Muəllif:

Aygün Səmədzadə: Ən çox maşında gedə-gedə radioya qulaq asıram.

Mahnı yazarı Aygün Səmədzadə həm də musiqi tənqidçisidir. Reallığa söykənən fikirlər söykənməkdən çəkinmir. Neçə illərdir tələbə yetişdirən Aygün xanımla
musiqi və tənqid mövzusunda söhbət edirik. Deyir:

– Mən tələbələrə də deyirəm ki, bizdə musiqi tənqidçisi kimi formalaşmaq çətindir. Çünki Azərbaycan mühiti, insanların bir-birinə münasibəti fərqlidir. Sağlam tənqidi çox vaxt təhqir kimi qəbul edə bilərlər və yaxud təhqir edib onu tənqid kimi qələmə verə bilərlər. Yəni sərhədlər itib, insanlarda “üz üzdən utanar” psixologiyası daha dərindir.

Heç kəs “dost”, “qardaş”, “yaxşı oğlan” münasibətində olduğu musiqiçini, zəif ifasına görə tənqid etmir. Musiqi tənqidi də elədir ki, gərək obyektiv olasan, eyni zamanda həm o musiqi mühitinin içində olmalısan, həm də sənin o musiqi mühitiylə əlaqən olmamalıdır ki, onu tənqid edə biləsən. Məsələn, ixtisasca həm də musiqişünas, tənqidçiyəm, amma bu bəzən heç kimi tənqid eləmirəm. Əslində, deməyə sözüm çoxdur. Amma özüm də bu sahədə çalışdığım üçün mənim dediklərimi obyektiv qəbul etməyəcəklər.

Bu gün Azərbaycan estradasında 90 faiz mahnıları bəyənmirəm. Ona görə yox ki, mən onlardan yaxşı yazıram, özüm haqqında yüksək fikirdəyəm. Sadəcə, mənim aldığım musiqi tərbiyəsi başqadır. İndi mən bunu hardasa desəm,deyəcəklər Aygün Səmədzadə qərəzlidir. Bir-iki dəfə olub ki, kiməsə “sən bu mahnını oxuma, filan xalq mahnısı sənin üçün deyil”, ya da “xalq və klassik mahnılarımız da digər sənət abidələrimiz kimi toxunulmazdır, onları hər kim gəldi oxuya bilməz” – demişəm.

– Dediklərinizi normal qarşılayırlar?

– Əlbəttə ki, yox. İnsanlarda kompleks var. Mən bunu çıxıb efirdə desəm, qalmaqal yaranacaq, o da cavab verəcək. Ümumiyyətlə, bir-birinə üzbəüz deyə biləcəkləri iradları efir vasitəsilə söyləyən adamlara heç hörmət eləmirəm. Efirdən pozitiv gəlməlidir, neqativ yox, mərhəmət hissi aşılanmalıdır, savad, sənət görünməlidir. Bizdə isə ya sənətçiləri vuruşdururlar, ya da küçə adamlarını. Bu da xoruz döyüşlərinə bənzəyir.

– Sizin daha çox işlədiyiniz səslər…

– Üzdə olanların hər birinin səsi var mahnılarımda. Amma iş prosesində həmişə mən şəxsi münasibətə üstünlük verirəm, yəni insanın davranışı, ünsiyyəti, səmimiyyəti mənim üçün ön plandadır. Düzdür, səs birincidir, amma o səsin arxasında bəstəkara, şairə hörmət durmursa, mən onunla işləmirəm.

– Mahnını ifaçıya verib, sonra geri aldığınız hallar olub?

– Bir çox bəstəkarların mahnılarıyla bağlı belə hallar baş verir. Görünür mənim mahnılarım daha çox yadda qalır ki, müzakirə olunur. (gülür)

Bir də ki, Azərbaycanda elə bir ifaçı yoxdur ki, o mahnının bütün hüquqlarını əldə edəcək qədər məbləğ ödəsin. Mahnı mənim olduğu üçün ürəyim istədiyi kəsə verə bilərəm. Bəzi mahnılarım var ki, ifası xoşuma gəlməyib, ondan sonra ona mahnı verməmişəm. İfa xoşuma gəlməsə mahnını başqasına verə bilərəm. Hələ planda belə mahnılar çoxdur (gülür).

– Bəs qarşı tərəfin narazılığı nə tərzdə olur?

