Muəllif:

Azərbaycan-Polşa əlaqələrinin 540 illiyi poçt markasında

Torun şəhərində Polşa Filatelistlər Birliyinin (PFB) təşkilatçılığı ilə Azərpoçt tərəfindən hazırlanıb və Azərbaycan-Polşa əlaqələrinin 540 illiyinə həsr edilmiş markanın təqdimatı olub. Azərbaycanın Polşa səfirliyindən Trend-ə verilən məlumata görə, təqdimatda Polşa Filatelistlər Birliyinin üzvləri, voyevodluq və şəhər rəhbərliyi iştirak ediblər.
Tədbiri Polşa Filatelistlər Birliyi İdarə Heyətinin sədri Henrık Monkos açaraq iştirakçılara Azərbaycan barədə danışıb və onları ölkəmiz haqqında qısa filmə baxmağa dəvət edib. Sonra səfir Həsən Həsənov çıxış edərək Azərbaycan-Polşa əlaqələrinin tarixindən bəhs edib və iştirakçılara ölkəmiz haqqında ətraflı məlumat verib.
H.Həsənov üzərində Azərbaycan (Ağqoyunlu) hökmdarı Uzun Həsənin və Polşa Kralı IV Kazimiejin şəkli olan markanın səfirliyin təşəbbüsü ilə hazırlanmasını tarixi hadisə kimi dəyərləndirib.
Çıxışın sonunda səfir Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Kuyavsko-Pomorsko voyevodluğunun marşalı Piotr Calbeçki, Torun şəhərinin prezidenti Mixal Zaleski, Avropa Filatelistlər Birliyinin prezidenti Yorgen Yorgensen, Polşa Filatelistlər Birliyinin İdarə Heyətinin sədri H.Monkos, PFB-nin İdarə Heyətinin xarici əlaqələr üzrə səlahiyyətli üzvü Ludvik K.Malendoviç, «Polşa Poçtu» ASC-nin təşviq və korporativ marketinq üzrə direktoru xanım Aqneşka Kloda-Debski və PFB-nin Torun şəhəri üzrə sədri Voyçex Levandovski Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 və bərpasının 20 illiyinə həsr olunmuş medal və sertifikatla təltif edib.
Polşa Filatelistlər Birliyi tərəfindən keçirilən tədbirdə səfir H.Həsənova filatelistikaya verdiyi töhfəyə görə diplom təqdim edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168