Muəllif:

Azərbaycanda hərbi təhsil: problemlər və perspektivlər

Bu günlərdə ölkə mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin müasir təcrübəli kadrlarla təmin olunması prosesində ciddi əngəllər yaranması barədə məlumatlar əksini tapıb. Bizim Silahlı Qüvvələrin durumu barədə araşdırma aparan qərb ekspertlərinin fikrincə, əsasən aşağıdakı problemlər göz önündədir:
1) Ali hərbi məktəblərə qəbul zamanı yaşanan problemlər (test balının aşağı olması, kursantların fiziki göstəricilərinin ümumilikdə qənaətbəxş olmaması);
2) Ali hərbi məktəblərdə təlim-tədris, zabit hazırlığı prosesində mövcud çatışmazlıqlar;
3) Yeni rütbə almış zabitlərin müxtəlif vəzifələrə təyin olunması prosesində qanunsuzluqlar;
4) Zabitlərin xidməti inkişafına, karyera artımına əngəl olan faktorlar;
5) Zabitlərin xarici treyninqlərə, məşğələlərə seçim zamanı baş verən ədalətsizliklər;
6) Xarici hərbi təhsil müəssisələrində təhsil almış və yaxud təlim və məşğələlərdə iştirak etmiş zabitlərin milli Silahlı Qüvvələrdə lazımı vəzifələrə təyin olunmasındakı problemlər.
Yayılmış məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin kadr potensialının durumu üzrə aparılan araşdırmalar göstərir ki, ümumilikdə, Azərbaycan ordusunun xidmətdə olan kadrlarının yalnız 20-25 faizi NATO standartlarına uyğun göstəricilərə malikdir. Bu kadrların tam əksəriyyəti — təxminən 90 faizi briqada komandiri və daha aşağı vəzifələrdə çalışırlar. Müşahidələr göstərir ki, müstəqillik illərində Azərbaycan Silahlı Qüvvələrinin iri hərbi birləşmələrinin rəhbərliyinə, eyni zamanda, Müdafiə Nazirliyinin ali idarəetmə strukturlarına NATO standartlarına uyğun zabitlərin təyin olması halı baş verməyib. Ekspertlərin fikrincə, vəziyyətin bu şəkildə davam etməsi əslində Azərbaycan Silahlı Qüvvələrini ümumi inkişafdan saxlayır və onun NATO standartlarına uyğunlaşdırılmasına ciddi əngəl törədir.
Problemin təsviri
Ekspertlər hesab edir ki, əslində bu gün Azərbaycan Silahlı Qüvvələri quruculuğunda ciddi qeyri-müəyyənlik yaşanır. Belə ki, yaxın 5-10 il üçün Azərbaycan ordusunun quruculuq strategiyası bəlli deyil. Strateji Müdafiə İcmalının (Strategic Defense Review) qəbul olunmamasının əsas səbəblərindən biri də hökumətin ordu quruculuğu üzrə strateji addımlar üzrə konkret qərara gələ bilmədiyidir.
«Hökumət ordu quruculuğu prosesi ilə bağlı çaşqınlıq içindədir. Xeyli sayda silah və hərbi texnika alınması, hərbi qulluqçuların məvaciblərinin cüzi olaraq artırılması əslində taktiki hədəflər üçündür. Strateji baxımdan Azərbaycan ordusunun quruculuq prioritetləri bəlli deyil. Hakimiyyət bilmir ki, NATO standartlarına uyğun ordu qursun, yoxsa keçmiş Sovet standartlarından bəhrələnən sistemə uyğun addımlar atsın. Bəzən «qarışıq ordu quruculuğu» tərəfdarlarının da fikirləri ortada olur. Amma bəllidir ki, bütün bunlar şifahi səslənən fikirlərdir. Ortada elə bir tutarlı sənəd yoxdur ki, ona baxıb, ordunun gələcəyi barədə aydın fikir söyləyə biləsən. Hərbi Doktrina da bu istiqamətdə dəqiq, müfəssəl bilgiləri, çərçivələri ortaya qoymur», — deyə ekspertlər bildirib. Onların sözlərinə görə, Azərbaycan hakimiyyəti ordu quruculuğu strategiyası üzrə konkret sənədlər üzrə işləməli, Strateji Müdafiə İcmalının qəbuluna çalışmalıdır. Yalnız bundan sonra ordu quruculuğunun müxtəlif istiqamətləri, o cümlədən, kadr təminatının gələcəyi barədə konkret qənaət ortaya çıxa bilər.
