Muəllif:

Azərbaycan futbolu: 2012-ci il nə göstərdi?

2012-ci ildə Peşəkar Futbol Liqasının bayrağı altında 8 turnir keçirilib. Bunlar 4 müxtəlif yarışın 2 mövsümü əhatə edən hissələridir. Yəni Unibank Premyer Liqasında 2011/12, Topaz Premyer Liqasında 2012/13, Azərbaycan kuboku, əvəzedicilərin çempionatı və I divizionda isə hər 2 mövsümün 2012-ci ilə təsadüf edən bölümləri. Peşəkar Futbol Liqasının rəsmi saytının bu yarışların 2012-ci il üçün hazırladığı yekununda bunun təfsilatı verilir.
Unibank Premyer Liqasının 2011/12 və Topaz Premyer Liqasının 2012/13 mövsümlərinin bitməkdə olan hissəsində 12 komanda çıxış edib. Bu komandaların ümumilikdə keçirməli olduğu 192 matçdan 2-si təxirə salınıb. «Simurq» — «Rəvan» matçında texniki nəticə (3:0) qeydə alınıb. Həmin matçdakı top fərqini nəzərə almasaq 189 oyunda 438 top vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir.
Ən yaxşı nəticə «Neftçi» ilə «Qarabağ»a məxsusdur. Bakılılar yalnız top fərqində öndədir. «Qəbələ» ilə «İnter» isə lider cütlükdən cəmi 1 xal geri qalır. 1 oyun az keçirən «Neftçi» hamıdan çox — 53 qol vurmaqla, «İnter» ən az — 19 qol buraxmaqla diqqət çəkir.
Azərbaycan kubokunun 2011/12 və 2012/13 mövsümlərinin bitməkdə olan hissəsində 21 komanda çıxış edib. Bu komandaların ümumilikdə keçirdiyi 26 qarşılaşmada qapılara 68 top vurulub. Orta məhsuldarlıq 2,62-yə bərabərdir. Burada «Bakı» aşkar üstünlüyə malikdir.
Əvəzedicilərin çempionatının 2011/12 və 2012/13 mövsümlərinin bitməkdə olan hissəsində 12 komanda çıxış edib. Bu komandaların ümumilikdə 192 oyun keçirməli olsa da «Simurq» — «Bakı» və «Kəpəz» — «Bakı» oyunlarının nəticəsi ləğv olunaraq texniki nəticə qeydə alınıb. Hər 2 halda bakılılara qələbə verilib.
Bu matçları saymasaq 190 qarşılaşmada 574 qol vurulub. Bu da orta hesabla hər görüşdə 3,02 qolun vurulması deməkdir.
Əvəzedicilərin yarışında ilin komandası «Bakı»dır. Qələbə, xal, vurulan qollarda hamını üstələyən paytaxtın eyni adlı təmsilçisinin ən yaxın izləyicisi «İnter» yalnız etibarlı müdafiə ilə öndədir.
I divizionun 2012-ci ilə aid olan 2 mövsümündə isə 16 komanda iştirak edib. Bu komandalar 169 matç keçirməli olsa da, biri baş tutmayıb. Belə ki, «Energetik» — «Bakılı» matçında texniki nəticə qeydə alınıb. Baş tutan 168 oyunda 485 qol vurulub. Orta məhsuldarlığın 2,89 olduğu yarışın ən yaxşısı «Neftçala»dır.
Ümumilikdə isə Peşəkar Futbol Liqasının bayrağı altında baş tutan yarışlarda 573 matç baş tutub. Daha 4 qarşılaşmada texniki nəticə qeydə alınıb. 573 matçda 1565 qol vurulub. Orta məhsuldarlıq 2,73-ə bərabər olub.
28 klubun mübarizə apardığı 2012-ci ildə Premyer Liqa təmsilçiləri 2, digərləri 1 komanda ilə təmsil olunub. Bir sözlə il ərzində 28 klubun 40 komandası çıxış edib. Bu 28 klubun illik nəticələrinə əsasən ən yaxşı göstərici «Neftçi»yə məxsusdur. «İnter» 2-ci, «Bakı» isə 3-cüdür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 175