Muəllif:

«Azərbaycan ordusunda qərbyönümlü zehniyyət hələ də yoxdur»

«Ordunun Aynası»nın növbəti qonağı Türkiyənin Kadir Has Universitetinin Beynəlxalq və Avropa Araşdırmaları Mərkəzinin əməkdaşı, İsrail əsilli tanınmış hərbi-siyasi ekspert Eugene Kogandır.
— Sizin son araşdırmanız Cənubi Qafqazın üç ölkəsinin təhlükəsizlik və müdafiə sektorunda islahatlara həsr olunmuşdu. Sizin qiymətləndirməniz necədir? Hansı problemlər var?
— Cənubi Qafqazın üç ölkəsinin — Gürcüstan, Ermənistan və Azərbaycanın müxtəlif imkanları var. Söhbət hərbidən gedirsə, hərbi problemləri, dilemmaları həll etmək üçün çox müxtəlif zehniyyətlər var. Gürcüstan ordusu hələ 2008-ci ilin avqust hadisələrindən əvvəl ABŞ komanda və nəzarət sisteminə, NATO strukturlarına uyğunlaşdırılmışdı. Beləliklə, bu gün, 2013-cü ildə Gürcüstan hərbisinin zehniyyəti Qərb üslublu zehniyyətdir.
Ermənistanda isə ali və orta səviyyəli zabitlər Rusiya Federasiyasında təhsil alıblar, onlar Moskvadakı hərbi akademiyaların məzunudurlar. Onlardan bəziləri bu yaxınlarda Yunanıstanın hərbi akademiyalarında təhsil almağa başlayıblar. Ermənistan ordusunda transformasiya prosesi gedir və bu ölkənin ordusu ilə bağlı ümumilikdə iki cəhəti qeyd etmək istəyirəm: hərbi quruculuqda əsasən Rusiyayönümlü düşüncə tərzi hakimdir, eyni zamanda, azca da olsa NATOyönümlü zehniyyət də var.
Azərbaycan hərbiyyəsinə gəldikdə, qərbyönümlü düşüncə tərzi, zehniyyət hələ də yoxdur. Azərbaycan ordusundakı zabitlərin bir çoxunun Türkiyə hərbi akademiyalarında təhsil almasına baxmayaraq problemlər var. Problem ondadır ki, Türkiyə hərbi akademiyalarını bitirən aşağı dərəcəli zabitlər Azərbaycana qayıtdıqdan sonra irəli çəkilmək, ölkəyə NATO ordusu zehniyyətini, baxışlarını gətirmək əvəzinə onların hərbi karyeraları dayandırılır, onlar qabağa çəkilmirlər. Beləliklə, Türkiyə hərbi akademiyalarında alınmış təhsil boş-boşuna itirilir.
— Siz bu ölkələrin hərbi doktrinaları, milli təhlükəsizlik konsepsiyaları ilə tanışsınızmı? Nə deyə bilərdiniz?
— Bəli, mən bu ölkələrin hərbi doktrinalarını oxumuşam. Gəlin Azərbaycandan başlayaq. Azərbaycanın Hərbi Doktrinası və Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq bir nömrəli düşmən Ermənistandır. Mən hesab etmirəm ki, son illər üçün bu belədir. Düşünürəm ki, son 3-4 ildə bu məsələdə önəmli dəyişiklik baş verib. Hesab edirəm ki, Azərbaycan üçün potensial düşmən Ermənistandan daha çox İrandır. İran ordusu yaxşı qurulub, yaxşı təchiz olunub, yaxşı təşkil edilib, onlar, eyni zamanda, xeyli təlimlər həyata keçiriblər, nəinki ölkə daxilində, eləcə də Xəzərdə. Düşünürəm ki, sizin bu məsələdə böyük problemləriniz ola bilər. Beləliklə, mən düşünürəm ki, Azərbaycan üçün düşmən anlayışı yavaş-yavaş Ermənistandan İrana yerdəyişmə edir. Problem ondadır ki, Azərbaycan hökuməti İranla aralarında olan çəkişmə gərginliyi barədə danışmaqda maraqlı deyil.