Mövzunun aktuallığını nəzərə alaraq «Ordunun Aynası» əlavəsinin bu dəfəki sayı üçün Azərbaycanla NATO arasında hərbi kadr hazırlığı istiqamətində son 5 il ərzində cərəyan edən prosesləri araşdırdıq. Bu araşdırmada yerli hərbi mənbələrə, QHT-lərin, o cümlədən «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin, NATO-ya daxil olan bir sıra ölkələrin, xüsusilə də ABŞ, Polşa, Çex Respublikası və Rumıniya mənbələrindən əldə edilən məlumatlara istinad edilib. Qeyd edək ki, bu məqalə yalnız faktlar və informasiyalar üzərində hazırlanıb. Ekspertlərin bu məlumatlara münasibəti barədə geniş araşdırma yazısı isə «Ordunun Aynası»nın növbəti saylarında sizlərə təqdim olunacaq.
Üç elementli əməkdaşlıq sənədi
NATO mənbələrinin məlumatına görə, 2008-ci ildə Azərbaycan Müdafiə Nazirliyi peşəkar hərbi təhsil sistemini NATO-nun yardımı ilə təkmilləşdirməyi qərara alıb. Əslində bu qərar verilən zaman Cənubi Qafqazın digər iki respublikası eyni qərara artıq gəlmişdilər. Rəsmi Bakı 2008-ci ilin martında təsdiqlənmiş Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) ikinci mərhələsində bəyan edib ki, təhsilin bir neçə sahəsinə — çavuş heyətinin kvalifikasiyası, zabitlərin xüsusi hazırlığı, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ali zabitlərin hərbi təhsilinin ciddi şəkildə müasirləşdirilməsinə NATO tərəfindən yardımı almaqda maraqlıdır (mənbə: Tomas Fedisin, «Qərblə üz-üzə: «Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi Proqramı üzrə Azərbaycanın iş təcrübəsi», 2012).
Arayış: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Silahlı Qüvvələr üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədi ilə Prezidentin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılıb.
Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.
Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də, hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir. Akademiyanın nəzdində Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə və Hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.
Rəsmi Bakı marağını ifadə etdikdən sonra 2009-cu ildə Azərbaycan NATO ilə Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi Proqramını yerinə yetirməyə başladı. Bu proqram xüsusi əhəmiyyətə malikdir, ən azı ona görə ki, hərbi təhsil sahəsində həyata keçiriləcək dəyişikliklər üçün konkret hədəfləri, zaman cədvəlini özündə ehtiva edir.
Qərb mənbələrindən verilən məlumata görə, qeyd edilən proqram 3 elementlidir. Proqramın ilk elementi çavuş heyətinin hazırlığını əhatə edirdi və bu proses Birgə Transformasiya Komandanlığı, Birgə Əməliyyat Komandanlığı, Litva və Birləşmiş Ştatlar tərəfindən təmin olunurdu. İşçi qrupunun səfərləri nəticəsində çavuş kadrları korpusunun Azərbaycan ordusunda rolunun və vəziyyətinin artırılması barədə plan və inkişaf proqramı hazırlandı. NATO qrupu öz səylərini çavuşların karyera artımları üçün kursların yaradılmasına və çavuşları öyrədəcək təlimatçıların hazırlığına yönəltmişdi.
