Azərbaycan “Şərq tərəfdaşlığı” sənədlərinə qoşulmasa, Milli Şura etirazlara başlayacaq
Azərbaycan “Şərq tərəfdaşlığı” ilə bağlı sənədləri imzalamasa, Milli Şura bütün imkanlardan istifadə edərək etiraz edəcək. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ilə bağlı sənədləri imzalamalıdır. Bu barədə Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli bu günkü i mətbuat konfransında sabah Vilnüsdə açılacaq “Şərq tərəfdaşlığı” ölkələri dövlət başçılarının zirvə toplantısında Azərbaycanın mövqeyinin necə olması ilə bağlı sualının cavabında bildirib.
Həsənli bildirib ki, Azərbaycan özünün Avropaya inteqrasiya yönünü tam mütləqləşdirməlidir.
“Azərbaycan Qərb yönünü 1918-ci ildə Demokratik Cümhuriyyət qurmaqla müəyyən edib və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ATƏT-ə, Avropa Şurasına üzv olub, NATO-nun və Avropa Birliyinin proqramlarında iştirak edir. Burada iqtisadi amillər də mühüm rol oynayır. Enerji kəmərlərimiz hara gedirsə, biz də oraya getməliyik”, — o qeyd edib.
Həsənlinin fikrincə, Ermənistanın Gömrük İttifaqına qoşulması Azərbaycanın təhlükəsizliyini və ərazi bütövlüyünü bərpa etməsi üçün yeni imkanlar açıb. “Azərbaycanın yolu Avropadan, Qarabağın azadlığı isə Azərbaycandan keçir. Azərbaycan “Şərq tərəfdaşlığı” sənədlərinə qoşulmaq yolu ilə işğal olunmuş ərazilərinin azad edilməsi və beynəlxalq birliyin Ermənistana təzyiqləri üçün yeni imkanlar əldə edəcək” , — o vurğulayıb (Turan).