Ermənistan üçün əsas problem isə onun başdan-ayağa quru ölkəsi olması ilə bağlıdır. Onun dənizə çıxışı yoxdur, Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır, transportasiya üçün yalnız iki kanal var: birinci xətt İrana aparır, digəri isə Gürcüstana. Məndən Ermənistanın Gürcüstanla əlaqələri barədə soruşmuşdular. Belə görünür ki, iki ölkə arasında dostluq münasibətləri olmalıdır. Amma Gürcüstan Azərbaycanla tərəfdaş ölkə olması baxımından daim çətin durumda qalır. Belə ki, Gürcüstanın Ermənistanla əlaqələri, Gürcüstanın Azərbaycanla əməkdaşlıq prioritetlərinə təhdid yaratmalı deyil. Beləliklə, Gürcüstanın Ermənistanla əməkdaşlığı prioritet səviyyəyə hələlik çatmayıb. Gürcüstan ordusu və Müdafiə Nazirliyi Ermənistan ordusu və Müdafiə Nazirliyindən bəlli məsafə saxlayır. Çünki Azərbaycanla əməkdaşlıq hazırda Gürcüstan üçün daha vacibdir.
Gürcüstan üçün əsas düşmən Ermənistanın Azərbaycan üçün olduğu səviyyədə olmasa da Rusiya Federasiyasıdır. Rusiya Federasiyası regionda ən vacib aktyor olaraq qalır. RF çalışır ki, regionda, Gürcüstanla münasibətlərdə Cənubi Osetiya və Abxaziya üzərindən və Azərbaycanla münasibətlərdə isə həll olunmamış Dağlıq Qarabağ münaqişəsi üzrəindən öz xeyrinə qüvvələr balansını saxlasın.
— Rusiyanın Cənubi Qafqaz ölkələrinə münasibətindən danışdınız. Bu gün Rusiya faktik olaraq Gürcüstan torpaqlarını işğalda saxlayır və eyni zamanda, Ermənistana dəstək verir, bu ölkənin ərazisində 102 saylı hərbi bazaya malikdir. Siz bu durumun gələcəyini necə görürsünüz? Qərbin və NATO-nun rolu necə ola bilər region ölkələrində sabitliyin təmin olunmasında?
— Gəlin bir qədər geriyə, 2009-cu ilə qayıdaq, o zaman Türkiyə Ermənistana münasibətdə yeni diplomatiya ilə çıxış etdi. Başlanğıcda bu diplomatiya səhv gerçəkliklərə əsaslanırdı. NATO-nun üzvü olan Türkiyədə düşünürdülər ki, onlar birbaşa olaraq Ermənistanla danışsalar, bu ölkə ilə mövcud olan problemlər həll oluna bilər. Türkiyə tərəfi düşünürdü ki, bu prosesdə Gürcüstan, Azərbaycan Rusiya və İranla hər hansı danışıqlar vacib deyil. Amma sən belə bir oyunu ikitərəfli əsasda başlaya bilməzsən. Çünki bu ikitərəfli əsas digər 4 digər aktyoru da özünə daxil etməlidir. Türkiyədə düşünürdülər ki, Ermənistanla müəyyən razılaşmalara çatdıqdan sonra digərlərini məlumatlandıra bilərlər. Bu əsas səhv idi. Sən digər aktyorları sadəcə gözardı edə bilməzsən, çünki onların regionla bağlı ciddi maraqları mövcuddur. Rusiyanın marağı Azərbaycanın marağından fərqlidir.
