Azərbaycan Ordusunda itkilər
Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorundakı itkilərin artımı yenidən cəmiyyətdə narahatlıq yaradıb. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində monitorinqinin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 35 nəfər təşkil edib. Ötən müddətdə 38 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə həyatını itirənlərin 7-i döyüş (7 nəfər erməni gülləsi), 28-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa, C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən həyatdan gedib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
5 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma), 3 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən ölüb. 8 nəfər intihar edib. Ölənlərdən 30-u Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (38 nəfər), onların 10-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 6-ı erməni gülləsindən, 1 nəfər mina partlayışından, 3-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın və s.), 12-i isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıblar. 33 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
«Doktrina» ekspertlərinin məlumatına görə, bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə itkilərin sayında artım var.
İtkilərin əsas səbəbləri
Cari ilin monitorinqi göstərir ki, Təhlükəsizlik və Müdafiə sektorundakı itkilərin səbəbləri son 10 il üçün dəyişilməz qalıb. Əsasən aşağıdakı səbəblər göstərilir:
— Döyüş itkiləri (erməni gülləsi). 2003-2012-ci illərdə 147 hərbi qulluqçu erməni gülləsinin qurbanı olub. Bu statistika sabit deyil, gah azalır, gah artır. Ümumilikdə, düşmən gülləsindən ölən hərbçilərin sayı ümumi itkilərin 15-25 faizi civarında dəyişir. Ekspertlərin fikrincə, bu itkilərin sayını müxtəlif tədbirlər (maarifləndirmə, mühəndis-istehkam işlərinin görülməsi) vasitəsilə iki dəfəyədək azaltmaq mümkündür.
— Mina partlayışı. 2013-cü ildə bu tip hadisədən ölən hərbi qulluqçuya rast gəlinməsə də, ümumilikdə son 10 il ərzində təxminən 30 hərbi qulluqçu mina partlayışı səbəbindən həlak olmuşdur. Araşdırmalar göstərir ki, bu hadisələrin sayını minimuma endirmək mümkündür.
— Bədbəxt hadisələr. Ümumilikdə, bu kimi hadisələrdən həyatını itirənlər itkilərin ümumi statistikasında 10-15 faiz təşkil edir. Əsas səbəblər — xidmət zamanı ortaya çıxan hadisələr, hərbi texnikadan düzgün istifadə olunmaması, təhlükəsizlik qaydalarının pozulması, hərbi hissələrdə maarifləndirmə işlərinin zəif aparılması, hərbi qulluqçuların bir sıra hallarda daha çox əmək istismarına məruz qalması və sairdir. Son illərdə bu istiqamətdə itkilərin siyahısında müəyyən qədər azalma müşahidə olunsa belə, ümumiyyətlə, problem əvvəlkitək aktualdır.
— Avtoqəzalar. Bu, Azərbaycan ordusunda itkilərin əsas səbəblərindən biridir. Təkcə 2012-ci ildə 16 hərbi qulluqçunun həyatını itirməsinə səbəb avtoqəzadır. Ümumilikdə isə, 2003-2012-ci illərdə təxminən 80 hərbi qulluqçu bu tip hallar nəticəsində həyatını itirib. Araşdırmalara görə, avtoqəzalar nəticəsində ölənlər ümumi statistikada təxminən 15 faiz yer tuturlar. Bunun səbəbləri çoxdur. Əsas səbəb Silahlı Qüvvələrində peşəkar sürücülərin hazırlanma mexanizminin hələ də olmamasıdır. Ekspertlərin fikrincə, orduda sürücü peşəsi mülki olmalı və orada çalışanlar peşəkar sürücülər olmalıdır.
— Təyyarə və vertolyot qəzaları. Bu istiqamətdə itkilər Silahlı Qüvvələr üçün daim təkrarlanan olmasa da, baş verir. Bunun səbəbləri barədə fikir söyləmək çətindir. Ona görə ki, rəsmi qurumlar bu tip itkilərin əsl səbəbləri barədə informasiya verməkdə maraqlı deyillər və indiyə qədər baş vermiş hərbi təyyarə/vertolyot qəzalarının əsas səbəbləri, «qara qutu»lar cəmiyyətə açıqlanmaylıb.
— Naməlum səbəblər. 2003-2012-ci illərdə 30 hərbi qulluqçu naməlum səbəbdən həyatını itirib. «Doktrina»dan verilən məlumata görə, naməlum itkilər o zaman ortaya çıxır ki, aidiyyəti güc strukturları, xüsusilə Müdafiə Nazirliyi və Hərbi Prokurorluq itkilərin əsl səbəbləri barədə cəmiyyətə hər hansı məlumat vermək istəmirlər.
— Ehtiyatsızlıq. Əslində ehtiyatsızlıq termini nisbi termindir. Son 10 ilin araşdırması göstərir ki, güc strukturları orduda qeyri-nizamnamə halları səbəbindən ortaya çıxan itkiləri ilkin olaraq əsasən ehtiyatsızlıq kimi qiymətləndirirlər. Hətta intihar hadisələrinin əksəriyyəti ehtiyatsızlıq kimi dəyərləndirilir. Lakin sonradan bəlli olur ki, bu hadisələrin əksəriyyəti heş də ehtiyatsızlıq səbəbilə baş verməyib. Ümumi yanaşma belədir ki, ehtiyatsızlıq səbəbilə baş verən itkilərin sayı çox azdır, bu tip hadisələrin əksəriyyəti şüurlu şəkildə baş verir.
