Muəllif:

Azərbaycan sendviçlə dürmək arasında

Azərbaycanı Cənubdan və Şimaldan sendviç kimi əzirlər…
Səməd Seyidov (millət vəkili)
Bu siyasət davam etsə, onları iki yox, dörd tərəfdən sıxacaqlar.
Vəfa Quluzadə (politoloq)
Dörd tərəfdən sıxılan sendviç olmur, bu, artıq dürmək olur.
Eldar Namazov (EL hərəkatının rəhbəri)
Azərbaycanın geosiyasi mövqeyi barədə lap əvvəldən şişirdilmiş təsəvvür yaradılıb: Şərqlə Qərb burada qovuşur, biz Qafqazın incisi, Avropanın qapısıyıq, Qərbə gedən yollar burdan keçir, üç dəniz əhatəsindəyik, İpək yolunun mərkəzindəyik və sair və ilaxır. Təbii ki, bu iddialarda doğru məqamlar var, lakin gerçəklik budur ki, biz qonşu Gürcüstan qədər cazibədar geosiyasi imkanlara malik deyilik. Məsələn, bizim Avropaya və dünya dəniz sularına birbaşa çıxışımız yoxdur. Şimalda Rusiya, cənubda isə İran kimi tarixən bizi qapazaltı eləməyə fürsət axtaran qonşularımız var. Türkiyə ilə aramızda isə Moskvanın və Tehranın yəhərli at kimi hər an minilməyə hazır olan Ermənistan dayanır. Yəni regionun xəritəsi tarixən elə cızılıb ki, biz Avropa ilə təmas üçün əlimizi mütləq hansısa ölkənin üzərindən uzatmalıyıq. Hələ nə yaxşı ki, Gürcüstan var.
Mövcud geosiyasi vəziyyətdə Azərbaycan necə xarici siyasət yeritməlidir ki, başı salamat qalsın. Bir çox politoloqların ironik yanaşmasına baxmayaraq, mürəkkəb geopolitik şərait Azərbaycandan məhz balanslaşdırılmış, yəni tarazlaşdırılmış, xarici siyasət yeridilməsini tələb edir. Əslində tarazlaşdırılmış siyasət diplomatiyada kifayət qədər qəbul edilmiş və tez-tez istifadə olunan strategiyadır. Azərbaycan da çox mürəkkəb bölgədə yerləşir, imperiya yaddaşlı qonşularımızın və regionda marağı olan digər güclərin mənafeləri bölgədə toqquşur. Ona görə Heydər Əliyevin zamanında Azərbaycanın balanslaşdırılmış siyasət adlandırılan strategiyası irəli sürülmüşdü ki, məsələn, hansısa məsələlərdə Qərblə, Türkiyəylə, İsraillə həssas olmaq lazımdır, yaxud başqa məsələlərdə Rusiya və İranla əməkdaşlıq etmək lazımdır. Yəni sistemi elə qurmaq ki, bu ölkələrin toqquşan, bir çox hallarda bir-birinə zidd olan maraqları ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxartmasın.
Azərbaycan neçə illərdir ki, məhz nefti və tarazlaşdırılmış siyasət yeritməsi sayəsində bəzi uğurlara nail olub. Lakin son iki ildə bu siyasətin ölkəmiz üçün təhlükə doğuran iri çatlar verməsi göz qabağındadır. Qərblə münasibətlərin sərtləşməsi, Rusiyadan əsən soyuq küləklər, İranın anlaşılmaz və kobud davranışları, Türkiyədən ara-sıra eşidilən incik notlar xeyli düşündürücüdür. Bu həftə xarici işlər naziri E.Məmmədyarovun İsrailə səfəri və orada Azərbaycanın Qərb dəyərlərinə sədaqəti, demokratiyaya can atması barədə bəyanatları ilə, ölkəmizin baş administratoru R.Mehdiyevin İran səfərində «bəd niyyətli» Qərbi yıxıb-sürüməsi arasında aşkar ziddiyyətlərin ortaya çıxmasını da bu təhlükə simptomları siyahısına yazmaq olar. Formal məntiqə görə, bu davranışlar balanslı siyasətə xidmət edir, amma siyasi gerçəklik başqa şeyləri diqtə edir. Bəs nə baş verir? Bəlkə dünya dəyişir, bəlkə biz kral kimi lütlənirik, yoxsa balanslaşdırılmış siyasət öz sehrli gücünü itirir? Eyni zamanda, bu suallara həm «hə», həm də «yox» demək olar, amma bütün hallarda problemin kökünü balanslaşdırılmış siyasətin «əmma»larında axtarmaq lazım gəlir. Nədən ibarətdir bu «əmma»lar?