İranın marağı Rusiya Federasiyasının və Gürcüstanın marağından fərqlidir. Regionda yeni dəyişikliklər əldə etmək üçün Türkiyə hökuməti oyuna yenidən nəzər salmalı idi. Mənim təhlillərimə görə, bu regiondakı ölkələr üçün əsas düşmən Rusiya idi və bu hazırda da davam edir. Rusiyanın özünün oyunu var və bu oyun güc tətbiqinə əsaslanır. Bu, Rusiyanın regiondakı hərbi imkanlarına əsaslanır. Siz Rusiyanın Ermənistandakı 102 saylı bazasını qeyd etdiniz. Bu, Rusiyanın regiondakı ən başlıca hərbi vasitələrindən biridir. Digər tərəfdən Rusiya Abxaziyadakı hərbi obyektlərini genişləndirir. Beləliklə, görünür ki, Gürcüstan iki tərəfdən — Ermənistandan və Abxaziyadan təhdid gözləyir. Gümrü hərbi bazası barədə danışarkən onu qeyd etməliyəm ki, bu yeganə hərbi bazadır ki, Rusiya Federasiyası ona görə digər ölkəyə vəsait ödəmir.
Həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, Rusiya Federasiyası öz-özlüyündə çox vacib rol oynayır. Çünki Rusiya bununla hər iki ölkəni — Azərbaycan və Ermənistanı nəzarət altında saxlayır. Bununla Rusiya, eyni zamanda, diplomatik və siyasi səviyyədə proseslərə nəzarəti saxlayır. Bu məsələ çərçivəsində Azərbaycanla bağlı enerji və təhlükəsizlik siyasətinə gəldikdə Rusiyanın maraqları üzə çıxır. Eyni zamanda, Ermənistandakı iqtisadi durumla da bağlı Rusiyanın maraqları hədsizdir. Çünki Ermənistan iqtisadiyyatının təxminən 80 faizi artıq Rusiyanın nəzarəti altındadır. Ermənistan üçün belə bir vəziyyəti dəyişmək çox çətindir. Belə çıxır ki, Moskva arzuladığı zamanda Ermənistan iqtisadiyyatını tam çokdürə bilər. Ermənistanın isə problemi həll etmək üçün hər hansı həlletmə mexanizmi yoxdur.
Beləliklə, düşünürəm ki, əgər Türkiyə qeyd edilən prosesi yenidən başlamaq istəyirsə onda Gürcüstan, Azərbaycan və İranın maraqlarını nəzərə almalıdır. Yenidən qeyd etməliyəm ki, Rusiya bu regionda əsas rəqib olaraq qalır. Nə NATO, nə Avropa Birliyi, eləcə də Birləşmiş Ştatlar hazırda regionla bağlı nə isə ciddi iş görə bilər. Çünki Birləşmiş Ştatların xarici siyasəti 4 il öncə, Obamanın ilk prezidentliyi müddətində Cənubi Qafqazdan kənarlaşaraq Orta Asiyaya, Yaxın Şərqə, Afrikaya yönəldi. Avropa Birliyi hazırda davam edən ağır iqtisadi böhranla üzləşib. Mümkündür ki, bu böhran yaxın 3-5 il ərzində davam eləsin. NATO isə transformasiya prosesindədir. Beləliklə görürsünüz ki, əsas 3 oyunçu Cənubi Qafqaz regionunda çox ciddi və vacib rol oynaya bilmir, çünki onlar öz problemlərinin həllini tapmalıdır. Belə bir durum Rusiyanı regionda əsas aktyor kimi qoyur. Hazırda Rusiya regiondakı konfliktləri, Dağlıq Qarabağ münaqişəsini həll etmək marağında deyil. Abxaziya və Cənubi Osetiyaya gəldikdə, qeyd etdiyim kimi, Rusiya Abxaziyadakı qoşunlarını gücləndirir, yenidən təşkil edir. Cənubi Osetiyaya gəldikdə isə, bu çox kiçik ərazidir və orada cəmisi 20 min adam yaşayır. Strateji baxımdan isə bu ərazi Moskva üçün çox vacib görünür. Çünki Cənubi Osetiyadan məsələn Qoriyə qədər olan məsafə cəmisi 50 kilometrdir. Beləliklə, Moskva qərara alsa ki, siyasətini bitirsin və ölkəni tamamilə işğal etsin, Cənubi Osetiya hesablama baxımından çox vacib bir ərazi olacaq.
