Muəllif:

Azərbaycan sablyaçıları Dünya kubokunda 4-cü oldular

Fevralın 22-24-də Belçikanın Gent şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya kuboku yarışında Azərbaycanı «Neftçi» İSM-in üzvləri Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bunyadova bacıları təmsil ediblər.
Gənclər və İdman Nazirliyindən bildirilir ki, şəxsi yarışlarda idmançılarımızdan ən yaxşı nəticəni Sevil Bunyadova göstərib. O, 160 idmançı arasında 20-ci olub.
Komanda yarışında isə qızlarımızın çıxışını uğurlu saymaq olar. Belə ki, dünya reytinqində 8-ci olduğumuz üçün komandamız yarışlara 1/16 finaldan yox, 1/8-dən başlayıb və ilk rəqibi dünya reytinqində 9-cu olan Almaniya yığması olub. Azərbaycan yığması Almaniya komandasına 45:28 hesabı ilə qalib gəlib. ¼ finalda isə qılıncoynadanlarımız dünya çempionu Rusiya yığmasını çoxlarının gözləmədiyi halda məğlub ediblər — 45:41.
Yarımfinalda İtaliya yığmasına 43:45 hesabı ilə uduzan qızlarımız, 3-cü yer uğrunda ABŞ idmançıları ilə qarşılaşıblar. Heyətində olimpiya çempionu və mükafatçılarının yer aldığı Amerika komandasına 35:45 hesabı ilə məğlub olan qızlarımız Dünya kubokunu 4-cü yerdə başa vurmaqla, ümumi reytinqdə 7-ci yerə yüksəliblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 195