Burada əsas problem odur ki, balanslaşdırılmış siyasət diplomatiya üçün gərəkli olduğu qədər də mürəkkəb strategiyalardan biridir. Onun iki nəticəsi olur: ya hamıyla dost, ya hamıyla düşmən olursan, orta yol yoxdur. Bu mürəkkəb strategiyanın qüsursuz həyata keçirilməsi çox böyük bacarıq, həssaslıq, həm də güclü, peşəkar komanda olmasını tələb edir. Bu komanda gərək beynəlxalq münasibətlər sistemini, diplomatiyanı o qədər dərindən bilsin ki, qəliz xarici siyasət xəttini həyata keçirməyi bacarsın. Əlbəttə, ən asan strategiya hansısa bir güc mərkəzinin tərkibində olmaqdır. Məsələn, NATO-ya və Avropa Birliyinə, yaxud Rusiyanın yaratdığı Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Sazişinə üzv olmalısan. Belə qurumlara daxil olan ölkələr bir tərəfdən xarici siyasətlə bağlı o qədər də «baş sındırmırlar», ona görə ki, təhlükəsizliklərinə beynəlxalq güc mərkəzi təminat verir. Bundan sonra mürəkkəb geosiyasi oyunlara diqqət ayırmağa ehtiyac qalmır. Ancaq balanslaşdırılmış siyasəti həyata keçirmək üçün 3-4 güc mərkəzi arasında elə manevrlər edib sistemi qurmalısan ki, hər güc mərkəzi istədiyinin bir qismini səndən ala bilsin. Ala bilmədiyi hissə də o qədər həssas olmasın və bir-birini kompensasiya etsin. Bununla da ölkə, hətta maraqları toqquşan 3-4 güc mərkəzi arasında hamıyla normal münasibətlər qura bilir. Lakin lazımi bilik və bacarığa malik komanda olmayanda, həmçinin dünya gerçəklikləri nəzərə alınmayanda balanslaşdırılmış siyasətin formal davam etdirilməsi vəziyyəti mürəkkəbləşdirir, həmin ölkənin hakimiyyəti üçün ziyanlı nəticələr və təhlükələr ortaya çıxarır.
Azərbaycanın bəzi siyasətçilərinin və həvəskar politoloqlarının ölkəmizin dünya siyasətinə və regionda gedən proseslərə təsirini şişirdəndə mənim yadıma jurnalist dostumuz Azər Mürsəliyevin sözləri düşür. İndi Rusiyanın nüfuzlu «Kommersant» qəzetinin direktoru olan Azər hələ 20 il əvvəl bölgədə gedən siyasi çarpışmaları nəzərdə tutaraq deyirdi ki, Azərbaycan bilyard stolu altında gizlənmiş uşağa bənzəyir. Bu uşağın oyuna və onun nəticəsinə heç bir təsiri yoxdur, o, yalnız stol üzərində zərbə ilə vurulan şarların vıyıltısını və hərəkət istiqamətini təxmin edə bilir.
Bu 20 ildə geopolitika baxımından, bölgədə demək olar ki, heç nə dəyişməyib, bilyard daşlarının da sayı artıb-əskilməyib. Sadəcə, indi həmin şarların hərəkəti xeyli sürətli olub və o səbəbdən də vıyıltısı daha gur eşidilir. Bizsə elə yenə öz yerimizdə, stolun altındayıq, amma bir az narahat və həyəcanlıyıq, çünki uşaq da olsaq, şarların getdiyi istiqaməti yaxşı duyuruq…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 286