— Gürcüstanın yaxın vaxtlarda NATO-ya üzv olacağına inanırsınızmı?
— Bu barədə danışmaq çox çətindir. Gürcüstanın NATO-ya üzvlük prosesi 2008-ci ildə başlamayıb. Bu proses 13 il öncə, 2000-ci ildə başlayıb. Siz Gürcüstanın NATO-ya üzv olmaq arzusunu Türkiyənin Avropa Birliyinə üzv olması arzusu ilə müqayisə edə bilərsiniz. Türkiyə ilə Avropa Birliyi arasında proses 50 il öncə başlayıb və Türkiyə hələ də bu birlikdə deyil.
Gürcüstanın NATO-ya üzvlüyü təkcə Gürcüstandan asılı deyil, həm də NATO-dan asılıdır. Dediyim kimi, NATO bu gün özünün transformasiya prosesi ilə məşğuldur və bu proses sona çatmayıb. Beləliklə, NATO tərəfində də problem mövcuddur. Günlərin bir günü NATO real olaraq Gürcüstanı qəbul etmək arzusunu dilə gətirsə, o zaman alyans Gürcüstanı hər bir vəziyyətdə, Rusiya ilə konfrontasiya durumunda müdafiə etməyə hazır olacaq. Amma bu gün NATO Gürcüstanı müdafiə etməyə, Rusiya ilə qarşıdurma vəziyyətində onu qorumağa hazır deyil.
— Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlığını necə qiymətləndirirsiniz? Çünki keçən il Azərbaycan və Rusiya Qəbələ RLS üzrə danışıqları başa vurdular. Eyni zamanda, son illərdə Azərbaycan Rusiyadan böyük həcmdə silah və hərbi texnika alıb. Sizcə bu əməkdaşlığın məqsədləri nədir?
— Bu əməkdaşlıqdan danışarkən ilk növbədə onu nəzərə almaq lazımdır ki, Rusiya həmişə bu regionda yürütdüyü siyasət zamanı öz maraqlarını güdür. Azərbaycana böyük həcmdə silah satması ilə Rusiya Ermənistana açıq mesaj göndərir ki, əgər sən özünü yaxşı aparmasan cəzalandırılacaqsan. Bu Moskvadan İrəvana göndərilən dolayı mesajdır. Eyni zamanda, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistana hərbi dəstək verir. Bundan başqa Rusiya Gümrüdəki 102 saylı hərbi bazanı və İrəvan aeroportu yaxınlığındakı hərbi hava bazasını modernləşdirir. Moskva istəyir ki hər iki tərəfə münasibətdə balansı saxlasın. Eyni zamanda, silah satışı həmişə biznesdir.
Amma Azərbaycan və Ermənistan arasında böyük fərqliliklər var. Son 7 il ərzində Azərbaycanın müdafiə sənayesi qərara aldı ki, təkcə postsovet ərazisindən, Rusiyadan, Ukraynadan və Belarusdan deyil, dünyanın başqa ölkələrindən də avadanlıq alsın. Beləliklə hazırda İsrail — Azərbaycan, Cənubi Afrika Respublikası — Azərbaycan və Türkiyə — Azərbaycan arasında geniş həcmdə müdafiə sənayesi biznesi həyata keçirilir. Ermənistana gəldikdə, bu ölkənin avadanlıq almağa imkanları məhduddur. Eyni zamanda, yadda saxlanılmalıdır ki, Ermənistanın bütün avadanlığı 100 faiz Rusiya mənşəlidir, Rusiya çaplıdır. Rusiya çaplı avadanlığı NATO çaplı avadanlıqla üz-üzə qoymaq çox çətindir. Bu o məna verir ki, yaxın görünən gələcəkdə Ermənistana NATO avadanlığı satılmayacaq. Hətta gələcəkdə 20-30 ildən sonra Ermənistan qərara alsa ki, NATO-ya qoşulsun, o zaman bu ölkə bütün hərbi avadanlığı a-dan zet-ə qədər dəyişdirməlidir. Bu xeyli vaxt alan və bahalı proses olacaq.
