Muəllif:

Aygün Kazımovanın qardaşının aldatdığı şəxslər danışdı

Xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirli bilinən qardaşı, “Əsgəroğlu-K” MMC-nin direktoru Kazım Kazımov, şirkətin satış meneceri Yaqub Kiyasov və mühasibi Olqa Valentinanın məhkəməsi davam edib. Onlar CM 178.3.2-ci (dələduzluq — külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq — xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinirlər.
Bakı şəhərində tikinti işləri ilə məşğul olan Kazım Kazımov və Yaqub Kiyasov vətəndaşlara bir mənzili bir neçə nəfərə satıblar. Bu cinayət işinə bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə Kazım Kazımov 10 il, Yaqub Kiyasov 9 il, Olqa Valentina 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan sonra təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilib. İstintaqın gedişi zamanı onların yeni cinayət əməlləri üzə çıxıb. Buna görə də cinayət üzrə materiallar yenidən baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Prosesdə Kazım Kazımov tərəfindən aldadılan Elmira Qabulova ifadə verib. O, bildirib ki, evin alınması üçün Kazım Kazımovla həyat yoldaşı Vaqif İsrafilov görüşüb. Onun sözlərinə görə, ev almaq üçün axtarışlar aparıblar: “Axtardıqdan sonra Kazım Kazımovla həyat yoldaşım əlaqə qurub. 1 otaqlı evin alınması üçün 24 min 200 manat ödəyib. Ev mənim adıma alqı-satqı olunub. Neçə il keçməsinə baxmayaraq evi ala bilməmişik. Çünki bizə verilən ev başqa birinə də satılıb. Evin pulunun əvəzinə bizə obyekt verilməsi təklif edilib. Amma həmin obyektlə bağlı da aramızda razılıq olmayıb”.
Raya Bəşirova bildirib ki, 2006-cı ildə “Əsgəroğlu-K” şirkətinin inşa etdiyi binadan 1 otaqlı ev alıb. Onun sözlərinə görə, 2006-cı ildə evin alınması üçün Kazım Kazımovla müqavilə bağlayıb: “Üç il ərzində hər ay 350 manat pul ödəmişəm. Rusiyada yaşadığım üçün 3 il ərzində bina tikilən əraziyə gəlməmişəm. 3 ildən sonra Rusiyadan Bakıya gəldim. Ev tikilən yerə getdim. Orada evin tikilməsini görmədim. Həmin vaxt əsəbləşdim. Kazım Kazımovu orada görməsəm də, orada olanlarla mübahisə etdim. Dedim ki, daha pul ödəyən deyiləm. Yerdə qalan pulları ev tikiləndən sonra ödəyəcəm. Bundan sonra Rusiyaya getdim. Orada olanda mənə zəng gəldi. Zəng edən şəxs Kazım Kazımovun mənimlə görüşmək istədiyini bildirdi. Buna görə Azərbaycana gəldim. Kazım Kazımovla görüşdüm. Kazım pulumun müqabilində mənə obyekt təklif etdi. Onunla razılaşmadım, ev almaq istədiyimi bildirdim”.
Abduləli Hümbətov bildirib ki, ev almaq üçün 32 min 148 manat ödəyib. O, qeyd edib ki, Kazım Kazımov tərəfindən sonradan aldadılıb. İlqar Məmmədovun sözlərinə görə, ev almaq üçün Kazım Kazımova 18 min 440 manat ödəyib: “İndi həmin tikintiyə rəhbərlik edən Əkbər adlı şəxs pulumun hamısını qaytarmır. Deyir ki, puldan 5 min manatı saxlayır. Səbəbini soruşanda bildirir ki, pulu Kazım Kazımova vermisən, həmin pulu da Kazım xərcəlyib, indi sənə cibimdən pul verirəm. Ona görə də pulumu tam qaytarmır”.
Məhkəmə iclası dekabrın 4-də davam etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 262