Muəllif:

Azadlıq layiqdir o adama ki…

Azadlıq layiqdir o adama ki, hər gün onun uğrunda savaşa yollanır. Bu məşhur deyim bizim işgəncə görmüş və işgəncə görən, lakin azad yaşamaq üçün savaşını inadla sürdürən bütün güneyli soydaşlarımıza aiddir.
Azərbaycan türklərinin milli-mədəni fəaliyyətinə qarşı Tehran hakimiyyətinin təpgiləri davam edir. Mübarizə isə şair demiş, bu gün də bar, yarın da.
Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatna görə, bu yaxınlarda müvəqqəti azadlığa buraxılan milli-mədəni ictimai-fəal Bəhmən Xaliqinin Binab şəhərində yerləşən kitab mağazasının lisenziyası ləğv edilib. İranın Allahdan qorxmayan uyğun qurumları hər hansı bir əsas göstərmədən, qanunsuz olaraq, onun yeganə dolanışıq mənbəyi olan mağazasını bağlayıblar. Bəhmən Xaliqi bir müddət öncə Marağa şəhərində İran-Ermənistan əlaqələrinə etiraz əlaməti olaraq, keçirilən etiraz aksiyasında tutulub. Bir müddət ETTELAAT-ın Təbriz təcridxanasında işgəncəyə məruz qalaraq saxlanılıb. Oradan isə Marağaya köçürülüb və hazırda mülk vəsiqəsini girov qoymaqla zamindədir.
Zahidan zindanının təknəfərlik kamerasında həbsdə saxlanılan Güney Azərbaycanlı ictimai fəal İrəc Məhəmmədinin səhhəti keçirdiyi aclıq aksiyası nəticəsində ağırlaşıb. Məlumata görə, Novruz bayramı günü zindan məmurları Məhəmmədinin saxlanıldığı kameraya hücum edib, ona məxsus əşyaları sındırıb və məhbusu zindanın karantin bölümünə aparıblar. Azərbaycanlı fəal isə bu zorakılıq və qanunsuzluğa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb və hələ də davam etdirir.
Bu Qoşaçaylı milli-mədəni fəal illər öncə qondarma ittihamlarla Xana (Piranşəhr) şəhərində islam inqilabı keşikçilər qvardiyasının məmurları tərəfindən tutuqlanıb və bir gün sonra Qərbi Azərbaycanın hərbi istintaq idarəsində ona qarşı ittihamlar elan olunub. Məhəmmədi 10 il müddətinə sürgündə həbsə məhkum edilib.

Sarab şəhərində tutulan mədəni-fəallar da ağır işgəncələrə məruz qalıb. Burada tutulanların sayı 41 nəfərə çatıb. Güney Azərbayxcandan yayılan məlumatlara görə, tutulanların əksəriyyəti 20-34 yasında olan gənclərdir. Onlardan Camal Musəvinəjad, Həmid Tohidi, Əli Səmədpur və Daryuş Pərvanənin daha ağır işgəncələrə məruz qaldığı bildirilir.
Əli Səmədpur elektrik şoku nəticəsində komaya düşüb, 4 gün İnqilab Keşikçiləri Qvardiyasının xəstəxanasında müalicədən sonra komadan ayılıb və yenidən zindana qaytarılıb. Həmid Tohidi isə işgəncədən tanınmaz hala düşüb.

Ən acınacaqlı durumda olanlardan biri də Babək Bəqaidir. O, anadangəlmə əlildir. Bunlara baxmayaraq şeytan törəmələri onu da ağır işgəncəyə məruz qoyublar. İstintaq idarəsi tutulanların hamısını Güney Azərbaycan təşkilatlarına bağlılıqda ittiham edib və onlardan “silahlarını harada gizlətdiklərini” soruşublar.

Əzab və izrtirablar işində olan soydaşlarımızdan biri də Fərdin Muradpurdur.Murradpur 1990-cı ildə Təbrizdə dünyaya göz açıb. 12-13 yaşlarından Güney Azərbaycan Milli Hərəkatının tələbləri uğrunda mübarizəyə qoşulub. İlk dəfə 14 yaşında həbs olunan Fərdin Muradpur davamlı olaraq təqiblərə məruz qalıb. Dəfələrlə həbs edilən bu azərbaycanlı gənc 2009-cu ildə May hadisələrinin 3-cü ildönümündə polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan soydaşımız 13 gün xəstəxanada müalicə alıb.

