Azərbaycan-Türkiyə hərbi bölmələrinin təlimləri başlandı
Silahlı Qüvvələrin Qaraheybət Təlim Mərkəzi iyulun 16-da Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimini keçirib.
Silahlı Qüvvvələrin Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Eyvaz Cəfərov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Qeyd edilib ki, hər iki ölkə rəhbərliyinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclaslarının əhəmiyyəti vurğulanıb.
İlk dəfə keçirilən genişmiqyaslı birgə təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir. Tədbirdə vurğulanıb ki, tərəflər birgə təlim keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olurlar. General-mayor E.Cəfərov bu təlimlərin Silahlı Qüvvələrn döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından müsbət əhəmiyyəti olduğunu vurğulayıb.
Azərbaycan-Türkiyə birgə təlimlərinin bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçirilməsi qərara alınıb.