Proqramın ikinci elementi zabitlərin xüsusiləşdirilmiş hazırlığını əhatə edirdi. Bu proqram Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində NATO-nun Çex Respublikası, Polşa, Rumıniya və Birləşmiş Ştatlardan olan nümayəndələri tərəfindən kursların analizi ilə başladı. Ekspertlərin sözlərinə görə, bu kurslar öz xarakterinə görə texniki və taktiki olmaqla kiçik zabitlərin peşəkar hərbi inkişafı üçün nəzərdə tutulub. Qeyd edilən hər iki element xarici dil hazırlığı üzrə Azərbaycanın müstəqil potensialının yaradılması məqsədilə Dil Hazırlığının Yoxlanılması üzrə Avropa Tərəfdaş Mərkəzi tərəfindən dəstəklənir. Bu proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri NATO-nun təhsil mərkəzlərində keçirilən kirslarda iştirak edir. Əsas məqsəd, Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında sülhü dəstəkləmə və lojistik ilə bağlı əməliyyat uyarlılığını təmin etməkdir.
Üçüncü, daha vacib element Azərbaycanda ali hərbi və mülki vəzifəli şəxslərin təhsil kurslarını təkmilləşdirmək və modernləşdirməkdir. 2009-cu ilin sonunda NATO və Azərbaycanın Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəhbərliyi arasında ABŞ-da Birgə Peşəkar Hərbi Təhsil kimi məşhur olan layihə üzərində müzakirələr başladı. O zaman Bakının əsas məqsədi strategiya və müdafiənin planlaşdırılması üzrə proqramı təkmilləşdirmək idi. Bu istiqamətdə NATO-nun üzərinə ciddi məsuliyyət düşdü.
Tədris prosesində problemlər
NATO-nun ilk addımı Azərbaycan üçün hazırlıq proqramının strategiyasını işləyəcək, problemin bütün elementlərini analiz etməyə qadir olacaq daimi komandanın qurulmasını özündə ehtiva edirdi. NATO-nun akademik qrupuna rəhbərlik ilk əvvəl ABŞ-ın Milli Hərbi Universiteti tərəfindən həyata keçirilirdi, daha sonra ABŞ-ın Strateji hərbi-dəniz kollecinin professoruna həvalə olundu. Qrupa Nyuportdakı Strateji Hərbi Kollec, Fort Livenuortedəki Quru Qoşunlarının Strateji Hərbi Kolleci, eləcə də, Çex Respublkasının və Polşanın milli müdafiə universitetlərindən olan müəllimlər daxil idi.
Qərb mənbələrindən əldə edilən məlumatlara görə, ilk vaxtlar tədris prosesində bir sıra problemlər yaşanıb:
Birincisi, dinləyici zabitləri operativ-strateji perspektivlərə hazırlamaq çətin idi. Çünki, mövcud tədris proqramları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını əks etdirərək əsasən taktiki məsələlərə hədəflənmişdi.
İkinci problem sovet fəlsəfəsinə və pedaqoqikasına əsaslanan tədris üslübu idi. Müəllimlər və dinləyicilər yalnız bir tədris metodu bilirdilər və onların əksəriyyəti bunun pedaqoji baxımdan səmərəli olmadığını da etiraf edirdilər.
Üçüncü əsas məsələ NATO heyəti getdikdən sonra yerli müəllim heyətinin yeni üslubda tədris planını hazırlanması istiqamətində imkanlarını artırmaqdan ibarət idi.
Əldə olan məlumatlara görə, NATO ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyi arasında aparılan müzakirələr konstruktiv olub və sonda Azərbaycan tərəfi qərbyönlü tədris kursunu seçdiyini bəyan edib. Qeyd edək ki, bu kurs beynəlxalq münasibətlər sahəsində anlayışları, siyasi elmləri, regional tədqiqatları, liderlik prinsiplərini, idarəçilik, psixologiya, iqtisadiyyat və etikanı özünə daxil edir. NATO-nun əksər hərbi kolleclərində analoji istiqamətlər kurs planında əksini tapır. NATO heyətlərinin vaxtaşırı səfərləri, tədris metodologiyasına dəstək vermələri bir sıra ciddi irəliləyişlərə səbəb oldu.
