Aygün Kazımovanın qardaşının yeni cinayətləri üzə çıxdı
Xalq artisti Aygün Kazımovanın qardaşının yeni cinayətləri üzə çıxdı. Bu adam «artistliyi» səhnədə deyil, öz çirkin biznesində dələduzluq və ziyankarlıq formasında edib. Vətəndaşlara qarşı tikinti fırıldağnda elə «nömrələr» işlədib ki, ən peşəkar kinossenaristin heyrətdən gözü bərələ qalardı. Sadə müştərilərinə nağıllar da uydurub, hətta «mahnılar» da oxuyub. Hərəyə bir düdük də verib… İndi isə
“Əsgəroğlu-K” MMC-nin direktoru Kazım Kazımov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə başlayıb. Təqsirləndirilən şəxslər CM 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli biliniblər. Bakı şəhərində tikinti işləri ilə məşğul olan Kazım Kazımov və Yaqub Niyazov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunublar.
Bu şəxslərin cinayət işinə bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və Kazım Kazımov 10 il, Y. Kiyasov 9 il, Olqa Valentina 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaq hərəkətləri davam edib. Istintaqın gedişi zamanı təqsirləndirilən şəxslərin yeni cinayət əməlləri üzə çıxıb. Buna görə də onların cinayət işi üzrə materiallar yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kazım Kazımov ifadə verməkdən imtina edib. O, bildirib ki, həbs olunana kimi 1 milyon 200 min manat borcu olub. O, deyib ki, həmin borcu qaytarmağa imkanı olsa da, buna şərait yaradılmayıb.
Daha sonra zərərçəkmiş Əliağa Əzimov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən Kazım Kazımovu tanıyır. Onun sözlərinə görə, Əsgəroğlu-K” MMC-nin bina inşa edilməsi ilə bağlı elanı görüb və mənzil alması üçün həmin şirkətə gedib: “Əvvəlcə şirkətdə söhbət etdik, sonra məni bina inşa olunacaq yerə apardılar. Həmin yeri məni göstərdilər ki, bina burda tikiləcək. Sonra biz yenə də şirkətə qayıtdıq. Şirkətdə alqı-satqı müqaviləsi bağladıq”.
Zərərçəkmiş şəxs daha sonra qeyd edib ki, sonradan binanın inşa edilməməsini görüb və bununla bağlı şirkətlə əlaqə saxlayıb. Qeyd edib ki, şirkətə getsə də, Kazım Kazımovu yerində tapa bilməyib: “Kazım Kazımovla əlaqə saxlasaq da, o, hər bəhanə ilə bizimlə görüşmürdü. Şirkətdə Kazım Kazımovu soruşurduq, deyirdilər ki, xaricədir, bir sözlə bizimlə görüşmək istəmirdi. Binanın inşa edilməməsini soruşurduq. Deyirdilər ki, hava küləklidir, istidir. Hər bəhanə ilə bizi aldadırdılar. Vergidən qoymurlar, yenə də bəhanələr gətirirlər”.
Zərərçəkmiş daha sonra qeyd edib ki, sonradan aldığı mənzili 3 nəfərə satılmasını bilib. Onun sözlərinə görə, bununla bağlı Xətai rayon Məhkəməsinə müraciət edib: “Məhkəmədə mənə məlum oldu ki, mənzili məndən sonra Qənirə Məmmədovaya satıblar. Onunla da məhkəmədə görüşmüşük”.
Zərərçəkmiş onu da əlavə edib ki, 12-ci mərtəbədən 57 kvadrat metr ev alıb və həmin evin dəyərində olan pulu ödəyib: “Mənzilin pulunu ödəsəm də, evi ala bilməmişəm. Bu günə kimi də pulumu da geri qaytarmayıblar”.
Zərərçəkmişin ifadəsinə Kazım Kazımov belə şərh verib: “Bizim müştərilərlə alqı-satqı müqaviləsi məndə yoxdur. Ona görə də burada danışa bilməyəcəm. Məni söysələr də, müqaviləni görmədən danışmayacam. Mən indi heç nə deyə bilmərəm. Çünki müqavilələr mənə də yoxdur”.
Hakim bildirib ki, alqı-satqı müqavilələri cinayət işində var. Onun sözlərinə görə, sənədlərin tədqiqi zamanı həmin müqavilələr də elan ediləcək. Bundan sonra digər zərərçəkmiş Elçin Dəmirov ifadə verib. O, bildirib ki, 2006-cı ildə mənzil alması üçün müqavilə bağlayıb və ilkin olaraq da 6300 manat ödəyib. Onun sözlərinə görə, 2012-ci ildə aldığı mənzilin Rasim adlı başqa şəxsə də satıldığını bilib. Bununla bağlı Kazım Kazımovla görüşmüşəm. Kazım da deyib ki, heç bir problem yoxdur”.
