“Azadlıq” qəzetinin işçiləri “Qasid”in ofisi önündə piket keçirəcək
İyulun 19-da saat 12-də ölkənin aparıcı müxalifət qəzeti olan “Azadlıq”ın kollektivi “Qasid” mətbuat yayımı firmasının ofisi qarşısında etiraz aksiyası keçirəcək. Aksiyanın səbəbi “Qasid”in qəzetə satılmış nüsxələrə görə 45 min manat borcunu ödəməməsidir, deyə Turan xəbər verir.
“Bir ildən çoxdur ki, “Qasid” rəhbərliyi müxtəlif bəhanələrlə firmanın qəzetimizin satılmış nüsxələrindən əldə etdiyi pulu bizə ödəmir. Biz bu dövlət təşkilatının öhdəliklərini yerinə yetirməsinə nail ola bilmirik. “Qasid” rəhbərliyi öz problemlərini bizim hesabımıza həll etməyə çalışır”, deyə “Azadlıq”ın direktoru müavini Rəhim Hacıyev bildirib.
Onun sözlərinə görə, son bir il yarım ərzində “Qasid” sözügedən borcdan cəmi 2 min manatını qəzetə ödəyib.
Hacıyevin sözlərinə görə, “Qasid” firmasından qəzeti susdurmaq üçün ona qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

