Muəllif:

Azər-Ross qatillərinə hökm oxundu: ikisi ömürlük…

Azər-Ross MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Vüsal Qurbanov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə sonuncu məhkəmə iclası da yekunlaşdı.
2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Azər-Ross mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.
İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Bəlli olub ki, şirkətin rəhbər şəxsləri — Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb. Və onların heç birinə mənzil verilməyib.
Bundan öncə prokuror müttəhimlərdən Hümbət Məmmədov və Vüsal Qurbanova ömürlük cəza, Tofiq Bəkirova 15 il, Fərman Hacıyevə 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov qardaşlarının hər birinə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sahil Şamilov son söz deyib. O, bildirib ki, bu işdə qardaşı Şamil Şamilov da, özü də günahsızdır. Onun sözlərinə görə, heç bir günahları olmadığı halda mühakimə edilirlər: “Allahdan qorxmaq lazımdır. Heç bir günah olmadan iki qardaş burada oturmuşuq. Günahımız olmaya-olmaya mühakimə edilirik”.
Sahil Şamilov sifarişlə tutulduğunu bildirib. Onun sözlərinə görə, qətlə yetirilən şəxsi də, bu qətldə günahkar bilinən digər şəxsləri də tanımayıb. Günahsız olduğunu deyən Sahil Şamilov məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.
Digər təqsirləndirilən Şamil Şamilov prokuror tərəfindən 13 il cəzanın istənilməsini haqsızlıq hesab edib. Qeyd edib ki, bu cinayətdə nə öləni, nə də öldürənləri tanımayıb. Bildirib ki, qardaşının zəngi ilə paketdə olan 30 min manatı Azərbaycan-Gürcüstan sərhədinin Qazax rayonunda olan hissəsinə aparıb: “Pulun nə məqsədlə olduğunu bilməmişəm. Bu işdə özümü günahsız hesab edirəm. Cinayəti bilmədiyim halda 30 min manat pulu aparmağa görə 13 il cəza istənilir. Mənim günahım olsa-olsa cinayəti bilib gizlətmək ola bilər. Cinayətin baş verməsini nə əvvəlcədən, nə də sonradan bilmişəm. Əgər pulu aparmağa görə 13 il cəza istənilirsə, onda mənə 15 il cəza verin. Qardaşım pulu verib, məndə aparıb ünvanına çatdırmışam. Bu cinayət deyil. Bu cinayətin cəzası varsa, o cəzanı da verin. Heç bir cinayətdə əlim olmayıb, buna görə də mənə 13 il cəza oxunub”.
Hər iki təqsirləndirilən şəxsin son sözü başa çatdıqdan sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yolandılar. Müşavirədən qayıdan hakim heyəti hökm elan etdi. Məhkəmənin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Fərman Hacıyev 14 il 6 ay, Tofiq Bəkirov 14 il, Sahil Şamilov 12 il 6 ay, Şamil Şamilov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 229