamalda yaşadığı on ildən artıq müddətdə, «Rüstəm müəllim»in günlərini həbsdə və ya azadlıqda keçirməsindən asılı olmayaraq, həmin binada bir oğurluq hadisəsi belə olmadı. Hamı, o cümlədən bizim varlı-karlı prokuror və hakimlərimiz mal-dövlətlərinin toxunulmazlığını təmin etdiyinə görə «vor zakon Rüstəm müəllim»ə minnətdar idilər.
Yaşa dolandan sonra başa düşdüm ki, bu heç də «vor zakon Rüstəm müəllim»in onu əhatə edən hakim və prokurorlara «qarşılıqlı hörmət»inin nümayişi deyildi. Belə bir «qarşılıqlı hörmət»in mövcudluğu prinsipcə mümkün deyildi. Anladım ki, «Rüstəm müəllim»in həyat tərzini tənzimləyən, necə deyərlər, reqlamentləşdirən yazılmamış qanunlar var. Bəlkə də bir çoxları haqqında ən qəddar «fitvalar» vermiş «vor zakon Rüstəm müəllim» bir ortamı bölüşdüyü insanların həyatı və var-dövlətinin toxunulmazlığı üçün özünü doğrudan da cavabdeh hiss edirdi. Bu, özünəməxsus «davranış kodeksi»nin tələbi idi.
Əslində bütün dövrlərdə toplum yaradıcı insanlara, yəni şairlərə, yazıçılara, rassamlara cəmiyyətin «mənəvi dəyərlər kodeksi»nin daşıyıcısı və qoruyucusu, xalqın iqtidar sahiblərinin zülmünə qarşı etiraz səsinin carçısı kimi baxmışdır. Bu, bütün dövrlərə, bütün toplumlara xas bir keyfiyyətdir. Amma bütün dövrlərdə, bütün xalqların tarixində həm «saray şairləri», həm də «xəlqanilər» olmuşdur.
Anladığım odur ki, müasir terminologiya ilə desək, bizim yaradıcı ziyalılar bu gün də özlərini cəmiyyətin «mənəvi dəyərlər kodeksi»nin daşıyıcısı və qoruyucusu kimi görür. Çingiz Abdullayevin və digərlərinin hamıya vətənpərvərlik dərsi vermə cəhdini başqa cür dəyərləndirmək mümkün deyil. Əslində haqqında danışdığımız hər bir konkret hadisə ilə bağlı onların bəyanatlarının haqlı və ya haqsız olmasının elə bir əhəmiyyəti yoxdur. Biz hətta yaradıcı insanlara belə səhv etmək haqqını tanımalıyıq. Amma onların səmimiliyinə, daha doğrusunu desəm, «xəlqaniliyinə» inam haqqını yox. Çünki hər gün bütövlükdə toplumum və ayrı-ayrı fərdlərin hüquqlarının müxtəlif səviyyəli iqtidar sahibləri tərəfindən ayaqlar altına atıldığını, haqlarının yeyildiyini görür və susurlar. Yox, inanıram ki, onlar Azərbaycan adlandırdığımız bu Vətəni, yeni müstəqil dövlətimizi və millətimizi sevirlər. Lakin, necə deyərlər, çox əcaib bir məhəbbətlə sevirlər. Çünki məndə belə bir təəssürat yaranır ki, onların mütləq əksəriyyəti «xəlqani» deyil, «saray şairləri»dir. Bunun səbəbi nədir?
Birdən anladım. «Daş yuxular» romanı işıq üzü görəndən sonra, Əylislinin bir çox günahları üzünə çırpıldı, ünvanına qorxusuz-hürküsüz bir çox ittihamlar səsləndi. Aralarında haqlı olanları da vardı, haqsızları da. Amma ittihamlar arasında tez-tez səslənənlərdən biri, özü də «haqlı»sı diqqətimi cəlb etdi. Məlum oldu ki, yazıçı naşükür və çörəyi dizinin üstünda olan bir insandır. Hətta hörmətli Şeyximiz cənab Paşazadə belə bu amilə xüsusi işarə vurdu. Bu ittihamla tamamilə şərikəm. Doğrudan da, yazıçı siyasi iqtidar tərəfindən yaradıcı insana verilə biləcək bütün ənamlara, şərəflərə və mükafatlara layiq görülmüşdü. Və sonra da duz-çörəyi, haqq-hesabı unudub üzə ağ olmuşdu. Bağışlanmaz «günah»dır, özü də topluma nümunə olmalı ziyalı üçün. Anladım, daha doğrusu, onlar özləri etiraf etdilər ki, «millətin vicdanı» adlanan zümrəyə daxil, siyasi iqtidardan yuxarıda sadalanan ənamları, mükafatları almış və ya almaq ümidini itirməmiş yaradıcı və qeyri-yaradıcı ziyalılarımız naşükür çıxmaq istəmirlər. Seçim, doğrudan da, çox ağırdır: naşükürlüklə qazanılan «xəlqanilik». Rasim Balayev demişkən, hər kəs bu yükün altına girə bilməz.
Bir də yuxusuz gecələr, ağır zəhmət hesabına qazanılmış bütün ənamları, mükafatları bir anın içində itirmək təhlükəsi də var. Amma bu, xırda məsələdir. Əsas məsələ naşükürlükdədir, daha doğrusu naşükür çıxmamaqda…
Bir sözlə, başlıqaltına çıxarılan suala axır ki, cavab tapdım. Mənəvi dəyərlərin aşınmasından söhbət belə gedə bilməz. Bütün günahlar «naşükürsüzlük sindromu»ndadır. Adından göründüyü kimi, bu bir «sindrom», yəni yoluxucu xəstəlik kimi bir şeydir. Ondan qurtulmaq çox çətindir…

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 360