Qeyd edək ki, NATO kolleclərində və postsovet məkanının strateji hərbi kolleclərində tədris metodikası tamamilə fərqlidir. Verilən məlumata görə, NATO tərəfi çətinlik çəkmədən SQ Hərbi Akademiyası rəhbərliyini Sokrat metodunun tətbiq olunmasının dəyərliliyinə inandıra biliblər. Sokrat metodunda tələbələr bir-birlərinə suallar verir və nəticədə bir-birlərinə kömək edirlər. Amma hər iki tərəf etiraf etdi ki, bu metodun tətbiq olunması bir sıra səbəblər üzündən çətinliklər yarada bilər. Bunun ardınca NATO qrupu qərara alıb ki, hər səfər zamanı Akademiyada NATO ölkələrindən olan professorların məruzələri kerçəkləşsin. Bununla da tədricən birtərəfli kommunikasiyadan seminar müzakirələrinə keçidin baş tutacağına inam vardı.
«Dublyor-müəllimlər təşəbbüsü»
Qeyd edilən istiqamətdə problemlər ortaya çıxdı. Belə ki, NATO-dan Azərbaycana hərbi təhsil üçün ildə 3 dəfə heyət səfəri kifayət deyildi. Bu, qısa müddət ərzində hərbi təhsildə ciddi islahatlar keçirmək üçün impuls vermirdi. Tədris materiallarının dəyişmək də vaxt istəyirdi. Bu səbəbdən NATO tərəfi 2009-cu ildə «Dublyor-müəllimlər təşəbbüsü»nü irəli sürdü. Bu ideyaya görə, Azərbaycan müəllimləri qərb hərbi kolleclərində bir neçə həftə keçirməli, orada dərs keçən həmkarlarının praktik olaraq dublyorları olmalı idilər. Onlar dərslərin necə keçirilməsi, müəllimlərin bu dərslərə necə hazırlanmaları kimi məsələləri diqqətlə öyrənməli idilər.
Verilən məlumatlara görə, son illərdə Azərbaycanın 2 professoru iki həftə ərzində Nyuportda «dublyor» rolunda olublar. Onlar öz ölkələrinə təkcə elmi biliklərin əks olunduğu qovluqlarla gəlməmişdilər, onların ABŞ-dakı peşəkar hərbçilərin milli təhlükəsizlik problemlərinə dair düşüncələrini necə inkişaf etdirmələrini daha yaxşı anlamaq imkanları olmuşdu. Azərbaycan müəllimləri daha sonra Polşa və Çex Respublikasının müdafiə universitetlərinə baş çəkmək imkanı əldə etdilər. Bu ölkələr keçmişdə SSRİ ilə əlaqələrə malik olmaları səbəbindən Azərbaycan tərəfi üçün xüsusilə faydalı hesab olunurdu.
İlk magistr dərəcələri
Qərb mənbələrindən verilən məlumata görə, bir neçə il öncə rəsmi Bakı Avropa kolleclərinin təcrübəsinə uyğun olaraq SQ Hərbi Akademiyasının elmi dərəcələr vermək imkanına malik olmasına dair arzusunu irəli sürüb.
Qeyd edək ki, Polşa və Çex Respublikası Bolonya modelinə əsaslanan Avropa sistemini tətbiq edir. NATO işçi qrupunun Avropadan olan üzvləri hesab edirdilər ki, Azərbaycan da həmin yolu gedə bilər. Bu səbəbdən Çex Respublikasında və Polşada həyata keçirilən «dublyor» rollarında əsas məqsəd Azərbaycanlı müəllimlərə Bolonya sisteminin quruluşunu anlatmağa yönəlmişdi.
