Azərbaycan — Pakistan hərbi əməkdaşlığı
Azərbaycanın sıx hərbi əməkdaşlıq qurduğu ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. İki ölkə arasında hərbi əməkdaşlıq münasibətlərinin rəsmən inkişaf nöqtəsi 2002-ci ilə təsadüf edir. 2002-ci il sentyabrın 16-20-də müdafiə naziri S.Əbiyev Pakistan İslam Respublikasında səfərdə olub. Səfər zamanı hər iki ölkənin müdafiə nazirlikləri səviyyəsində hərbi əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb.
Ekspertlərin fikrincə, Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın mövcudluğunun və dərinləşməsinin aşağıdakı bir neçə səbəbi vardır:
1) Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olması və onun Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək verməsi,
2) Əfqanıstanda baş verən proseslər nəticəsində Qərbin sıx tərəfdaşı olmuş (indi bu tərəfdaşlıq bir qədər azalıb) Pakistanla Azərbaycanın hərbi əməkdaşlığın genişlənməsinin Qərb tərəfindən dəstəklənməsi,
3) Vaxtilə Pakistanın hərbi-siyasi rəhbərliyinin Qərblə əlaqələrinin sıx olması, bu səbəbdən Pakistan Silahlı Qüvvələrində tətbiq olunan qaydalar, istifadə edilən silah və hərbi texnikanın NATO standartlarına uyğunlaşdırılması və s. proseslər bu ölkəni Azərbaycan üçün cəlbedici edirdi,
4) 2006-cı ilə qədər istər Bakıda, istərsə də İslamabadda Türkiyə — Azərbaycan — Pakistan arasında hərbi müttəfiqlik münasibətlərinin mövcudluğu barədə rəsmi baxışların olması,
5) Pakistanın istehsal etdiyi silah və hərbi texnikaların qiymətlərinin aşağı olması,
6) Pakistanın hərbi dəniz qüvvələrinin (HDQ) inkişaf etmiş durumda olması, bu ölkənin HDQ üçün əhəmiyyətli infrastruktur imkanlarına malik olması və s.
Əslində 5-6 il bundan öncəyə qədər hərbi əməkdaşlıq münasibətləri daha yüksək idi və ölkələr arasında sıx hərbi müttəfiqlik perspektivini yaradırdı. Amma son illərdəki münasibətlər daha çox praktiki xarakter daşıyır. Bu gün Azərbaycan — Pakistan hərbi əməkdaşlıq münasibətləri daha çox hərbi, hərbitexniki və hərbi təhsil istiqamətində inkişaf edir.
Bir qədər də konkretləşdirsək, son 2 ilin araşdırması göstərir ki, Azərbaycan — Pakistan hərbi münasibətləri əsasən aşağıdakı hadisələr üzərində qurulub:
— qarşılıqlı səfərlər;
— Kurslar (misal üçün «Kiçik zabitlərin qərargah kursu», «Zabitlərin təkmilləşmiş kəşfiyyat kursu», Antiterror təlim kursu, İngilis dili kursu və s.);
— Müdafiə Sənayesi sahəsində məsləhətləşmələr.
Bir sıra ekspertlərin fikrincə, Azərbaycanla Pakistan arasındakı hərbi əməkdaşlığın hazırkı səviyyəsi o qədər də stabil deyil və onun gələcəkdə inkişaf edəcəyinə dair ciddi şübhələr var. Düzdür, 2011-ci ildə mətbuatın yazdığı məlumatlara görə, Azərbaycan Pakistan və Çinin birgə istehsalı olan «JF-17 Thunder» («İldırım») təyyarələrinə marağını ifadə edib və yaxın perspektivdə bu tip təyyarələrdən almaq niyyətindədir. Amma bu məlumat hələlik reallaşmayıb. Müstəqil ekspertlər yaxın persperktivdə bu planın reallaşacağını düşünmürlər.