Muəllif:

«Azadlığ»ı anadan olduğu gündən bağlayırlar

İl ərzində «Azadlıq» haqqında başqa qəzetlərdə, saytlarda çıxan yazılara baxıram. Başlıqlar eynidir, yəni, təxminən eynidir: «Azadlıq» bağlanmaq təhlükəsi qarşısında». Tarixlər fərqlidir: 23 oktyabr 2012… 14 noyabr 2012… 9 yanvar 2013… 20 fevral… 1 mart… 16 aprel… 21 may… 2 iyul… 29 sentyabr… 22 oktyabr 2013. İl tamam oldu. Başlıq dəyişmədi. Təhdidlər bitmədi.
Təhlükə mənbələrinin adlarını sadalamıram. Mənası varmı: istər Səfər Əbiyev olsun, istər Kəbirə Məmmədova, istər Tağı Əhmədov? Bütün cığırlar bir yola aparıb çıxarır. Və oradan yüz cığır ayrılır.
Metropolitenin rəisi Tağı Əhmədova qalsa, o, «Azadlıq»dan heyfini çıxıb: mənəvi kompensasiyasını da alıb — fevraldan bəri redaksiya ilə gah elə, gah belə şərt kəsir; maddi təzminatını da «ödətdirib» — təkcə metroda qəzetin satışına qoyduğu qadağaya görə redaksiya hər gün gəlirinin azı 20 faizini itirir.
İnanmaq istəyirəm ki, qəzet bu təhlükədən də sovuşacaq. «Azadlığ»ı anadan olduğu gündən (bir aydan sonra 24 yaşı tamam olur) bağlayırlar. Amma belə media, belə jurnalist həyatı, belə dövlət, belə cəmiyyəti necə normal adlandırmaq olar? Budurmu söz azadlığı, sərbəst bazar, mətbuat özgürlüyü: ölkənin ən yüksək tirajlı ictimai-siyasi qəzeti məhkəmə təzyiqləri və maddi çətinliklər üzündən fəaliyyətini dayandırmaq üzrə olduğu barədə az qala ayda bir dəfə haray çəkir. İddiaçılar rəsmi şəxslər, milyonçu monopolistlərdir, qəzetin hesabına həbs qoyan dövlət orqanlarıdır. Cavabdehlər tənqidçi mediadır, kasıb jurnalistlərdir.
Media da, məmurlar, iş adamları kimi, səhvlərə yol verir. Amma hakimiyyətin bu səhvlərdən tənqidçi səsləri susdurmaq, qisas almaq üçün istifadə etmək haqqı yoxdur. Əlbəttə, söhbət demokratik, söz və mətbuat azadlığı prinsiplərinə hörmətlə yanaşan dövlətdən gedir. Axı Azərbaycan məhz belə dövlət olmaq iddiasındadır. «Azadlığ»a son iki məhkəmə prosesində kəsilmiş cərimənin məbləği 65 min manatdır. Bu 65 min ölkənin ən böyük nəşrini çökdürməyə bəs edir! Bir gecəlik məclisinə dəvət etdiyi müğənniyə iki o qədər pul verən nazirə, biznesmenə, yəqin, gülməli gəlir. Amma Azərbaycan reallığı budur: populyar qəzetin aylıq gəliri orta səviyyəli bir müğənninin günlük gəliri qədər deyil. Hesabınızı götürün: nəinki nazir, hətta onun qabağında oxuyan həmin orta səviyyəli müğənni də bircə məhkəmə prosesi ilə tarixi qəzeti çökdürmək iqtidarındadır. Və düşünün: bu əcayib vəziyyəti kim yaradıb? Kim yarada bilər?
