Azərbaycan vətəndaşlarının Rusiyaya axını azalıb
Azərbaycan RF səfirliyinin təşəbbüsü ilə çərşənbə günü Rusiya Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovski ilə görüş keçirilib. Səfirliyin mətbuat xidməti görüşün RF XİN-də baş tutduğunu bildirir. Romodanovski miqrasiya qanunvericiliyindəki yeniliklərdən danışaraq mövzunun birbaşa əhalinin maraqlarını əks etdirdiyini, bəzi hallarda miqrantlarla bağlı insidentləri qərəzli işıqlandıran KİV-lər üzərinə məsuliyyət qoyduğunu deyib. Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd xidməti rəhbərinin müavini V.Moçalov deyib ki, 2013-cü ilin 10 ayında Rusiyaya gələn Azərbaycan vətəndaşlarının sayı MDB ölkələri vətəndaşlarının ümumi sayının cəmi 6% -ni təşkil edir. Bu, Azərbaycan vətəndaşlarının Rusiyaya axınının azalmasından xəbər verir. Bu dövr ərzində 3909 Azərbaycan vətəndaşına Rusiyaya daxil olmaq qadağan edilib.
Səfir Polad Bülbüloğlu Azərbaycan və eləcə də MDB ölkələri vətəndaşlarını maraqlandıran aktual məsələlərə toxunub. O, hələ 2006-cı ildə Azərbaycan prezidentinin sərəncamı ilə Rusiyadakı Azərbaycan vətəndaşlarının problemlərinin həlli üçün Dövlət Komissiyası yaradıldığını, rusiyalı həmkarlarla faydalı əməkdaşlıq aparıldığını qeyd edib. İndiki mərhələdə isə əməkdaşlığın olmaması nəzərə çatdırılıb. Daha sonra səfir 2007-ci ildə yaradılan Azərbaycan Miqrasiya Xidmətindən bəhs edib, FMX rəhbərinə AR Miqrasiya Məcəlləsini (rus dilində) təqdim edib.
P.Bülbüloğlu Azərbaycan vətəndaşlarının çoxsaylı şikayətlərinə toxunub.
Rusiyada miqrasiya sahəsində yeniliklərin tətbiq edildiyi indiki mərhələdə Rusiyadan Azərbaycan və s. MDB ölkələri vətəndaşlarının kütləvi şəkildə çıxarılmasına diqqət çəkilib. Moskva, Sankt-Peterburq və Yekaterinburq aeroportlarında RF-yə gələn Azərbaycan vətəndaşlarına izahat verilmədən ölkəyə girmək qadağan edilir. Azərbaycan vətəndaşları aeroporta gəldikdə fakt qarşısında qalır və vətəninə göndərilirlər. Onların arasında tələbələr, məktəblilər, tranzitlə gedən vətəndaşlar, deportasiya nəticəsində bir-birindən ayrı düşən ailələrin üzvləri və s. olur. Səfir iki epizodda Azərbaycanın Rusiyadakı səfirliyinin Rusiya XİN-də rəsmi akkreditasiyası olan əməkdaşlarının belə Rusiya ərazisinə buraxılmadığını xatırladıb.
Səfir qeyd edib ki, xarici vətəndaşın Rusiyaya daxil olub-olmaması barədə qərarı Rusiyada 11 qurum verib. O, qadağa ilə üzləşmiş vətəndaşlara aid informasiya mübadiləsi aparılmasını təklif ediub. Azərbaycan Miqrasiya Xidməti təmsilçilərinin yaxın zamanda rusiyalı həmkarlarla görüşməyə hazır olduqları ifadə edilib.
K.Romodanovski bu il dekabrın birinci dekadasında azərbaycanlı həmkarları ilə görüşə hazır olduğunu deyib. Görüşdə çıxış edən Özbəkistan, Moldova, Ukrayna və Qırğızıstan səfirləri Azərbaycan səfirinin mövqeyini dəstəkləyərək, həmvətənlərinin problemlərinə toxunublar.
Görüşdə Rusiya xarici işlər nazirinin müavini Qriroriy Karasin, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd xidməti rəhbərinin müavini Vladimir Moçalov, XİN və FMX-in müvafiq bölmələrinin rəhbərləri iştirak ediblər (Turan).