– O səsin mənim üçün əhəmiyyəti yoxdursa, onun dedikləri də önəmli deyil.

– Öz bəstələrinizə qulaq asırsınız?

– Mahnı lentə alındıqdan sonra, ürəyimcədirsə, bəli.

– Kimə qulaq asırsınız?

– Ən çox maşında gedə-gedə radioya qulaq asıram. Bəyəndiyim ifanı tapana kimi dalğaları dəyişirəm. O qədər ifasını bəyənmədiyim, qulaq asa bilmədiyim var ki, yolun 15 dəqiqəsini mahnıları dəyişməyə sərf edirəm. Klassik musiqi, caz, muğam, retro-estrada …ümumiyyətlə hər saatın öz əhvalı,hər əhvalın da öz musiqisi var. Bir də ki, indi nəyə qulaq asmağım vacib deyil.

Mənimçün bu A.İslamzadə, B.Dadaşova, Z.Xanlarova, H.Hüseynov, N.Qasımova, R.Behbudov, M.Babayev, Ş.Ələkbərova, R.Muradova, V.Mustafazadə, S.Aksu, A.Pekkan, Ququş, A. Puqaçova, X.İqlesias, D.Russos, Stinq, ABBA… Və şübhəsiz ki, klassik Avropa və Azərbaycan musiqi olub.

– Mahnılarınızda bəzən sizin ifanızı da eşidirik. Həmin ifaların sayını artırmağı fikirləşirsinizmi?

– Mən iki teatr tamaşasında rejissorların məsləhətiylə ifa etmişəm. “Qatil” və “Yad qadının məktubları” – hər iki tamaşadakı ifam hələ də səsləndirilir. “Qatil” tamaşasında oxuduğum mahnını bizim ifaçılar dəfələrlə məndən istəyiblər, verməmişəm. Teatr musiqisi başqadır, onu konsert ifası kimi oxumaq olmaz. Bir neçə mahnı da var ifamda, yəqin ki davamı olacaq.

– Ziyad Səmədzadənin qızı olmaq sizdə siyasətə maraq yaradırmı?

– (gülür) Ziyad Səmədzadənin qızı olmaq məndə musiqiyə maraq yaradıb. Çünki atam gözəl musiqiçidi. Mahnılarımın ifasında istədiyim nizam-intizam anamdan, həssaslığımsa atamdan gəlir. O ki qaldı siyasətə, bir azərbaycanlı kimi məni Azərbaycanın xarici siyasəti və mədəniyyət siyasəti maraqlandıra bilər.

– Övladlarınız hansı peşəylə məşğuldurlar?

– Oğlum iqtisadçıdır. Qızım mədəniyyətşünas.

– Aygün xanım, son dövrlərdə mahnı mətnlərində bayağılaşma, musiqilərdə standartlaşma, eyniləşmə baş verir. Elə mahnılar yaranır ki, heç üslubunu, janrını təyin etmək olur. Kütləvi şəkildə başlayan bu xaos nəylə bağlıdır?

– Yəqin, bu qloballaşmayla bağlıdır. Son vaxtlar insanların niyə eyni tipli, melodik xətlərdən uzaq mahnılara üstünlük verməsiylə maraqlanıram. Düşünürəm ki, insanların yaşam tərzi necə sürətlənibsə, musiqi də elə xırdalanıb. İnsanlar necə danışırsa, necə geyinirlərsə elə də musiqiyə qulaq asırlar. Bu təəccüblü deyil. İnformasiya çıxışları, əyləncə kanalları çoxdursa elə də olmalıdır.

Əvvəllər bir telekanal vardı, o da dövlətə bağlıydı. İndi hamı şikayət edir ki, bu müğənnilər hardan yaranır. Amma elə həmin müğənnilərə mahnı yazan, şeir yazan, efirlərə, toylarına çağıran, pul verən də elə şikayət edənlərdi

– Bəs dərs dediyiniz tələbələrin savadlarından, dünyagörüşlərindən razısınızmı?

– Hərdən çox savadlı, maraqlı tələbəylə, hərdən də, ən primitiv bir şeyi bilməyənlə rastlaşırıq. Əvvəllər bir tələbənin primitiv cavabını başqa tələbəyə deyəndə o gülürdü, indiysə gülmür, çünki o özü də bunu bilmir. Əksəriyyət kitab oxumur, mütaliə sıfırdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 606