— Bəs Azərbaycana münasibətdə nə demək olar?
— Azərbaycan daha yaxşı vəziyyətdədir. Çünki Rusiyadan alınmış silahlar təchizatın 100 faizini təşkil etmir. Qeyd etdiyim kimi, hərbi avadanlıq, eyni zamanda, CAR-dan, İsraildən, Türkiyədən də alınıb. Beləliklə, mənim təxminlərimə görə, bu gün sizdə hərbi avadanlığın 60 faizi NATO ilə əlaqəlidir, 30-40 faiz isə Rusiya mənşəlidir. Beləliklə, biz burada disbalansı görürük. Azərbaycanın Rusiyadan daha çox NATO çaplılığa daha yaxın olması trendi göz önündədir.
— Azərbaycanın İsraillə hərbi əməkdaşlığı mənim üçün maraqlıdır. Siz mənşəcə İsraildənsiniz və ona görə də necə düşünürsünüz, İsrailin Azərbaycanla hərbi əməkdaşlıq qurmaqda məqsədi nədir?
— Məncə iki çox vacib məsələni yadda saxlamaq lazımdır. Birinci, Azərbaycan regionda yeganə müsəlman ölkəsidir ki, İsrail dövləti ilə dostcasına, çox yaxşı münasibətləri var. Azərbaycanın xarici işlər naziri bu il Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq İsrailə səfər etdi. Bu səfər iki ölkə arasında mövcud olan möhkəm diplomatik əlaqələrə əlavə güc verdi. Eyni zamanda, bölgədə İsraillə yaxşı münasibətlərə malik yeganə müsəlman dövləti kimi Azərbaycanla əlaqələri gücləndirmək İsrail dövlətinin marağındadır. Bunun nəticəsi kimi İsrail Azərbaycana ötən il 1,6 milyard dollar həcmində silah satdı və mən düşünmürəm ki, bu sonuncu satış oldu. Çünki İsrailin müdafiə sənayesi şirkətlərinin Azərbaycanda böyük maraqları var. İsrailin əsas aparıcı özəl şirkətlərindən olan «Elbit İndustries» bir neçə il öncə Bakıda öz filialını açdı. Azərbaycanın Rusiya, Ukrayna və Belarusdan çoxlu silah və hərbi texnika əldə etməsi faktı İsrail şirkətlərinə imkan yaradır ki, həmin texnikaların qərb standartlarına uyğunlaşdırılması, modernləşdirilməsi işində Azərbaycana yardım etsinlər. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Çünki Azərbaycan hökuməti bu prosesi maliyyələşdirmək imkanındadır. Bu, İsrailin müdafiə sənayesi şirkətləri üçün çox vacib bonusdur. Azərbaycan İsrail üçün çox vacib müştəridir. İkinci tərəfi ondan ibarətdir ki, Azərbaycan İsrailə çox mehriban ölkə olması baxımından regionda Türkiyəni əvəz edə bilər. Beləliklə, Azərbaycan İsrail üçün Cənubi Qafqazın Türkiyəsinə çevrilir.
— İran Azərbaycanla İsrail arasında əməkdaşlığın səbəblərindən biri ola bilərmi? Bir neçə il öncə yerli və xarici media yazırdı ki, İsrail guya Azərbaycanda bir neçə hərbi hava bazasına yiyələnib və onlardan İrana qarşı istifadə edəcək. Bu barədə nə düşünürsünüz?
