Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olub
Prezidentlər İlham Əliyev və Vladimir Putinin heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olub. Bu sıradanə, ARDNŞ ilə Rosneft ASC arasında əməkdaşlıq haqqında Sazişi və ARDNŞ ilə Rosneft ASC arasında neft nəqlinin əsas şərtlərini Rövnəq Abdullayev və Rosneft idarə heyətinin sədri İqor Seçin imzalayıblar.
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı”nı nazir Kəmaləddin Heydərov və RF mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə naziri Vladimir Puçkov imzalayıblar.
İki ölkə Hökumətləri arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Sazişini fövqəladə hallar naziri Kəmaləddin Heydərov və RF nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.
Dövlət sərhədindən “Samur” (Azərbaycan) — “Yaraq-qazmalar” (Rusiya) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Sazişini nəqliyyat naziri Ziya Məmmədov və RF nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.
2015-ci ilə qədər olan dövrdə humanitar sahədə Əməkdaşlıq Proqramını xarici işlər naziri Elmar Məmmədyarov və RF xarici işlər naziri Sergey Lavrov imzalayıblar.