Yəhudilər demiş, hər çıxılmaz vəziyyətdən azı iki çıxış yolu olur. Küncə sıxışdırılmış «Azadlığ»a da iki yerdən dəstək gələ bilər. Vaxtilə müstəqilliyi yolunda vuruşduğu dövlətdən, ya indi hüquqları uğrunda çarpışdığı cəmiyyətdən. Dövlətin edə biləcəyi təzyiqləri durdurmaq, qəzeti dörd yandan salındığı metro-bazar-nəşriyyat-yayım firmaları mühasirəsindən qurtarmaqdır. Biz elə mühitdə yaşayırıq ki, bunun üçün bir söz kifayət edər. Amma o sözü demək üçün hökumət redaksiyadan müvafiq müraciət gözləyir. Nə isə, əfv diləyinə bənzər müraciət. Bilmirəm, hakimiyyət ideoloqlarını hansısa arqumentlərlə bu niyyətdən çəkindirmək mümkündürmü? Xüsusilə də ona görə ki, eyni taktikanın bir çox başqa nəşrlərə tətbiqi cəhdləri dəfələrlə uğurla nəticələnib! Amma bilirəm ki, kimisə zorla danışmağa məcbur etmək, heç də onu susmağa məcbur etməkdən yaxşı əməl deyil.
«Azadlığ»ın rəhbərliyinin xahiş deyil, bəyanatlar yolu seçməsi göstərir ki, redaksiya ictimaiyyətin dəstəyindən yararlanmağı üstün tutur, ona əl uzadır. Qəzetin saytında elə məqalələr var ki, oxucularının sayı yüz mini keçib. Amma qəzeti tək oxumaq yox, həm də yaşatmaq lazımdır. Bu isə kompüterin düyməsini tıklamaqla başa gəlmir. İnsanlar bir prezidentin qalmasını istəyirlərsə, ona beş ildə bir dəfə səs versələr, bəsdir. Qəzeti yaşatmaq istəyirlərsə, ona hər gün səs verməlidirlər. «Son çağrı» kitabımdan — ad da yerinə düşür — Beynəlxalq Valyuta Fondunun media üzrə məsləhətçisinin sözlərini xatırlayıram:»Mənim fikrimcə, gündə 4-5 qəzet satmağa müvəffəq olan kiçik bir mağaza sahibi yayıma maneə yaratdığına görə hakimiyyəti fasiləsiz olaraq söyən on söz azadlığı təssübkeşi ilə müqayisədə mediaya daha çox xeyir gətirir».
Avqust ayında mən Şərq Tərəfdaşlığı ölkələrinin media azadlığı indeksini elan edəndə çoxlarına təəccüblü gəldi ki, bu göstəriciyə görə Azərbaycan Ermənistandan geridədir. Bir neçə il əvvəl Ermənistanda prezident seçkilərindən sonra hakimiyyətə qarşı tənqidi mövqeyi ilə fərqlənən «Qala» TV-ni vergi xidməti 27 milyon dram cərimə etmişdi. Bizim pulla elə 65 min manata yaxın eləyir. Məhkəmələrdən əli üzülmüş teleşirkətə ictimaiyyət dayaq oldu. Lazım olan vəsait iki həftəyə toplandı. Bu günsə iş Avropa İnsan hüquqları üzrə Məhkəməsinin icraatındadır. Ölkədə söz və mətbuat azadlığının səviyyəsi təkcə hakimiyyət orqanlarının mediaya təzyiqlərinin dərəcəsi ilə deyil, həm də cəmiyyətin çətin anlarda medianı qorumaq əzminin olub-olmaması ilə ölçülür.
İndi «Azadlıq» Azərbaycan ictimaiyyətinə üz tutub, ondan yardım istəyir, abunə kampaniyasına ümid edir. Məncə, belə vəziyyətdə qəzetə birinci dəstək həmkarlarından gəlməlidir. Özü də müstəqil, yoxsa iqtidar-müxalifətə yaxınlığından asılı olmayaraq. Bir vaxtlar, müxalifətçi «Səs» qəzetinin redaksiyasında atəş səsi eşidiləndə, prezidentin mətbuat katibi olsam da, gedib onun ofisində oturmuşdum. Kimliyi təxminən bəlli olan günahkarlar cəzalandırılmasa, istefa verəcəyim barədə prezidentə ərizə vermişdim. Unudulub, bəlkə də.
Eybi yox, təki unutmayaq ki, iqtidarlar gəlib-gedir, rejimlər dəyişir, bizəsə qalan söz və… hakimlərin xoşuna gəlsə də, gəlməsə də, onu demək imkanının olmasıdır.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 406