— Bu məsələ ətrafında xeyli spekulyasiyalar, yumor vardı. Mən düşünmürəm ki, İsrail Azərbaycanda hər hansı hərbi bazaya malikdir. Eyni zamanda, onu da nəzərdə saxlamaq lazımdır ki, Azərbaycanla İran arasında hərbi əməkdaşlıq xoş, mehriban deyil. Sərhədin hər iki tərəfində xeyli şübhələr var. Bir məsələni də xüsusi yadda saxlamaq lazımdır ki, Şimali İranda təxminən 20 milyon azərbaycanlı yaşayır. Bu və digər məsələlər baxımından İsrailin Azərbaycanda hərbi bazalara malik olması barədə məlumatlar ciddi deyil. Düşünürəm ki, Azərbaycan hökumətinin İsraildən gələn hərbi əməliyyatlara birbaşa və ya dolayısı ilə qoşulmamaq barədə özünün marağı vardır. İsraillə hərbi sahədə əməkdaşlıq etməsinə baxmayaraq Azərbaycan tərəfi İran məsələsinə çox həssaslıqla yanaşır və bu kimi məsələlərə qoşulmamaq qərarı verib. Məlumatlara görə, İsrailə Azərbaycanın hava məkanından istifadə etməsinə icazə verilməsi üçün ABŞ-dan da Azərbaycana müraciətlər daxil olmuşdu. Amma Azərbaycan tərəfi bu məsələdə çox ehtiyatlıdır və indiyədək bu kimi hərbi əməliyyatlara qoşulmamaq siyasətini yürüdür.
— Bir neçə il öncə Azərbaycan «Qoşulmayanlar Hərəkatı»na qoşuldu. Necə düşünürsünüz, bu düzgün qərar idimi?
— Mən bilmirəm hansı səbəbə Azərbaycan bu təşkilata qoşuldu. Çünki bu təşkilatın real gücü , dinamikası yoxdur. Azərbaycan düşünüb ki, BMT Təhlükəsizlik Şurasında yer alması üçün «Qoşulmayanlar Hərəkatı» üzvlərinin səsini ala biləcək. Ola bilər. Amma mən düşünmürəm ki, qeyd edilən təşkilatın üzvləri bu oyunda çox vacib ölkələrdir. Düşünmürəm ki, son bir neçə ildə Azərbaycanın bu təşkilata üzvlüyü ona hər hansı fayda verib. Məncə, bu təşkilata üzv olmaqla Azərbaycan dünyaya müstəqil oyunçu olduğunu, öz gələcəyi barədə özü qərar verdiyini göstərmək istəyirdi.
— Hərbçilərin demokratikləşmə prosesində rolu barədə nə deyə bilərdiniz? Bir çox ölkələrdə baş verən inqilablar zamanı bu məsələ aktual olur. Hazırda Azərbaycan və Gürcüstan prezident seçkilərinə hazırlaşıdr. Belə bir vəziyyətdə sizin qoyulmuş məsələyə münasibətiniz necədir?
— Ən vacib yanaşma ondan ibarətdir ki, hərbçilər siyasətdən kənar saxlanılmalıdır. Hərbçilər siyasi proseslərə məxsus deyillər, onlar hökumət aparatının, strukturunun bir hissəsidir, onların özlərinin ölkənin maraqlarını müdafiə etmək kimi tapşırıqları vardır. Hərbçilərin hüququ var ki, siyasi proseslərə münasibət bildirsinlər, lakin onu dəyişdirmək hüquqları yoxdur. Azərbaycan və Gürcüstanda hərbçilərin siyasi proseslərdə roluna dair tarix müxtəlifdir. 90-cı illərin əvvəllərinə qayıtsaq, Azərbaycanda hərbçilərin siyasətə cəlb olunmasına dair pis xatirənin olduğunu görərik. Ola bilər ki, Azərbaycanda hərbçilərin siyasətə müdaxiləsinin mümkünlüyü barədə danışarkən mövcud müdafiə nazirinin, Silahlı Qüvvələrin baş qərargah rəisinin 20 ilə yaxın eyni vəzifədə qalmasının doğurduğu problemlər də diqqətə gəlir.
Mövcud vəziyyət onu xəbər verir ki, Azərbaycanda hökumət hərbçilərə inanmır, hökumət nöqteyi-nəzərindən hərbçilər hökumətə loyal və sadiq olmalı, onlar hökumətin siyasətində alət olmalıdırlar. Gürcüstanda isə hərbçilər mülki nəzarətin tərkib hissəsinə çevrildilər. Bu ölkədə hərbçilər öz tapşırıqlarını aydın bilir və cəmiyyətin tərkib hissəsi kimi əməliyyat həyata keçirir. Beləliklə, mən Gürcüstanda hərbçilərin durumunu daha çox Qərb standartlarına uyğun görürəm. Azərbaycanda isə bu aşağı səviyyədədir.