Tam sağalmamış ETTELAAT əməkdaşları tərəfindən gecə saatlarında təcridxanaya aparılıb. Orada 26 gün təkadamlıq kamerada saxlanılan Fərdin Muradpur işgəncə ilə keçən 65 günlük həbs həyatından sonra Təbriz zindanına köçürülüb.

Fərdin Muradpurun tək özü deyil, ailəsi də təqiblərə məruz qalır. Valideynləri də 37 gün təcridxanada saxlanılıb. Qardaşı Mürtəza da Fərdin Muradpurla eyni ildə həbs edilib və ağır işgəncələrə məruz qalıb.

23 yaşı həbsxanada tamam olan bu türk gənci saxta ittihamlara həbsxanadadır. Tehran hakimiyyəti “hakimiyyət qarşı təbliğat aparmaq, asayişi pozmaq” kimi saxta ittihamlarla onu 6 il müddətinə azadlıqdan məhrum edib.
Onu da qeyd edək ki, Güney Azərbaycandakı ictimai fəallar arasında siyası məhbuslara qarşı ağır hökmlər və onların uzun müddət işgəncələrlə nəzarət altında saxlanmalarında İran Təhlükəsizlik Nazirliyinin buyruq qulu kimi tanınan İnqilab Məhkəməsinin Təbriz şöbəsinin hakimi Rəhim Həmlbər Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi yeni sanksiya siyahısında yer alan 9 İran rəsmisindən biridir.

Azərbaycan saytları İranda yaşayan Azərbaycan türklərinə qarşı basqılar və təzyiqlər üzündən müəyyən bir sayda İran mməurunun Avropa Birliyi səviyyəsində bir orqan tərəfindən cəzalandırılmasını önəmli bir hadisə kimi qiymətləndirir.

Avropa Birliyinin İrandakı vəziyyəti nəzərə alaraq, müəyyən şəxs, müəssisə və orqanlara qarşı məhdudlaşdırıcı tədbirləri ilə bağlı qanununun həyata keçirilməsi istiqamətində martın 12-də yaydığı bəyanatında hakim Rəhim Həmlbər bu şəkildə təqdim edilib:

Təbriz İnqilab Məhkəmsi 1-ci şöbəsinin hakimi, jurnalistlər, Azərbaycan fəalları və işçi fəallarını “casusluq”, “milli təhlükəsizliyə qarşı fəaliyyət”, “İran rejiminə qarşı təbliğat” və “İran rəhbərini alçaltmaq” kimi ittihamlarla təqsirləndirərək onlara verilən ağır hökümlərin məsulu, bir çox hallarda qərarlarında məhkəmə prosesinin izlənilməməsi və məhbusların saxta etiraflara məcbur edilməsi bildirilib. O, zəlzələ bölgəsinə gedən 20 könüllü fəalla zəlzələ qurbanlarına kömək etdikləri üçün həbs hökmü verib. Məhkəmə bu fəalları “Milli təhükəsizliyə qarşı fəaliyyət üçün toplaşmaq və əməkdaşlıq”da təqsirləndirib.”

Siyahıda əhvazlı ərəb fəallara edam hökmü verən iki hakim — Seyid Məhəmməd Bağır Musəvi və Murtəza Kiyasətinin də adı qeyd edilib.

“Təbrizdə tutulan milli fəalların əksəriyyəti, o cümlədən Urmiya gölünün qurudulması ilə bağlı etirazlarda həbs edilənlər, habelə indi mühakimə prosesində olan məhbusların bir çoxu hakim Həmlbər tərəfindən mühakimə edilir. O, məhbusların ailələri ilə görüşməyib, vəkillə təmin edilmədən uzun müddət ETTELAAT həbsxanalarında işgəncə verilərək sorgu-suala çəkilmələrinə şərait yaradaraq Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir” — deyə, Azərbaycan veb səhifələri yazır.

2011-ci ilin oktyabrında “Bir qrup Azərbaycan Milli Hərəkatı fəalları” tərəfindən yayılan bəyanatda beynəlxalq ictimaiyyətdən hakim Həmlbərə qarşı məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi istənilmişdi. Bəyanatla birlikdə hakimin 20-ə yaxın milli fəala qarşı çıxardığı hökmlər də yayılmışdı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 254