— Qeyri-nizamnamə hadisələri. Son 10 ildə 120-yə yaxın hərbi qulluqçu məhz bu səbəbdən həyatını itirib. Təkcə ötən il 19 hərbi qulluqçu bu səbəbdən həyatını itirdi. Ekspertlərin fikrincə, bu hadisələrdən ölənlərin sayı Silahlı Qüvvələrdə mənəvi-psixoloji durumu göstərir.
— Xəstəliklər. Son 10 ildə 60 nəfərə yaxın hərbi qulluqçu müxtəlif xəstəliklərdən vəfat edib, ötən il üşün bu göstərici 14 nəfər idi. Araşdırmalar göstərir ki, bu göstərici son 6 il ərzində artan xətlə davam edir. Bunun da köklü səbəbləri vardır. Bunlar arasında hərbi-həkim kadrlarının hazırlanma prosesində mövcud problemlər, sosial təminatın, məvaciblərin aşağı olması, hərbi müayinə və müalicə müəssisələrinin ümumi durumunun qənaətbəxş olmadığı kimi hallar var.
— İntiharlar. 2003-2012-ci illərdə Təhlükəsizlik və Müdafiə sektorunda 90 hərbi qulluqçu intihar edib və onlardan 19 nəfəri yalnız 2012-ci ildə özünə qəsd edib. Araşdırmalar göstərir ki, intiharlar ümumi itkilərin təxminən 10-20 faizini təşkil edir və onların sayı son dörd ildə dörd dəfə artıb.
İtkilərin aradan qaldırılması yolları
Araşdırmalar göstərir ki, Silahlı Qüvvələrdə itkilərin sayının artmasının ciddi səbəbləri var və onlardan ən əsası MN-də idarəetmə böhranı ilə bağlıdır. MN-nin indikirəhbərliyinin 20 il müddətində eyni vəzifədə qalması, idarəetmə prosesində daha çox şəxsi münasibətlərin hakim olması itkilərin əsas səbəbi kimi dəyərləndirilir. «SeDEP» QHT-lər Koalisiyasının ekspertlərinə görə, MN-nin indiki rəhbərliyi istefaya göndərilməli, orduda islahatlar mövzusunda nəzəri, praktiki biliklərə malik insanlar rəhbərliyə gətirilməlidir. MN rəhbərliyinin və SQ-də mümkün vəzifələrin mülkiləşdirilməsinə başlanılmalı, ordu idarəetməsi təkmilləşdirilməli, SQ Baş Qərargahı ilə MN aparatı arasında səlahiyyət bölgüləri dəqiqləşdirilməlidir.
Bununla yanaşı hərbi islahatlar proqramı açıq olmalı, İPAP sənədinin mətni elan olunmalıdır. Müdafiə xərclərinin sosial yönümlü olması, hərbçilərin məvaciblərinin artırılması, güzəşt və imtiyazların bərpa olunması, mənzil təminatının gücləndirilməsi vacibdir. Eyni zamanda MN və Hərbi Prokurorluğun orduda cinayət hallarının aradan qaldırılmasına şəffaf fəaliyyəti baş verən neqativ və cinayət hadisələri ilə əlaqədar təxirəsalınmaz araşdırmaların aparılması və nəticələrin ictimaiyyətə açıqlanması zəruridir.
Eyni zamanda hərbi xidmət sistemində tərbiyəvi işlərin gücləndirilməsi, orduda din və psixoloq təsisatlarının tətbiq olunması olduqca vacib görünür. Hərbi xidmətə çağırılan vətəndaşların xidmətdən öncə məktəblərdə, cəmiyyətdə nizam-intizamlı şəxs kimi yetişdirilməsini nəzərdə tutan kompleks tədbirlərin görülməsi və əsas olaraq cəmiyyətdə ordunun nüfuzunun qaldırılması istiqamətində tədbirlərin görülməsi qaçılmazdır. Hərbi xidmətə çağırış yaşının 18-dən 20-yə qaldırılması və son həddinin 35-dən 28-ə endirilməsi lazımdır. Cəbhə xəttində xidmət edən şəxsi heyətin qısa zaman kəsiyində müqaviləli xidmət sisteminə keçidini nəzərdə tutan mexanizmin hazırlanması və tətbiq olunması vacibdir. Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişməsi məsələləri diqqətdə saxlanılmalıdır.
Bununla yanaşı güc strukturlarının cəmiyyət və parlament qarşısında hesabatlılığı təmin edilməli, ordu üzərində mülki nəzarət mexanizmləri tətbiq olunmalı, MM Təhlükəsizlik və Müdafiə Komitəsinin Silahlı Qüvvələrdə baş verən proseslərin aydınlaşdırılmasına yönəlik səlahiyyətləri, orduda nizam-intizam qaydalarının, hərbi qanunvericilyin müasirləşdirilməsi, NATO standartlarına uyğunlaşdırlması istiqamətində fəallığı artırılmalıdır.
Rəhbərlik Silahlı Qüvvələrdə mənəvi ruhun artırılması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Son illər orduda baş verən kütləvi ölüm hadisələri Sülahlı Qüvvələrdə şəxsi heyətlə tərbiyə işinin pis vəziyyətdə olduğunu göstərir. Silahlı Qüvvələrdə mənəvi ruh düşkünlüyü yaranıb, şəxsi heyətin mənəvi, tərbiyəvi hazırlığı məsələsində ciddi problemlər var. Vəziyyətin belə olmasında MN rəhbər vəzifəlilərinin, eyni zamanda Tərbiyə İşlər İdarəsinin də məsuliyyəti var. Dövlət rəhbərliyi bunu ilk növbədə diqqətdə saxlamalıdır.