Muəllif:

«Azər-İlmə” Azərbaycan teleməkanında yenilik etdi

Azər-İlmə” xalçaçılıq şirkətinin təsis etdiyi “Azərbaycan xalçaları” elmi-bədii jurnalın altıncı sayı nəşr olunub. Bu dəfə oxuculara Quba xalçaları, xalçalardakı quş motivi, Şərq poeziyasının xalçalarda ifadəsi, Azərbaycan xalçalarında tətbiq edilən işarələr haqqında məqalələr təqdim olunub. Jurnalın altıncı sayında “Unikal xalçalar: “Yaranış”, “Kəhkəşan”, və Səttarın arzusu” ”, “Qarabağda yun ipin xalq üsulu ilə boyanması”, “Xalçaçı Əli Fərruxi” kimi məqalələr oxucuların marağına səbəb olacaq. Jurnal əməkdaşının Ağcəbədi, Bərdə, Beyləqan rayonlarına səfərindən hazırladığı reportaj isə tərəkəmə camaatının köçəri həyat tərzini bütün koloriti ilə əks etdirir. Jurnalda, “Azər-İlmə”yə baş çəkən dünyanın nüfuzlu “Bonhams” hərrac evinin xalça departamentinin rəhbəri Mark Dansın müsahibəsi də yer alıb. Əcnəbi xalça mütəxəssisi Azərbaycan xalçaları barədə dəyərli fikirlər səsləndirib.

“Azərbaycan xalçaları” elmi-bədii jurnalı əcnəbi müəlliflərin Azərbaycan xalçaçılığına dair əsərlərin və ya onlardan seçilmiş parçaların tərcümə edilərək oxuculara çatdırılmasını davam etdirir. İen Bennetin “Şərq xalçaları” seriyasından Qafqaza həsr edilmiş kitabından bir parçanın ingilis dilindən tərcüməsi yerli xalça mütəxəssisləri və xalça həvəskarları üçün əsl tapıntı olacaq.

Qeyd edək ki,“Azər-İlmə” xalçaçılıq şirkəti professor Vidadi Muradovun rəhbərliyi və təqdimatı ilə Azərbaycan teleməkanında ilk dəfə olaraq “Azərbaycan xalça məktəbləri” adlı elmi-bədii televiziya layihəsini həyata keçirir. Jurnalın altıncı sayına bu layihənin ilk televerilişi — “Azərbaycan xalçaları. İrəvan qrupu” DVD-si əlavə olunub.
Sözügedən jurnalın nəşrində əsas məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaqdır. Jurnalda bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz olan xalça nümunələri, xalçaçılıq məktəbləri, özünü bu sənətə həsr edən xalçaçılar, xalçaçı rəssamlar haqqında elmi, bədii məqalələr yer alır. Nəfis toxunuşu, gözoxşayan rəng çalarları, naxışları ilə hər kəsin qəlbini fəth edən xalçalarımızın özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri ətraflı təqdim olunur.

İldə dörd dəfə azərbaycan, rus və ingilis dillərində nəşr olunan jurnalın baş redaktoru dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradovdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 288