Aylıq yox, saatlıq minimum əmək haqqı…
Keçən ilin göstəricilərinə görə, Avropada ən çox əməkhaqqı alanlar Belçika sakinləridir. Burada iş yerində keçirilmiş bir saat orta hesabla 39,3 avro qiymətləndirilir. Nəzərə alsaq ki, AB ölkələrində bir saata görə orta əməkhaqqı 23 avronu azca ötür, onda bunu çox yüksək göstərici saymaq olar. Bütün Avropa üzrə yayılmış böhrana rəğmən, Belçikada son iki il ərzində əməkhaqqı artmaqda davam edib. Hələ 2010-cu ildə «orta statistik» belçikalı bir saatda cəmi 38,2 avro qazanırdı (banker.az).
Siyahıda ikinci yerdə Fransadır, burda bir iş saatının qiyməti təxminən 34,2 avroya bərabərdir. Lüksemburqda isə bu göstərici 33,7 avrodur. Üçüncü yeri tutmasına baxmayaraq, bu ölkə ən yüksək həyat keyfiyyətinə görə AB ölkələri sırasına liderlik edir. Lüksemburqda bu əmsal Aİ ölkələrinin orta göstəricisindən 50% daha yüksəkdir. Almaniyada isə işçiyə bir saatlıq işinə görə orta hesabla 30,10 avro ödəyirlər. Ən az saatlıq əməkhaqqı isə Bolqarıstanda qeydə alınıb. Bu ölkədə orta hesabla 60 dəqiqəlik əməyə görə ödənilən haqq cəmi 3,5 avroya bərabərdir. Göründüyü kimi, ən az alan bolqarıstanlılar belə, 1 saat üçün bizdəkindən 5 dəfədən çox əməkhaqqı alırlar.
Əməkhaqqının saathesabı hesablanması kimi müsbət mexanizmin Azərbaycanda da tətbiqi mümkündürmü?
Bu gün ölkədə əməkhaqqı işəmuzd və günəmuzd hesablanır. Əmək qanunvericiliyinə əsasən, özəl sektor minimum əməkhaqqı prinsipinə riayət etməklə əməkhaqqı təyinatında sərbəstdir. Yəni, təyin olunmuş əməkhaqqı heç bir halda müəyyənləşdirilmiş minimum əməkhaqqı səviyyəsindən aşağı olmamalıdır. Minimum əməkhaqqı məbləğinin müəyyənləşdirilməsi isə ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Dövlət sektorunda əməkhaqqı təyinatı bir qədər fərqli üsulla aparılır. Burada Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 19 dərəcəli vahid tarif cədvəlindən istifadə edilir.
Ekspert Rövşən Ağayevin şərhinə görə, dünyanın heç yerində bizdəki formada minimum əməkhaqqı sistemi yoxdur, ucdantutma bütün iqtisadiyyat üzrə vahid bir minimum əməkhaqqı sisteminin tətbiqi mövcud dövrün tələblərinə cavab vermir. Onun sözlərinə görə, dünya praktikasında sahəvi əməkhaqqı sisteminin tətbiqi daha geniş yayılıb.
R.Ağayevin sözlərinə görə, artıq dünyada daha çox aylıq yox, saatlıq minimum əmək haqqına keçid var. Ekspert düşünür ki, Azərbaycanda da buna keçidə ehtiyac var:
«Minimum əmək haqqı müəyyənləşəndə təhsil sistemində bir saatlıq əməyin haqqı fərqli olmalıdır, səhiyyədə fərqli. Yəni, iqtisadiyyat üzrə əməkhaqqı təyinatı sistemini tətbiq etmək, minimum normativ müəyyənləşdirmək olar. Bu baxımdan, mən düşünürəm ki, indiki minimum əməkhaqqı tənzimləmə sistemi dəyişməli və saatlıq, həm də sahəvi əməkhaqqı sistemi tətbiq edilməlidir. Hər bir sahədə əməyin intensivliyinə, mürəkkəbliyinə görə əməkhaqqının məbləğində fərqlər qoyulmalıdır. Düzdür, bir qədər mürəkkəb sistemdir, amma biz buna mütləq keçməliyik. Bütövlükdə bu, əməkhaqqının tənzimlənməsi sistemi adlanır, çox təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda bu sistem zəif işləyir, bu sistemə yeni baxışa ehtiyac var. Ola bilməz ki, dövlət qulluğunda işləyən texniki işçinin əməkhaqqı müəllim əməyindən yüksək olsun. Bu, onu göstərir ki, Azərbaycanda əməkhaqqının tənzimlənmə sistemi effektiv işləmir və bunun təkmilləşdirilməsinə ehtiyac var».