Azərbaycana narkotikin 95 faizi İrandan gətirilir
Azərbaycana narkotiklərin 95 faizi İrandan gətirilir. DGK rəsmisi Güloğlan Muradlı cümə axşamı MDB üzvü olan dövlətlərin Gömrük xidmətləri rəhbərləri Şurasının Hüquq mühafizə bölməsi rəhbərləri komitəsinin X iclasında çıxışı zamanı deyib ki, ekspertlərin qiymətləndirmələrinə görə, Əfqanıstanda istehsal olunan narkotiklərin 35 faizi Balkan istiqamətində İrandan, 25 faizi isə şimal marşrutu üzrə keçirilir.
Onun sözlərinə görə, narkotiklərin aşkar edilən qanunsuz keçirilməsi faktlarının təhlili təsdiqləyir ki, ənənəvi marşrutlar Əfqanıstan-İran-Azərbaycan, daha sonra isə Gürcüstan yaxud Rusiya vasitəsilə Avropayadır.
Muradlı bildirib ki, bundan əlavə, Ermənistan tərəfindən işğal olunan Azərbaycan əraziləri respublikanın gömrük orqanlarının nəzarəti altında deyil. Ona görə də həmin ərazilərdən narkotiklərin nəqli üçün fəal istifadə olunur: «Əgər əvvəllər Azərbaycanda saxlanılan narkotiklərin böyük hissəsini marixuana və digər yüngül narkotiklər təşkil edirdisə, son illər onlar əsas etibarilə həşiş, heroin və tiryəkdən ibarətdirlər. Daha dəqiq onların 99 faizini ağır və güclü təsirə malik narkotiklər təşkil edir».