Kazım Kazımov isə bildirib ki, zərərçəkmişlərlə “Şəms” restoranında görüşüm. Onun sözlərinə görə, həmin görüşdə evlərin satılmasında problem olmadığını bildirib: “Bu görüşdən 4 gün sonra məni həbs etdilər. Mən həbs olunandan sonra nə baş verib, bu barədə heç nə bilmirəm. Çünki mən həbs olunana kimi heç bir problem olmayıb”.
Zərərçəkmiş Asif Nəcəfov bildirib ki, alqı-satqı yolu ilə şirkətdən ev alıb. Onun sözlərinə görə, sonradan həmin evi Humay Məmmədovaya da satıblar: “Sonradan həmin mənzili üçüncü şəxsə də satdıqlarını bilmişəm. Təsadüf nəticəsində mən həmin yerə getmişdim. Mən orda olarkən evi alan digər qadını da gördüm. Həmin vaxt qadın bildi ki, ondan əvvəl həmin ev mənə satılıb”.
İrina Zülfüqarova bildirib ki, binada mənzillərin satılması ilə bağlı qəzetdə elan oxuyub. Onun sözlərinə görə, elanı oxuyandan sonra tikinti aparılan ünvana gedib: “Orada mənə tikinti ilə bağlı olan yeri göstərdilər, mənzil almaq üçün ilkin olaraq 5 min manat ödədim. Mənzilin dəyərində olan yerdə qalan pulu isə hər ay ödəməyə başladım. 2010-cu ilə kimi 18 min 500 manat ödədim. Həmin il aldığım 1 otaqlı evi 2 otaqlı ilə əvəz olunmasını istədim. Mühasibatlıqdan bildirdilər ki, alqı-satqı müqaviləsinə əsasən mənzili dəyişmək mümkün deyil. Bunun üçün 2 ay gedib-gələndən sonra şirkətin təssisçilərindən olan Ələkbər adlı şəxslə rastlaşdım. Bununla bağlı Ələkbərə dedim. Dedi ki, 13-cü mərtəbədə 2 otaqlı evi geri qaytarıblar, həmin evi mənə verə biləcəklərini dedi. Onunla mən də razılaşdın”.
Zərərçəkmiş qeyd edib ki, mənzilin alınması üçün pulları Kazım Kazımova verməyib. Onun sözlərinə görə, mənzilin alınması üçün pulu Etibara verib. Zərərçəkmiş əlavə edib ki, qardaşı da bankdan 10 min manat kredit götürüb və həmin pulu da mənzilin alınması üçün onlara verib. Ümumilikdə 39 min manat ödədiyini deyən zərərçəkmiş əlavə edib ki, pulları geri qaytarılmayıb.
Çingiz İsmayılzadə də təqsirləndirilən şəxslər tərəfindən aldadıldığını deyib. O, əlavə edib ki, pulunu geri almaq üçün şirkətə gedib. Onun sözlərinə görə, Kazım Kazımovun yanında Səyavuş Aslanın oğlu Eldar Aslanı görüb. Zərərçəkmiş Eldar Aslanın da Kazım Kazımovla əlaqəli olmasını bilib. O, daha sonra qeyd edib ki, Eldar Aslanın vasitəsilə verdiyi pulun 20 min manatı geri qaytarılıb. Mənzil alması üçün 27 min 937 manat ödədiyini deyən zərərçəkmiş bildirib ki, vətəndaşların aldadılmasında günahkar Etibar adlı şəxsdir. O, qeyd edib ki, Etibar adlı şəxs pulların yığılmasına fəallıq edib.
Cinayət işində adı zərərçəkmiş qismində tanınmış Zamiq Allahverdiyev bildirib ki, ANT tikinti şirkəti tərəfindən mənzillər təmin edilib. Zərərinin ödənildiyini deyən Zamiq Allahverdiyev əlavə edib ki, təqsirləndirilən şəxslərdən iddia və tələbi yoxdur. Zərərçəkmiş Zeynəb Məmmədova, Kəmalə Dostuyeva, Vadim Zülfüqarov da məhkəmədə ifadə veriblər. Onlarda mənzil alması üçün şirkətə müraciət ediblər. Pullarını ödəsələr də, mənzillərini ala bilməyiblər. Məhkəmə iclası sentyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işində adı hallanan Ələkbər İsayev ANT tikinti şirkətinin rəhbəridir. O, bundan əvvəl Kazım Kazımovla biznes ortağı olub. Kazım Kazımov həbs olunandan sonra özünə ayrı tikinti şirkəti yaradıb. Cinayətdə adı hallanan Etibar Əkbərov “Əsgəroğlu-K” MMC-də direktor müavini olub.
Bundan əvvəl Kazım Kazımovun ittiham olunduğu cinayət işində mühakimə edilib və 7 il şərti cəza alıb.