Azərbaycan-İsrail Ticarət-Sənaye Palatasının açılışı olacaq
Yaxın vaxtlarda Azərbaycan-İsrail Ticarət-Sənaye Palatasının rəsmi açılışı gözlənilir. İsrail hökuməti palatanın fəaliyyətini vacib hesab edir və onun işinə maksimum dəstək verməyə hazırdır. Bu barədə İsrail XİN iqtisadiyyat şöbəsinin rəhbəri Aşer Yarden Tel-Əvivdə İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının təsisçilərinin ilk toplantısında bildirib.
Görüşdə palatanın təsisçilərinin 85 faizi toplaşıb. Görüşdə nazirliklərin və beynəlxalq ticarət palataları federasiyasının nümayəndələri də iştirak ediblər. İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının prezidenti və Direktorlar Şurasının sədri vəzifəsinə bu təşkilatın yaradılmasının təşəbbüskarı olan Aleks Kaplun seçilib.
Toplantıda o cümlədən Direktorlar Şurası və palatanın icraçı direktoru da seçilib.
Kaplun Trend-ə bildirib: «Bu, İsrail və Azərbaycan arasında iqtisadi və mədəniyyət əlaqələrinin inkişafının daha bir mərhələsidir. Dünyanın iqtisadiyyat və biznes aləminin «qaymaqları» bizim təşkilata daxildir. Onların hamısı ticarət palatasının inkişafında və ölkələrimiz arasında biznesin inkişafında böyük səylər göstərirlər».
O bildirib ki, artıq yaxın vaxtlarda palatanın həm Tel-Əvivdə, həm də Bakıda açılış mərasimi keçiriləcək.
Ticarət-Sənaye Palatasının rəhbəri Azərbaycanın həm dövlət, həm də özəl sektorlarını yeni yaradılan struktura qoşulmağa və bununla da «ümumi uğurun bir hissəsi olmağa» çağırır.
Kaplun vurğulayıb: «Bizim ölkələr üçün Ticarət-Sənaye Palatasının yaradılması vacib iqtisadi hadisədir».
Palatanın əsas fəaliyyət istiqamətlərindən biri yüksək texnologiyalar olacaq ki, bu da özündə telekommunikasiya texnologiyaları, İT texnologiyaları, kibertəhlükəsizlik, mobil və internet tətbiqlər sahələrini özündə birləşdirəcək.