— Sizcə güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin rəhbərliyinin uzun illər eyni vəzifədə qalması normaldırmı?
— Məncə bu çox qeyri-adidir və qeyri-sağlamdır. Çünki hərbi isteblişmentin yeni qana, yeni ideyalara ehtiyacı var. Əgər biz Müdafiə nazirini və Baş Qərargah rəisini 20 ilə yaxın vəzifədə saxlayırıqsa, deməli hərbi isteblişment yaxşı, sağlam isteblişment deyil. Belə vəziyyətdə yeni ideyalar dayandırılır, inkişaf baş vermir, regional dəyişikliyi anlama da dayanır. Son 20 il ərzində regionda situasiya dəyişilib və əgər ordu rəhbərliyi dəyişilmirsə, bu o deməkdir ki, zehniyyət donmuş vəziyyətə gəlib çıxıb. Hesab edirəm ki, belə uzun müddətli müdafiə naziri və baş qərargah rəisi dəyişdirilməlidir. Onları vəzifədə saxlayan insanlar dəyişiklikləri nəzərə almır və onların reallıqları qarşılamaq problemi var.
— Son illərdə Azərbaycan Silahlı Qüvvələrində itkilərin sayı kəskin artıb. Xüsusilə də qeyri-döyüş itkiləri. Baxmayaraq ki, hərbi büdcə dəfələrlə artırılıb. Ordudakı idarəetmə problemləri bunun səbəbi ola bilərmi?
— Bunun müxtəlif səbəbləri ola bilər. Sovetlər dövründən qalmış miras yaşlı çağırışçıların cavanları sıxışdırması və s. problemlər diqqəti çəkir. Hesab edirəm ki, problemlərdən, itkilərdən yaxa qurtarmaq üçün Azərbaycana sovet mirasından qalmış ordu deyil, yeni, müasir, yeni zehniyyətli ordu lazımdır. Əgər siz yeni, müasir ordu istəyirsinizsə, bütün zabitlərinizi, bütün çağırışçı əsgərlərinizi çıxartmalısınız, siz sıfırdan başlamalısınız və yeni ordu qurmalısınız. Bu xüsusilə də quru və hava qüvvələrinə aiddir. Çünki Azərbaycanın dəniz qüvvələrinə gəldikdə ABŞ-ın dəstəyi ilə bu qoşunlar modernləşdirilib. Bu onu göstərir ki, ordunun durumu dəyişilə bilər. Son 20 il ərzində Azərbaycanda quru qoşunlarında yeni ordu quruculuğuna dair hər hansı innovativ ideyalar görməmişəm. Düşünürəm ki, Azərbaycan ordusunda hərbi qulluqçular arasında olan münasibətlər sağlam, qarşılıqlı hörmətə əsaslanan durumda deyil.
— Sonuncu sualım Əfqanıstanla bağlıdır. 2014-cü ilin sonuna qədər xarici qüvvələr bu ölkəni tərk edəcəklər. Sizcə Əfqanıstanın öz ordusu ölkədə sabitliyi təmin etməyə qadir olacaqmı?
— Biz müxtəlif seçimlər və ssenarilər barədə düşünə bilərik. Bir yanaşma ondan ibarətdir ki, bu gün Əfqanıstan ordusu ölkədə xarici sabitləşdirici qüvvələr — ABŞ və onun müttəfiqlərinin olması səbəbindən ölkədəki durumu nəzarət altına almağa hazır deyil. Hesab edirəm ki, xarici qüvvələrin Əfqanıstanı tərk etməsindən 6 ay sonra Əfqanıstan hərbçilərinin ölkədəki durumu nəzarət altına almaq imkanlarının necə olması bəlli olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 289