Beləliklə, 2014-cü ildə Azərbaycan tərəfi Silahlı Qüvvələrin Ali Akademiyasında təhsil alan ikiillik əməliyyat-taktik kursun məzunlarına ilk magistr dərəcələrini verəcək. NATO ekspertləri hesab edir ki, bu, Azərbaycanın 2009-cu ildən bu yana hərbi təhsilin inkişafı üzrə həyata keçirdiyi islahatların kulminasiya nöqtəsi olacaq.
Məlumatlara görə, 2012-ci ildə SQ Hərbi Akademiyasının rəhbərliyi general rütbəsi almağa namizəd olan polkovniklər üçün 10 aylıq kurs yaradılması barədə qərar verib. Proqnozlara görə, bu kurs 2013-cü ilin payızından başlanmalı, 20-yə yaxın dinləyicini əhatə etməli idi. Məqsəd odur ki, buranı bitirən məzunlar strateji səviyyədə döyüş komandirləri olmaqla yanaşı Müdafiə Nazirliyinin adminstrasiyasında işləyərək strategiya və müdafiənin planlaşdırılma prosesində peşəkar olsunlar. ABŞ Hərbi-dəniz strateji kolleci bu istiqamətdə məsləhətlərini və metodologiyanı təqdim edəcək. Kursun hədəfində təkcə ali strategiya və milli təhlükəsizlik məsələləri deyil, eyni zamanda, birgə əməliyyatlar problemi də olacaq. Verilən məlumata görə, Akademiyanın professor-müəllim heyəti bu kursun məzunları üçün milli təhlükəszilik üzrə magistr dərəcəsi üzrə akkreditasiya almaq məsələsi üzərində işləyir. Bu prosesin hazırda nə yerdə olduğunu araşdırmaq mümkün olmadı.
Yeri gəlmişkən, son bilgilərə görə, Rumıniya peşəkar hərbi təhsil məsələsində Azərbaycanla işləmək arzusunu elan edib və hazırda bu ölkə yuxarıda qeyd edilən proseslərdə əsas dəstək verən ölkələrdəndir.
Qeyd edək ki, «Təhsil Haqqında Azərbaycan Respublikası Qanunu»nun tələblərinə əsasən, Silahlı Qüvvələrdə təhsilin pillələri və səviyyələri bu şəkildə müəyyən edilib:
— tam orta təhsil;
— ilk peşə ixtisas təhsili;
— ali təhsilin bakalavr və magistr səviyyələri;
— adyunktura təhsili.
Təhsilin ilk pilləsi — tam orta təhsil xüsusi təyinatlı tam orta təhsil müəssisələrində C.Naxçıvanski adına və Heydər Əliyev adına hərbi liseylərdə həyata keçirilir. İlk peşə-ixtisas təhsili xüsusi təyinatlı əlavə təhsil müəssisələrində (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində) gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlanması kurslarında həyata keçirilir. Ali təhsilin bakalavr səviyyəsi üzrə zabit kadrların hazırlanması xüsusi təyinatlı ali təhsil müəssisələrində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası) həyata keçirilir.
Perspektivlər
Qərb ekspertlərinin fikrincə, Azərbaycanın hərbi təhsilində müəyyən ciddi problemlər qalmaqdadır. Amma ümumi tendensiya ona ümid verir ki, tədricən, Azərbaycanda hərbi təhsil tam NATO standartlarına uyğun olacaq. Ümumilikdə, qərb ekspertləri Azərbaycanın NATO ilə Müdafiə Sahəsində Təhsilin Təkmilləşdirilməsi Proqramını yerinə yetirməsi prosesinin ləngliyini qeyd edirlər. Amma onlar hesab edirlər ki, əsas səbəblərdən biri rəsmi Bakının seçimsizliyidir. Qərb mütəxəssisləri hesab edirlər ki, əgər Azərbaycan öz strateji inteqrasiya hədəflərini konkretləşdirsə, Avroatlantik inteqrasiyaya yolunda addımlasa, onda hazırda onun NATO ilə əməkdaşlığında mövcud olan bütün problemlər, o cümlədən, hərbi təhsillə bağlı problemlər həllini tapar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1474