Azərbaycan əhalisi 9442,5 min nəfərə çatdı
Nikahların da sayı artır, doğulanların da. Göstəricilər yaxşı deyə qiymətləndirilə bilər.
Dövlət Statistika Komitəsindən açıqlanan rəqəmlərə görə, bu ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 62 min nikah və 8,7 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilə nisbətən nikahların sayı 8,1-dən 8,9-a qədər artıb. Boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalaraq dəyişməyib.
Birinci nikaha daxil olanların orta yaş həddi oğlanlar arasında 27,6, qızlar arasında isə 23,7 yaş təşkil edir. Cari ilin yanvar-sentyabr ayları ərzində DİN-nin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2048 nəfər gələn və 173 nəfər ölkədən gedən qeydə alınıb.
Əhalinin sayı cari ilin oktyabr ayının 1-nə olan vəziyyətə görə, 9442,5 min nəfərə çataraq ilin əvvəlindən 86,0 min nəfər və ya 0,9 faiz artıb. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləridir. Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.
Əhalinin orta yaşı 32,6 yaşdır. Əhalinin doğulanda gözlənilən ömür uzunluğu 73,9 yaş, о cümlədən kişilərdə 71,3 yaş, qadınlarda 76,6 yaş təşkil edir.
Bu ilin 9 ayı ərzində ölkədə 40,9 min ölüm halı qeydə alınıb. 2012-ci ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (5,9) qalaraq dəyişməyib.

