Muəllif:

Azadlıqlar və demokratiyanı vəsf edək

«Art for democracy» kampaniyası 2013-cü il üçün mahnı müsabiqəsi elan edir. Bu barədə kampaniyanın təşkilatçılarından olan İnsan Hüquqları Klubundan məlumat yayılıb. «Demokratiya naminə musiqi» yarışmasında məqsəd demokratiya, insan haqları və qanunun aliliyini vəsf etməkdir. Müsabiqəyə isə 40 yaşadək istənilən bəstəkar və ifaçı qatıla bilər. İştirakçıların musiqi təhsilinin olması tələb edilmir. İştirakçılar həm Azərbaycan vətəndaşları, həm də ölkədə yaşayan əcnəbilər ola bilər, lakin təqdim edilən mahnılar ancaq Azərbaycan dilində olmalıdır. Deyilir:
«Müsabiqəyə istənilən janrda yalnız yeni mahnılar qəbul edilir, fərdi və ya qrup olaraq müraciət etmək mümkündür, hər iştirakçı ancaq bir mahnı təqdim edə bilər. Mahnılarla yanaşı iştirakçı haqqında qısa məlumat (maksimum 1 səhifə) və bir şəkil (jpg formatda, maksimum 3MB ölçüdə) təqdim edilməlidir. Mahnılar CD, mp3 və ya DVD formatda təqdim edilməlidir. İşlər disk, USB-kart və istənilən digər növ elektron daşıyıcıda qəbul olunur. Təqdim edilən işlər geri qaytarılmır, iştirakçılar mahnılar üzərindəki bütün hüquqlarını saxlayırlar».
Təşkilatçılara görə, mahnılar azad və ədalətli seçkilərə, belə seçkinin əhəmiyyətinə, ölkənin inkişafında roluna, demokratiya və insan haqlarına hörmətə, söz, ifadə, sərbəst toplaşmaq azadlığına, gənclərin demokratikləşmə prosesində roluna, ədalətli araşdırma hüququna aid ola bilər. Mahnılarda hansısa siyasətçinin hədəf seçilməsinə, adının hallanmasına, ölkə Konstitusiyası və qanunlarına zidd olan, zorakı və alçaldıcı, zor tətbiqetmə ilə bağlı çağırış və təhqirlərə yol verilə bilməz. Belə mahnılar müsabiqədən çıxarılır.
Müsabiqə üçün işlərin təqdim edilməsi üçünsə ([email protected]) elektron poçtuna və ya kampaniyanın (www.facebook.com/art4democracy) Facebook səhifəsinə müraciət etmək və (+994 55 754 35 16) nömrəyə zəng vurmaq tövsiyə edilir. Mahnıların qəbulu üçün 31 mart 2013-cü il son tarixdir.
Sonrakı 2 həftə ərzində (aprel 2013-cü il) Münsiflər Heyəti müsabiqənin 3 qalibini (1-ci, 2-ci və 3-cü yerlər) müəyyən edəcək. Mahnıların sayı gözləniləndən çox olsa, qiymətləndirmə müddəti 1 aya qədər uzadıla bilər.
Mövzunun əhatə olunması, ifaçı peşəkarlığı, mahnının yazılma və kreativlik keyfiyyətləri qaliblərin müəyyən olunması üçün əsas kriteriyalardır. Mükafatlandırma 2013-cü ilin mayına nəzərdə tutulur. 1-ci yerə 1000, 2-ci yerə 900, 3-cü yerə 800 manat mükafat nəzərdə tutulur.
O da qeyd olunur ki, «Art for democracy» kampaniyasının xarici ölkələrdə keçirilən müsabiqələrdə və ya konsertlərdə iştiraka dəvət edilməsi gözlənilir, bu halda qaliblərin, o cümlədən qalib gəlməyən iştirakçıların müsabiqədən sonrakı dövrdə bu ölkələrə səfərlər etmələri və tədbirlərdə iştirakı nəzərdə tutulur.
Bu kampaniyaya ötən il dekabrın 10-da — Ümumdünya İnsan Hüquqları Günündə start verilib. Təşəbbüskarları — İnsan Hüquqları Klubu (İHK), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Milli və Beynəlxalq Araşdırmalar Mərkəzidir (MBAM). Kampaniya İHK tərəfindən koordinasiya edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168